MƏQALƏLƏR

“O, həmişə bizimlə qalacaq...”

31 Avqust 2020 1691

İlahiyyatçı Hacı Şahin Həsənlinin Aşura ilə bağlı lent.az saytı üçün yazdığı məqaləni oxucularımıza təqdim edirik:


Artıq iki əsrdən çoxdur ki, qədim əsatirlər haqda elmi çevrələrdə çoxsaylı mübahisələr aparılır. Bəziləri hesab edir ki, bu əsatirlər hansısa tarixi hadisələrin zamanla təhrif edilmiş, müqəddəsləşdirilmiş versiyasıdır. Bəzilərinə görə, bunlar sadəcə xalq yaradıcılığının məhsuludur. Amma əsatirlərin necə yaranmasından daha mühüm olan, onların insan fitrətindəki qaynağıdır. Miflərdəki hadisələr real da ola bilər, uydurma da. Əsas olan bu hadisələrdə kodlaşdırılmış, dəyişilməz həqiqətləri yaşadan hikmət və arxetiplərdir. Eyni zamanda hər xalqın davranışı, seçimi və inkişaf yolu həmin kodlarla müəyyən oluna bilər.

 

Renessansdan sonra Qərbi Avropa dünya sivilizasiyasının periferiyasından mərkəzinə doğru hərəkət etməyə başladı. Müsəlman dünyasında isə bunun əksi baş verdi. Bunun başlıca səbəbi, Avropada mif yaradıcılığının güclənməsi, müsəlman dünyasında isə heçə enməsi oldu. Hələ XIX əsrdə Tomas Karleyl bir britaniyalı olaraq sual verirdi: Britaniya üçün Hindistan daha mühümdür ya Şekspir? Cavabında isə deyir: Hindistan bir zaman əlimizdən gedəcək, amma Şekspir həmişə bizimlə qalacaq. Çünki Şekspir Britaniya üçün sadəcə bir şair deyildi, o Britaniyanın keçmişinə, qəhrəmanlarına, arxetiplərinə yeni nəfəs verən mif yaradıcısı, anqlosakson dünyasının mədəni alt qatını əbədiləşdirən şəxs idi. Avropa kilsəni siyasətdən, sonra isə məişətdən ayırmağa çalışdı, lakin bununla belə antik və xristian arxetiplərinin formalaşdırdığı çərçivələrdən çıxa bilmədi. Valjanların, qavroşların, kozettaların inqilabları spontan yaranmamışdı, bu qədim əsatirlərdə tanrılarına üsyan edən bir səfilin Olimp dağına yüksəlmə hadisələrinin təkrarlanması idi. Napoleonun fəthləri, Hitelrin irqçiliyi, Qandinin vətəndaş itaətsizliyi, Soyuq savaş və digər tarixi hadisələr də xalqların əvvəlcədən tanış olduğu, doğma bildiyi obrazların təkrarlanması ilə meydana gəlirdi.

 

Aşura - bizim milli mədəniyyətimizin alt qatına oturuşmuş, qəhrəman obrazları canlandıran danılmaz tarixi hadisələrdən biridir. Bu hadisənin özəlliyi ondadır ki, Aşura tarixin, Kərbəla isə coğrafiyanın sərhədlərini aşaraq, insanlığın zirvəsi haqda bütün gözlənti və ümidləri özündə cəmləşdirə bilib. Bu hadisədə mədəni özəlliklər, bütün sosial kimliklər itib, arxetiplər real obrazlarda xalis şəkildə əks olunub. Bu hadisənin yaratdığı mədəni alt-qat universaldır, anlaşılandır, dərin məzmunludur. İnformasiya dönəmində isə bu, olduqca mühüm bir güc mənbəyidir.

 

Burada bir neçə müqayisə aparmaq istərdim. Qədim mifologiyalarda adətən qadın və kişi başlanğıcı arasında mübarizə vəsf olunur. Göyləri, işığı tərənnüm edən kişi qəhrəmanın qarşısında maddiyyatı, zülməti tərənnüm edən qadın antipodu çıxış edir. Qadın və kişi timsalında bu qütbləşmə bu gün də ayaqda qalıb. Yalnız ədəbiyyat və kinematoqrafiyanın deyil, eyni zamanda siyasi ideologiyalar və fəlsəfi nəzəriyyələrin də əsasında. Bu səbəbdəndir ki, müasir insan özünü daim radikal seçim, Hamletin “olum, ya ölüm” yolayrıcısı qarşısında hiss edir, dünyanı ağ-qara rəngdə görür. Radikallıq müasir mədəniyyətin mahiyyətini təşkil edir. Aşura fenomeninin yaratdığı dünyagörüşdə isə bu radikallıq yoxdur, çünki burada qadın və kişi antipod deyil, bir-birini tamamlayan obrazlardır. İmam Hüseyn və Həzrət Zeynəb, şəhid kişilər və əsir qadınlar çiyin-çiyinə Kərbəla hadisəsini yaradır.

