MƏQALƏLƏR

Bu Ramazanın sirri

24 Aprel 2020 894

Hacı Şahin Həsənlinin mübarək Ramazan ayı ilə bağlı APA-Bloqda dərc olunan məqaləsini sizə təqdim edirik: 

 

Hər zaman Ramazan ayı öz mənəvi yükü ilə rutin həyatımıza daxil olaraq, bizi bir qədər gündəlik qayğılardan ayırardı. Bu dəfə isə, o, qapımızı səszicə döyəcək, deyəsən: artıq bir aydır ki, dünyada həyat qaynamır. Qasırğadan əvvəlki susqunluqdur sanki.

 

Ramazan ayı bəlkə də ona ən çox ehtiyaclı olduğumuz bir zamanda bizə tərəf gəlir. Yaşlı nəslin çoxdan unutduğu, gənc nəslin isə heç zaman görmədiyi bir aram dövr yaşayırıq. Bəli, keçmişdə hadisələr daha çox, daha səsli olardı: müharibələr, inqilablar, ixtiralar, kəşflər... Amma bununla belə insan həyatı aram idi. Çünki ehtiyaclar az idi. Zamanla ətraf aləmdə hadisələrin səs-küyü azaldı, amma daxili aramsızlıq çoxaldı. Elmi-texniki sıçrayış ehtiyaclarımızı artırdı, xoşbəxt olmaq üçün növbənöv nemətlərə yiyələnməyi təklif etdi. Həyatımız böyük bir bazarda alış-verişə bənzəməyə başladı. Bazarın isə, öz qanunu var. O, istəkləri çoxaldır, imkanı isə azaldır; maddiyyatı qabardır, mənəviyyatı isə unutdurur; xəyalları gücləndirir, reallıq hissini isə əldən alır. Hər şey də buna xidmət edir - musiqi müşaiyəti, düzülüş qaydası, reklam tərtibi, dizayn və s. Beləcə, gözümüz orda-burda qala-qala, imkanımız tükənə-tükənə, özümüzü unuda-unuda həyat ötüb keçir. Sonda da gerçəkləşməmiş arzuların acısı ilə həyatla vidalaşmalı oluruq.

 

İnsan həyatı sevmədiyindən sevdiyinə doğru bir hərəkətdir. Eynilə tarixi proses kimi. İlk gündən insan köləlikdən azadlığa, zülmdən ədalətə tərəf qaçır. Bəs nə üçün əsrlər ötsə də öz hədəfinə çatmır? Müasir sivilizasiyamız öz bənzərsiz nəaliyyətləri ilə belə bizi nə azadlığa, nə ədalətə çatdıra bilib. Düzdür, bizə təlqin olunur ki, yer üzündə artıq cənnət qurulub. İnsanların fikirlərini azad ifadə etdiyi, yüksək sosial təminat içində yaşadığı, heç bir önyarğının qurbanı olmadığlı ölkələr varmış. Nə istəsən edə bilərsən, təki başqasına mane olma. Bəziləri etiraz edir ki, bu azadlıq və ədalət həqiqi deyil, çünki başqa ölkələrin istismarı, başqa xalqın məhrumiyyəti üzərində qurulub. Bu sözdə həqiqət var, lakin sual bundadır ki, həqiqətənmi bizə örnək olaraq göstərilən azadlıq azadlıqdır, ədalət isə ədalət? Sosializmin ən kəskin tənqidçilərindən, liberalizmin ən cəsarətli müdafiəçilərindən biri olan Fridrix fon Hayek yazırdı ki, sosialistlər köləlikdə, liberallar isə azadlıqda bərabərlik təklif edirlər. Sosial məfkurənin aparıcı simalaından olan Karl Polanyi isə, liberalların mədh etdiyi iqtisadi azadlığın siyasi azadlıq qarşısında sədd və ədalətsizliyin əsas səbəbi kimi görürdü. XX əsrdə siyasi düzənlərin formalaşmasında mühüm rol oynayan bu opponentləri birləşdirən mühüm bir məqam var. Onlar hər ikisi azadlığı da, ədaləti də iqtisadiyyat çərçivəsinə salırdılar. Yenə də bazar məntiqi. Nəticə etibarı ilə, bu cəbhələrin ikisi də insana eyni həyat fəlsəfəsi təqdim edirdi və etməkdədir. Bu fəlsəfə bizi o qədər ovsunlayıb ki, artıq sadə həqiqətlər haqda da düşünəndə bir marketoloq məntiqini işə salırıq. Nə həqiqət qalıb, nə yalan. Nə yaxşı qalıb, nə pis. Hər şeyə şəxsi mənfəət-ziyan müstəvisindən baxırıq. Hər şeyi almaq istəyirik, paylaşmadan, bölüşmədən. Alınması mümkün olmayan bir şey gözümüzdə dəyərini itirdi, hətta ən dəyərli və ən müqəddəs hisslər belə. Bu tərz-təfəkkürün əsiri hər kəsdir - alim də, cahil də, sənətçi də, tacir də, ziyalı da, fəhlə də, zəngin də, fəqir də. Zəifliyimizi nəinki etiraf edə, heç görə də bilmirik. Bu həyat bizi o qədər qane edir ki, narahedici hadisələri izah etmək üçün konspiroloji fərziyələr, mistik düşmənlər uydururuq. Nə olursa olsun, bircə alternativ haqda düşünməyək. Amma həyat onu layiqincə dəyərləndirməyənlərdən intiqam alır - illüzor dünyamız bir virusla sarsıldı. Bazardan evlərimizə çəkildik. Nə edəcəyimizi də bilmirik. Elə bu andaca qapımızı Ramazan ayı döydü.

