2015-ci ildə Ağa Mehdiyevin təşəbbüsü ilə xaricdə təhsil alan bir sıra tələbələrimiz dünyanın 50-ə yaxın universitetində bir layihə reallaşdırdı. Layihəyə əsasən, müxtəlif elm mərkəzlərində xanımlara gül və məktublar verildi. Gənclərimiz istəyirdilər ki, məktubda həzrət Məryəm və həzrət Zəhranın simasında qadınlıq mövzusu işıqlandırılsın. Onlar Hacı Şahin Həsənliyə müraciət etdilər və ilahiyyatçı onlar üçün maraqlı bir məqalə yazdı. Və onun yazmış olduğu mətn müxtəlif dillərə tərcümə olunub, dünyada universitetlərə yayılmış oldu. Bu gün oxucularımıza həmin mətni təqdim edirik:
Qadın... Bu sözdə nə qədər məhəbbət və gözəllik var... Eyni zamanda bu sözdə nə qədər məzlumluq gizlənir. İnsana həyat verən, sevib və sevilməyi öyrədən, fədakarlıq rəmzinə çevirilən qadın daim aşağılanmış, kiçildilmiş, məhrumiyyətlərlə üzləşmişdir. Qədimdə, cəhalət dövrlərində qadın kişinin nökəri, malı-mülkü hesab olunardı. Qullar ağalarına üsyana qalxdılar, inqilablar baş verdi, düzənlər dəyişdi, elm tərəqqi etdi, xalq hakimiyyəti quruldu, lakin... Lakin qadın yenə də natamam insan olaraq qaldı. Özünü təsdiqləmək üçün qadın kişiyə bənzəməyə məcbur qaldı. Ona deyildi ki, qadın zərifliyi, məhəbbəti, fədakarlığı, bir sözlə qadınlığı - zəiflikdir və əgər o ayaqda durmaq istəyirsə kişiyə bənzəməlidir. Qadın öz təbiətindən ayrılmaq məcburiyyətində qaldı. Yenə də qadın özü ola bilmədi... Getdikcə müqəddəs duyğularını belə ticarət obyektinə çevirənlər qadını da bir alış-veriş alətinə çevirdi. Qadın öz ruhu ilə deyil, bədəni ilə özünü təsdiqləmək məcburiyyətində qaldı. Səsi eşidilsin deyə özünü bəzəməklə, bədəninin gözəlliklərini nümayiş etdirməklə patriarxal cəmiyyətə çıxış əldə etməyə çalışdı. Nəticədə, qadın yenə də qul oldu – kişinin ehtirasını ödəyən, kişinin dekorasiyası rolunu ifa edən qul. Bəşəriyyət öz tərəqqisi ilə nə qədər öyünsə də, yenə də qədim cahillik dövründə olduğu kimi, patriarxal olaraq qalır. Müasir cəmiyyətdə belə qadın özü ola bilmir.
Lakin, cəhalətin tüğyan etdiyi qədim dövrlərdə Allah qadınlar arasından elə bir nümunə seçirdi ki, tarixin bütün dönəmlərində məzlum qadınlar onlardan ilhamlanıb öz layiqli yerlərini tuta bilsinlər. Onlardan biri Məryəm, digəri Fatimədir. Bu qadınlar fərqli zamanlarda, fərqli məkanlarda, fərqli mədəniyyətlərdə yaşasalar da, onları birləşdirən bir amil var idi – həqiqi qadınlıq. Sanki Allah onların doğulmasında da bir rəmzi məna gizlətdi - onların dünyaya gəlmələri cəmiyyətin etirazı ilə qarşılandı.
İlahi peyğəmbərlər xəbər verərdi ki, İmran (İoahim) və Hənna (Anna) dünyaya bir xilaskar gətiriləcəklər. Lakin, uzun illərdən sonra onların Məryəm adlı bir qızı oldu. Bu qızcığaz dünyaya gələn kimi, onun valideyinlərinə və Allahın peyğəmbərlərinə tənə vurdular: “Heç qızdan da xilaskar olar?” Lakin bu qız elə gənc yaşında ikən Allahın vədinin düz olduğunu sübut elədi. Məryəm zəmanəsinin ən qüdrətli dövləti və gücü olan Roma imperiyası və konservativ yəhudi cəmiyyəti ilə üz-üzüə gəldi. Onun inancı, etiqadı, missiyası nə qüdrətli romalıların siyasi maraqlarına uyğun idi, nə də mühafizəkar yəhudilərin dini baxışlarına. Gənc bir qız ikən Allah onu zamanın qüdrətlərinə meydan oxumaqla görəvləndirdi. Qadının varlığı belə hiss olunmayan cəmiyyətdə, Məryəm öz varlığı ilə üsyan etdi. O, nə kişilərə bənzədi, nə də qul oldu. Məryəm sadəcə qadın oldu.
Məryəmdən altı əsr sonra Ərəbistan səhraığında Fatimə dünyaya gəldi. Bu qızın dünyaya gəlməsi ilə atası Məhəmməd peyğəmbəri ərəblər sonsuz adlandırırdı. Çünki, onun oğulları uşaq ikən dünyasını dəyişmiş, qız isə övlad sayılmırdı. Ərəblərin bu tənəsinə cavab olaraq Allahdan vəhy nazil oldu: “Sonsuz onlar özləridir, Sənə verilən qız isə tükənməz bir nemətdir, ona görə də Allaha şükr et!” Bu qızcığaz uşaq ikən atası, anası və bir dəstə müsəlmanla birlikdə təqiblərə məruz qaldı. Atasına vurulan tənələri, edilən zülmləri gözü ilə görürdü. İki il davam edən mühasirə nəticəsində anasının aclıqdan əldən düşüb vəfat etməsini gördü. Müşriklərin qılıncından canını qurtarmaq üçün doğma şəhərini tərk etməli oldu. Müharibələr, xəyanətlər, təqiblər dolu həyat sürən Fatimə də nə qul oldu, nə də kişilərə bənzədi. O sadcə qadın oldu.
Qadın olmaq çox çətin idi. Çünki, azad olan və kişiyə bənəzəməyən qadın dünyanın düzəninə meydan oxuyurdu. Məryəm də, Fatimə də ailənin sevimli qızları, valideyinlərin dayağı və dəstəyi idi. Onlar İsa və Hüseyn kimi insanlıq aşiqlərini dünyaya gətirib tərbiyə etdilər. Dünyanı islah edən kişilərin yanında onlar da oldular. Çünki kişinin mübarizəsi, qadının mübarizəsi olmadan natamam olardı. Çünki, qadın və kişi bir birini tamamlayan iki məfhumdur, onlardan biri itdikdə, digəri natamam olur. Kişi sayağı ədalət və azadlıq tələbi yanında, Məryəmlə Fatimənin qadınsayağı mübarizəsi dururdu.
Onlar bütün amansızlıqlara rəğmən insanlığa qarşı məhəbbətlərini itirmədilər, əksinə amansız dünyaya öz məhəbbətləri ilə savaş elan etdilər.
Qadının cinsi əyləncə vasitəsi olduğu dönəmdə onlar öz iffətləri ilə dünyaya savaş elan etdilər.
Qadın şəxsiyyətsiz qul olduğu dönəmdə onlar şəxsiyyət olmaqla dünaya savaş elan etdilər.
Sanki, onlar bu gün yaşayıblarmış. Bu günün qadını Məryəm və Fatimə kimi olmağa necə də möhtacdır! Nə qul olmaq, nə kişiyə bənzəmək, sadəcə qadın olmaq üçün.
hacishahin.az