MƏQALƏLƏR

Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!

02 Oktyabr 2019 1788

İlahiyyatçı Hacı Şahin Həsənli dinin praktiki tətbiqi və bu istiqamətdə edilən səhv yanaşmalarla bağlı məqalə yazıb. Məqaləni oxucularımıza təqdim edirik:



Realizm, praqmatizm kimi anlayışların dinlə uzlaşmadığını düşünənlər kökündən yanılırlar. Bu yanlış düşüncənin formalaşmasında inanclıların da rolu az deyil. Din, mücərrəd dəyərlər məcmüəsi müstəvisindən praktiki müstəviyə keçməlidir. Bununla biz dəyərləri inkar etmirik, əksinə onların mənimsənilməsinə yardım göstəririk. Düşünürəm ki, günümüzdə ən önəmli mövzulardan biridir. Dinin əsas davası reallıq hissinin itirilməsinin qarşısını almaqdan ibarətdir.



Peyğəmbərimizin (s) məşhur duasında deyildiyi kimi: “Allahım, hər şeyi mənə olduğu kimi göstər”.



Amma din adamı reallıq hissini itirmiş, konspiroloji nəzəriyyələrə maraq göstərən, heç kimə lazım olmayan “dəyərlərə” yorucu şəkildə insanları dəvət edən, həmişə hər şeydən narazı olan, deyingən bir varlıq stereotipinə çevrilib. Olduqca təhlükəli bir tendensiyadır.

 


Tarixin gedişatı göstərir ki, din böyükləri ən böyük praqmatiklər olublar. Günümüzdə də din öz praktiki önəmini göstərməlidir. İnsanlar nəsihətdən, dindarların əxlaq polisi funksiyasını yerinə yetirməsindən yorulub. Bir daha vurğulayıram əxlaqın da, mənəviyyatın da cəzbedici olmasının yeganə yolu, bunların praktiki əhəmiyyətinin çatdırılmasındadır.



Hər şeyi inkar etməklə kifayətlənməyib, örnək təqdim etmək zamanıdır. Dinin cazibəsi təkcə nəzəriyyəsinin gücündə deyil, uğurlu, pozitiv, hadisələri düzgün qiymətləndirməyi bacaran insanların sayının inanclılar arasında artmasındadır. Din uğursuz, biçarə insanların sığındığı bir çətir deyil, insanlara güc, qüdrət, hərtərəfli uğur gətirən bir enerji mənbəyidir.



Heç kimə imkan verilməməlidir ki, din vasitəsilə öz bacarıqsızlıq və mədəniyyətsizliyini kompensasiya etsin. İnsanın imanının meyarı onun nizam-intizamı, dürüstlüyü, intellekti, mədəniyyəti və real uğur göstəriciləridir.



Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!

 

 


hacishahin.az