 

Ramazan ayı könüllü məhrumiyyət ayıdır. Onun mənəvi fəzasının sirri də bundadır. Xoşbəxt olmaq üçün ehtiyaclarımızın azlığını başa düşməli və reallıq hissini özümüzə qaytarmalıyıq. Ayağımızın altında möhkəm zəmin, önümüzdə işıq görmək üçün diqqətimizi cəm edib təmərküzləşməliyik. Böyük və canlı vəhdətin bir hissəsi olduğumuzu hiss etmək üçün başqalarının acısına və sevincinə şərik olmalıyıq. Bütün bunlar yalnız könüllü məhrumiyyətlə, yəni orucla əldə oluna bilər.

 

Ötən əsrdə Berdyayev yazırdı: "Şərq Qərbdən daha kosmikdir, Qərb isə daha insanidir. Qərbin gücü və əhəmiyyəti bu insanilikdədir, amma elə məhdudluğu da". Hələ yüz il öncə bəşəriyyətin yarısı özünü böyük bir vəhdətin parçası (kosmik) sayırdı. İndi isə, əksəriyyət özünü çoxluğun müstəqil bir ünsürü (insani) kimi dərk edir. Hələ yüz il öncə bəşəriyyətin yarısı dünyanı özü ilə məhdudlaşdırmır, qarşısında sonsuz imkanlar üfüqü görürdü. İndi isə, əksəriyyət öz dünyasından kənara çıxa bilmir. Ona görə də dünyamız hər cəhətdən məhdudlaşıb, daralıb, sıxıcı olub.

 

Peyğəmbərimiz (s) "oruc - cəhənnəm odu qarşısında bir sipərdir" buyurub. Bu hədisinin Axirət müstəvisində oxunuşu ilə yanaşı, dünyəvi müstəvidə də oxunuşu var. Xoşbəxt və dolğun yaşaya bilmədiyimiz həyat cəhənnəmdir bizim üçün. Məhdud imkanlarla sonsuz arzular arasında parçalanmaq, gerçəkləşməmiş arzuların acısını duymaq, özünü başqaları ilə müqayisə edərək yaşamaqdır cəhənnəm odu. Bu oddan qorunmaq üçün özümüzə "dur!" deməyi bacarmalıyıq. Bir sözlə imkanlarımızı genişləndirmək, ekzistensional ehtiyaclarımızı qarşılamaq və özümüz olmaq üçün məhrumiyyətlə üzləşməliyik. Bu səbəbdən oruc maddi dünyanın da cəhənnəmi qarşısında bir sipərdir.

 

Beləliklə, ona ən çox ehtiyac duyduğumuz zaman Ramazan ayı bizə tərəf gəldi. Özümüzü itirdiyimiz bir vaxt özümüzə hakim olmağı öyrətmək üçün.

 

 

hacishahin.az