MƏQALƏLƏR

Qadın və qadınlıq

07 Mart 2018 4635

Hacı Şahin Həsənlinin xanım Fatimə (s) timsalında İslamda və müasir dünyada qadın haqda Qafqazinfo.az saytı üçün yazdığı məqaləni oxucularımıza təqdim edirik:

 

Hər şey “Ol” kəlməsindən başladı. Eşqin ifadəsi olan “Ol” əmrindən....

 

...Dünya qurulaşıb. Bütün elmi-texniki, mədəni, siyasi, iqtisadi, sosial inkişafı ilə bərabər olduqca qurulaşıb. Həyat bütün yeni imkanları ilə bərabər dadını-duzunu itirib, biganələşib. Sivilizasiyamızın gəlib çıxdığı son nəticə budurmu?


İnsan dünyaya gəldiyi ilk gündən təbiətin əsiri deyil, şahı olmaq istəyir. Lakin, təbiəti ram etdikcə özü də təbiiliyini əldən verir, süniləşir. Onun həyatını təmin edən təbiətə bərpaolunmaz ziyan vurur. Qan qardaşlarını zəif olduğu üçün istismar edir. Sayəsində mövcud olduğu insanları köləyə çevirir. Asayiş və sülhü ambisiyaları üzündən hərbə qurban verir. Fərqli düşünəni özünə rəqib bilib ədavətə yol açır. Güzəştə yalnız özündən güclü qarşısında çarəsiz qaldıqda gedir. “Praqmatik” düşüncəsi ilə özünün belə ilahi möcüzə olduğunu unudur. Yaradır, qurur, sonra da içindəki boşluqdan qurtula bilmədiyi üçün dağıdır. Bütün bunları namərdlik, yəni qeyri-kişilik adlandırırıq. Amma... 

 

Hər şey “Ol” kəlməsindən başladı. Eşqin ifadəsi olan “Ol” əmrindən. Allah yaradılışa Öz eşqini ifadə etmək üçün yaranma əmri verdi. Əmr forma, məhəbbət məzmundur yaradılışda. Biri kişi, digəri qadın başlanğıcıdır. Yalnız bu iki başlanğıcın vəhdətindən harmoniya ərsəyə gələ bilər. İki başlanğıcdan biri əksik olarsa, həyat da naqisləşər, balansını itirər. 

 

İnsan ata ilə ananın ittifaqından dünyaya gəlir. Bu iki başlanğıcın tərbiyəsi ilə də formalaşır: ana onu mənəvi, ata isə ictimai varlıq kimi tərbiyə edir. Biri sevməyi, digəri özünü idarə etməyi öyrədir. Daha sonra insan kamilləşmək üçün öz yarına qovuşur. Ər və arvad bir birini tamamlayır, dolğunlaşdırır və bundan sonra yeni həyata başlanğıc verirlər. Ailə iki başlanğıcın birliyindən yaranır. Kişi ailənin cəmiyyətə açıq olan publik siması, qadın isə yalnız ailə üzvlərinə açıq məhrəm simasıdır. Ona görə də insanın ictimai və fərdi həyatları arasında sərhəd məhz ailədir. Ailə dağıldıqda bu sərhəd pozulur: evin içi bayıra, bayır isə evin içinə daşınır. 

 

Cəmiyyət də kişi və qadın başlanğıcından yaranır. Cəmiyyət anaların yoğurduğu, ataların isə forma verdiyi insanların birliyidir. Bu birliyin də möhkəmliyi və faydalılığı üçün qanunlara və mədəniyyətə ehtiyac var. Qanunlar (cəmiyyətin kişi siması) öz sərtliyi ilə nizamı və ədaləti təmin edir. Mədəniyyət (cəmiyyətin qadın siması) qarşılıqlı sevgi və birlik hissi aşılayır. Yaradılışın mahiyyəti məhəbbətdən doğan əmrdirsə, deməli bu əsrlərlə axtarılan həmin universal qayda, xoşbəxtlik iksiridir. İnsan öz yaradılışına uyğun nizamda yaşayarsa ruhu ilə cismi arasında harmoniya yarada bilər. Əgər qadın və kişi başlanğıcları arasında tarazlıq pozularsa, insan zülm içində yaşamağa məhkum olar. 

 

İnsan dünyaya gəldiyi ilk gündən təbiətin əsiri deyil, şahı olmaq istədi. İnsan dünyaya gəldiyi ilk gündən naqislik göstərdi, yalnız kişi kimi davrandı. Kişisayağı “ya əsir ya şah” kimi kəskin seçimi, ağ-qara baxışı yalnız qadınsayağı güzəşt və məhəbbət yumşalda və əlvanlaşdıra bilərdi. İnsan içindəki kişi ilə yanaşı qadını da dinləyə bilsə idi tarix başqa səmtə yönələrdi. İnkişaf təbiiliyə uyğun baş verərdi. Gücləndikcə sevər, sevdikcə güclənərdi. İnkişaf etdikcə səmimiləşər, səmimiləşdikcə inkişaf edərdi. İctimai nizam kişisayağı qətiyyətli əmrlər və qadınsayağı birləşdirici məhəbbət əsasında qurulardı. Lakin, qurduğumuz ictimai nizamları forma etibarı ilə təkmilləşdirsək də, məzmun baxımından islah edə bilməmişik. Ona görə də, gördüyümüz naqisliklər qeyri-kişilik deyil, qeyri-qadınlıqdır. Bütün fərqlilik və çatışmazlıqları ilə ailəni bir ocaq ətrafında yığa biləcək anadan məhrum bəşəriyyət formalaşıb. Buna etiraz olaraq sufrajist və feminist hərəkatlar başladı, qadınlar üçün bərabərhüquqluq tələb edildi. Lakin bu hərəkatların nəticəsi olaraq qadın kişiləşdi. Kişisayağı sistemin məzmunu dəyişməyincə, həmin sistemin istehsal etdiyi şəxsiyyətlər cinsindən asılı olmayaraq kişisayağı olacaqlar.  

