MƏQALƏLƏR

İnsan şad olmaq üçün yaranıb

25 İyun 2018 3423

Hacı Şahin Həsənlinin yaradılışın hədəfi haqda sosial şəbəkələrdə paylaşdığı yazısını oxucularımıza təqdim edirik:

 

İnsan şad olmaq üçün var olub.

 

Feyz mənbəyi olan Allah insanı feyzə çatması, varlığından ləzzət alması üçün yaradıb.

 

Şadlıq və ləzzət insanın ibtidai haqqıdır.

 

Sadəcə bəşəriyyətin bu günkü durumunu müşahidə etdikdə bu qənaətə gəlirik ki, insanlar şadlığı imitasiya etməklə məşğuldurlar. İnsanlara elə gəlir ki, şadlıq və ləzzət içindədirlər.  Faciəlisi də budur ki, yanıldıqlarının fərqində deyillər.

 

Bu, şeytanın ən böyük hiyləsidir. Qurani-kərim şeytanın dilindən nəql edir: "Ləuzəyyinənnə ləhum fil ərz - onlar üçün bəzəyərəm". Yəni "istəklərini səhv istiqamətə yönəldərəm". Allah və şeytan, hər ikisi eyni şeylərə dəvət edir, sadəcə fərqli ünvanlar göstərməklə.

 

İlk dəfə insanı azdırıb qadağan olunmuş ağaca yönəltdikdə şeytan belə dedi: “Sizə əbədiyyət ağacını göstərimmi?” Biz adətən şeytanın insanı günaha dəvət etməsindən danışırıq, amma bunu hansı metodla etdiyinin fərqinə varmırıq. Quran bu hadisədə incə bir məqama toxunur: şeytan insanı aşiqi olduğu əbədiyyətə çağırır. O həmin əbədiyyətdir ki, Allah da ona dəvət edir.

 

İblisin işi səhv istiqamət göstərməkdir. Onun istinad nöqtəsi fitri istəklərdir: ləzzət, rahatlıq, şadlıq, əbədiyyət və s. Bu istəklərə çatmaq insanın təbii arzusudur və buna görə o, nəinki qınanmır, əksinə Allah tərəfindən təşviq edilir. Sadəcə şeytan bu istəklərə yanlış istiqamət göstərir...

 

Qayıdaq şadlıq mövzusuna. Həzrət Əli (ə) mömini tərif edərkən onun halını belə vəsf edir: "Daimən nişatuhu - sevinci daimidir". İnanclı insan sevinci üçün tükənməz bir şadlıq mənbəyi olan Allahı seçib, bu səbəbdən sevinci daimidir. Müvəqqəti varlıqların bəxş etdiyi sevinc də müvəqqətidir və sevinc kəsildikdə mütləq yerini qəm tutur.

 

Allah qəmi insana rəva bilmədiyi üçün, onu özünə bağlayır. Bağlayır ki, şadlığı tükənməsin. Dindar və qeyri-dindarların din barədə düçar olduğu ən böyük səhv, dini sevincin düşməni kimi dəyərləndirmələridir. "Dünyada dərd içində ol ki, Axirətdə şad olasan" məntiqi kökündən yanlışdır. Dünyada şad olmayan axirətdə xöşbəxt ola bilməz.

 

Təəssüf ki, bəzi dindarların davranışında sevincə qarşı gizli bir qısqanclıq hiss olunur. Şad adam görən kimi onu ittiham edən, qəlbinin dərinliyində ona qarşı paxıllıq hissi keçirən dindarlarla tez-tez rastlaşırıq. Aqressivlik və təkfirçilik bu yanaşmanın nəticəsidir.

 

Halbuki, biz şad insan gördükdə ilk olaraq məmnunluq hissi keçirməliyik. Narahatlığımız isə yalnız insanların günah vasitəsi ilə ləzzət aldıqlarına görə olmalıdır. Biz şadlığın özünə yox, onun qaynağına müxalif ola bilərik.

 

Deyilənə görə, bir gün bir arif tələbələri ilə dəniz kənarına istirahətə gedir. Kənarda bir qrup gəncin içki içərək şənləndiyini görən tələbələr arifə müraciət edərək deyirlər: "Ağa, onlara fəsad məclisi qurduqlarına görə bəd dua edin". Arif isə əlini qaldıraraq gözlənilməz bir dua edir: "İlahi, bu dünyada şad olduqları kimi, onları axirətdə də sevindir". Duanın mənası bu olur ki, onları hidayət etməklə axirətdə də şad et. Yəni din şadlığı lənətləmir. Sevincin yeganə tərəfdarı elə məhz dindir. Sadəcə sevincin ünvanının doğru seçilməsi vacibdir.

 

Haşiyə olaraq bunu da qeyd edim ki, eyni yanaşma bəzi inanclı insanların qüdrətə münasibətində də özünü göstərir. Bəzi dindarlar qüdrətin özünə müxalifdirlər, hansısa qüdrət sahibinə yox. Bu günkü qüdrət sahiblərinə qarşı hansı məntiqlə çıxırlarsa, ilahi övliyaların, tutaq ki, həzrət Mehdinin (ə) hakimiyyətinə qarşı da eyni məntiqlə çıxacaqlar. Bu müxalifətçiliyin qaynağında gizli həsəd dayanır. Bu insanlar imamları da ancaq məzlum olduqları zaman sevirlər: yəni, "səni tikə-tikə doğrasınlar sənə ağlayım, amma qüdrət taxtına çıxsan ilk olaraq özüm sənə qarşı silah qaldıracağam". Tarixin zübeyrləri həzrət Əliyə (ə) zülm olunanda yanında idilər, qüdrətə yiyələndiyi zaman isə amansız düşməninə çevrildilər.

 

Bir əxlaq ustadının dediyi kimi, sol ideyalar bəzən insanların paxıllıq hissindən qaynaqlanır. Sosial ədalət şüarı bəzən sərvətlilərə qarşı qıcıqdan yaranır. Halbuki, müxaliflik ilk növbədə eşq və mərhəmətdən qaynaqlanmalıdır.

 

Bəli, insan şad olmaq üçün yaranıb. Bu sevincə qovuşmağın yeganə yolu eqodan azad olmaq, təkəbbür bütünü qırmaqdır. Belə olarsa, insan güləndə də, ağlayanda da sevinc içində olur. Amma "mən"dən qaynaqlanan gülüş də, göz yaşı da dərd və qüssədən başqa bir şey deyil.

 

Uzun müddətdir ki, məni düşündürən mövzunu sadə, hamının anlayacağı dildə çatdırmağa çalışdım. Uzun və yorucu oldusa, üzr istəyirəm.

 

hacishahin.az