 

Müasir mədəniyyətlə bəzi qəhrəmanlıq mifləri arasında bir bağ da var: xədimlik vasitəsilə insan şəxsiyyətinin frustrasiyası. Sakral bilgilərə, yəni sonsuz gücə yiyələnmək üçün bir çox kahinlər də bu əməliyyata gedir və qadın geyiminə bənzər gen don geyinərdilər. Bəzi xalqlarda bu ənənə aclıqla, qəbirdə qalmaqla, inzivaya çəkilməklə və s. psixikaya ciddi təsir edən vasitələrlə həyata keçirilirdi. Bu dünyagörüşü müasir fəlsəfi dilə çevirən Levi-Stross bəşəriyyətin azadlıq yolunu belə ifadə edirdi: “İnsanilikdən qeyri-insaniliyə transformasiya baş verməlidir”. Lakin Kərbəla insan şəxsiyyətinin əhəmiyyəti üzərində dayanan bir hadisə idi. Məhərrəm ayının əvvəllərindən onuncu gününə kimi Kərbəla səhrasında, İmam Hüseyn xeyməgahında kiçik də olsa, alternativ bir düzən formalaşır. 72 nəfər 30 minlik qoşunla üz-üzə durur, İmam Hüseyn də öz tərəfdarlarının üzərindən biətini götürür və onu tək qoymaqlarını xahiş edir. Amma onlar qalırlar, yəni Kərbəla düzəni nə maddi mənfəət, nə də inancdan yaranan qorxu üzərində formalaşmır. Bu, azad və müstəqil insanların qurduğu cəmiyyət idi. Siyasi realizmin “sülh savaşın kölgəsindədir” prinsipinin əksinə olaraq, Kərbəlada savaş sülhün, dağıdıcılıq yaradıcılığın, ölüm həyatın kölgəsində qaldı.

 

Məhərrəm əzadarlığı bu amalların yaşamasını təmin edir. Qədim mifologiyadan fərqli olaraq, bu hadisə sırf ədəbi kontekstdə yaşamadı, hər il kütləvi şəkildə yad olunmaqla canlı qalır və qalacaq. Əzadarlıq iştirakçıları Kərbəlanı bir ənənə kimi yaşatmır, hadisənin iştirakçısına çevirlir. “Keçmişi olmayanın gələcəyi də yoxdur” deyiminin həqiqəti ondan ibarətdir ki, hər bir insan və cəmiyyət özünü zamanın fövqündə görməyə çalışır, bunun üçün də keçmişin qəhrəman obrazları ilə özünü identifikasiya etməyə və gələcək taleyi ilə bağlı təsəvvürlər yaratmağa çalışır. Beləliklə də, mədəniyyətin mifoloji qatı cəmiyyət üçün qəlib rolu oynayır və insanlara davranış modelləri təqdim edir. Hətta Snayderin təbiri ilə desək, strateji mədəniyyət də bu amillərdən asılıdır. İnsan böyük və sonsuz dünyanı öz təsəvvürünə sığışdırmaq, fərdi və sosial həyatını uzlaşdırmaq, habelə hissləri ilə ağlı arasında harmoniya yaratmaq üçün bu obrazlara ehtiyac duyur. Digər cəhətdən yaşadığımız informasiya dönəmində xalqların qüdrəti daha məzmunlu, tutarlı və mənalı məlumat yaratmaq istedadı ilə müəyyənləşir. Belə demək olarsa, müasir dövrün münaqişələri kimin daha uğurlu arxetiplər təqdim edəcəyi uğrunda aparılır. Ona görə də, istənilən ölkədə istənilən sahə ilə bağlı hər hansı bir konsepsiya hazırlanırsa, milli mədəniyyətin alt qatı mütləq nəzərə alınmalıdır. Əks təqdirdə, ən xoşməramlı addımlar belə nəticəsiz qalacaq, hətta gözlənti ilə reallıq arasında uçurum yaratdığı üçün destruktiv əks təsir buraxacaq. Bu gün biz Karlaylın verdiyi ritorik suala bənzər bir seçim qarşısında durmuşuq: Qərb dəyərləri, ya Aşura? Bu iki seçimdən heç biri bizim dünyaya inteqrasiyamızı əngəlləmir, doğru hesab etdiyimiz şeçim isə bu inteqrasiya prosesinin xeyrimizə olmasını təmin edir. Qərbin hegemonluğu, onunla da birgə liberal dəyərlərin təsiri zaman məsələsidir, lakin Aşura həmişə bizim olacaq və bizimlə qalacaq.

 

hacishahin.az