İlahiyyatçı Hacı Şahin Həsənlinin faktxeber.com saytında Ramazan ayı ilə bağlı dərc olunan məqaləsini oxucularımıza təqdim edirik:
“Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirəti ilə sizə doğru gəlir. Bu ay Allah yanında ən əzəmətli ay, onun günləri ən yaxşı günlər, gecələri ən üstün gecələr, saatları isə ən dəyərli saatlardır. Bu ayda hamınız Allahın ziyafətinə dəvətlisiz, hamınıza Allahın kəraməti şamil olunacaq".
Peyğəmbərimizin (s) məşhur “Şabaniyyə” xütbəsində söylədiyi bu sözlər Ramazan ayının ən gözəl vəsflərindəndir. Həqiqətən də peyğəmbəranə bir vəsfdir. Nə mürəkkəb fəlsəfə, nə dolaşıq ifadələr, sadəcə insan qəlbi ilə səsləşən sadə, lakin olduqca mühüm mesajlar.
Peyğəmbərimiz (s) müraciətini insanlığa edir, yalnız müsəlmanlara yox. Deməli, Ramazan ayı sırf dini ritual üçün nəzərdə tutulmuş bir ay deyil. Bu, insan vücudu ilə əlaqəli bir hadisədir. Dini, milli, sosial və digər mənsubiyyətlərin fövqündə duran bir hadisə. Necə bir hadisə? Peyğəmbər (s) açıqlayır: hər bir işin effektivliyini qat-qat artıran (bərəkət), sevgi və mehribanlığı yayan (rəhmət) və qorxunu aradan aparan (məğfirət) bir hadisə. İnsanın arzuladığı, daha doğrusu ehtiyac duyduğu ən mühüm amillər bu bir hadisədə cəmləşib. Ömrü uzun və dolğun edən onun müddəti deyil, məhz bərəkətidir. Özünü rəhmət içində hiss etmək - həyata pozitiv baxışın, daimi sevincin qarantıdır. Məğfirət isə, səhvdən qorxmamaq, yalnız irəli getmək deməkdir. Bu hadisənin adını yalnız və yalnız Allahın ziyafəti adlandırmaq olardı ki, adlandırıldı da. Yaradılışın özü kimi öz kəraməti ilə hər kəsi əhatə edən Allah ziyafəti.
İndi anlamaq olar, nə üçün Qədr gecələri bu ayda qərarlaşıb. Qədr gecəsi, həm də qüdrət gecəsi deməkdir. İnsanın qüdrət gecəsi! İnsan Allahdan eşq naməsi - Quran alacaq qədər qüdrətlidir. Bütün yaradılışın müqəddəratını dəyişəcək qədər güclüdür. Bu qüdrətin zövqüdür Qədr gecəsində yuxunu ərşə çəkən, gözləri yaşardan, əlləri göyə qaldıran, alınları səcdəyə aparan.
İnsan zehnində ara-sıra belə bir sual yaranır: insan qüdrətini əməli baxımdan ən gözəl nə ifadə edə bilərdi? Öz gücünü anlamaq üçün insan hansı bir əməl düşünə bilərdi? Təbii ki, oruc. Axı o, özünə və dünyaya hakim olduğunu başqa necə hiss edə bilərdi ki? Ramazan ayının haqqını ödəmək üçün bundan gözəl bir ibadət ola bilməzdi. Oruc - insanlığın qüdrət təntənəsidir.
Allaha təzim belə bir varlıq sayəsində dəyər əldə edir. Allahın əzəmətini yalnız qüdrət sahibi anlaya bilər. Odur ki, Ramazan ayının duasında oxuyuruq: "Ey Uca, ey Əzəmətli, Ey Bağışlayan, ey Mərhəmətli! Sən misli olmayan, eşidən və görən əzəmətli Rəbbsən". Yəni yalnız Sənin böyüklüyün qarşısında kiçilə bilərəm, yalnız Sənin dəstəyinlə güclənə bilərəm, yalnız Sənin sevginlə doya bilərəm.
Bu hisslərə müasir insan necə də ehtiyaclıdır! Qüdrəti də, güvəni də, sevgini də yad qapılarda axtararaq özünü itirmiş, amma xoşbəxt həyatdan ümidini kəsməmiş müasir insan. Bəli, biz bu gün göylərə hakim kəsilirik, yeni cihazlar icad edirik, dünyanın sirlərini kəşf edirik. Amma hələ də özümüzü nə tanıya, nə də ələ ala bilirik. Ramazan ayı isə, bu vücudi tələbatımıza qarşılıq vermək üçün hər il bizə tərəf gəlir. Yorulmadan, məyus olmadan öz bərəkət, rəhmət və məğfirəti ilə qapımıza gəlir.
faktxeber.az