 

Qadın ilahi mərhəmətin, kişi ilahi əmrin cilvəsidir. Sevgi əmrin, mərhəmət isə qətiyyətin qaynağı və gizli tərəfidir, əsiri yox. Qadın insanın köksündə qərarlaşmış ilahi ideya, kişi isə həmin ideyanın realizəsidir. Bu qızıl qanunu unutmuşuq deyə bütün sivilizasiyamız maskulin aqressiya, qətiyyət, materializm, şöhrətpərəstlik və süniliklə yoğurulub. Ruhsuzlaşmış dünyanın xilası qadınlığın öz layiqli yerini tutmasından keçir. Qadınlığın kişiləşməsindən, qadının kişisayağı davranışından yox, qadının məhz qadın olmasından. Bunun yolu qadının öz gücünü və üstünlüyünü dərk etməsindən keçir. Qadın əmri hərəkətə gətirən, ona məna verən məhəbbət qüvvəsidir.

 

Təəssüf ki, İslam dünyagörüşündə qadına və qadınlğa ayrılan yer məhz kişisayağı məntiqlə təhlil olunduğu üçün heç zaman düz anlaşılmayıb. Nə müsəlmanlar, nə qeyriləri tərəfindən. Diqqət qadınlarla bağlı qanunlara yönəldikdə, mövzu səthi təhlil edildikdə qarşıya çıxan ilk məsələ kişinin hüquqi baxımdan qadından öndə olmasıdır. Lakin, məsələ də burasındadır ki, qadın ilahi rəhmətə daha yaxın olduğu üçün əmrin fövqündədir. O, kişi qüvvəsidir ki, tənzimlənmək üçün qanun formasına düşmüş məhəbbətə möhtacdır. Qadın qüvvəsi üçün isə qanun işlək deyil. Qadın qüvvəsi qanun qəliblərinə sığmayan, zor və məcburiyyət tanımayan məhəbbətlə tənzimlənə bilər. Qanun-qaydalar zaman və məkanla məhdudlaşan zərurətlərdir, məhəbbət isə həyatın mehvəri. Başqa sözlə, kişisayağı nizam-intizam dar və müvəqqətidir, qadınsayağı məhəbbət isə əhatəli və əbədidir.  Bu qadına verilən azadlıq və üstünlükdür. Qadının məhəbbət və məhrəmlik fəzasından çıxıb sırf hüquqi fəzada qərlaşması qadınlığa qarşı zorakılığı qaçılmaz edir. Çünki o, zor gücü ilə danışa bilmir və zor gücü ilə danışan kişi ilə qarşılaşdıqda əsirə çevirilir. Ya fiziki, ya mənəvi əsirə. Necəki, Qərbdə feminist hərəkatı qadını kişinin fiziki əsarətindən çıxarda bildi, lakin mənəvi əsirinə çevirmək və qadınlıq məzmununu itirmək bahasına. Necəki, İslam tarixdə daha çox döyüşkən ehkamçı mədəniyyəti kimi zühur edib.  

 


Bugünkü bəşəriyyətə qadınlıq nümunəsi lazımdır. Özəl və ictimai həyatında qadınlığı məzmun və formaca yaşadan, naqis kişisayağı düzənə meydan oxuya biləcək qadın nümunəsi. Həzrət Fatimə (s) nümunəsi. O Fatimə ki, əziyyət olunan atasının əlindən tutub ürək-dirək verərdi. Mübahilə hadisəsində olduğu kimi, hər zaman öz əzəməti ilə tərəf müqabillərini qorxuya salardı. Fəqirə verəcək dəyərli bir şey tapmadıqda toy günü gəlinliyini ona hədiyyə edəcək, qapısına gələnləri əli boş qaytarmamaq üçün evindəki son iftar yeməyini verib üç gün ac qalacaq qədər məhəbbət nümayiş etdirərdi. Elm-irfan öyrənmək istəyənlər onun qapısına gələr, onunla həmsöhbət olardı. Zöhd-ibadət dərsi alanlar onu özünə örnək bilərdi. Şerləri və çıxışları elm, fəsahət və bəlağət nümunəsi kimi uşaqlara öyrədilərdi. Yaralılara xidmət etmək üçün qadınlardan ibarət dəstə toplayıb savaş meydanına gedərdi. Peyğəmbər (s) hüzuruna vasitəçilik axtaran, müsəlman dövləti ilə diplomatik münasibətlər qurmaq istəyən ondan yardım diləyərdi. Hüdeybiyyə sülhünü pozan bütpərəstlərin başçısı Əbu Süfyan gərginliyin qarşısını almaq üçün ondan kömək istəmişdi. Şəhidlərin qəbrini ziyarət edər, onlar üçün bir ana tək ağlayar, qəhrəmanlıq ruhiyyəsini diri saxlayardı. Atasının vəfatından sonra müsəlman cəmiyyətini üzləşdiyi təhlükələrdən qorumağa çalışırdı. Fədəkiyyə və digər çıxışlarında siyasi agahlığını göstərər, ictimai-siyasi konsepsiya ortaya qoyardı. Onun islahatçı hərəkatı kişisayağı qətiyyətlə deyil, xanımsayağı ümid və məhəbbətlə yarandı. Məhz onun qurduğu məktəb Kərbəla möcüzəsini ərsəyə gətirdi. Məhz o, bəşəriyyəin arzuladığı qızıl əsrin kişisayağı formasının qadınsayağı məzmunu olacaq. 

 

hacishahin.az