MƏQALƏLƏR

Peyğəmbərə (s) hədiyyə

05 Noyabr 2020 1228

Hacı Şahin Həsənlinin baku.ws saytına Peyğəmbərimizin (s) mövludu ilə bağlı yazdığı məqaləni oxucularımıza təqdim edirik:

 

Bu günlərdə İslam dünyası sonuncu peyğəmbər həzrət Məhəmmədin (s) mövludunu qeyd edir. Lakin bu il mövludu peyğəmbərimizə qarşı həqarət, müsəlmanlara qarşı təcavüz şəraitində qarşıladıq. Sanki dünya yenidən on beş əsr öncəki Məkkəyə qayıdıb...


"Yoxdur tanrı, Allahdan başqa!" Bu sözlərlə Həzrət Məhəmməd (s) Məkkənin küçələrini dolaşaraq cəhalət içində boğulan cəmiyyətə yardım əlini uzadırdı. "Yoxdur tanrı!" - bu ifadə mövcud reallığı əks etdirirdi, "Allahdan başqa!" isə, peyğəmbərin qurmaq istədiyi reallığı. Etiraz edə bilərsiniz ki, məkkəlilər inanclı idi, sadəcə tanrıların çoxluğuna etiqad bəsləyirdilər.

 

Lakin Mütləq Varlığa çoxluq və ya yoxluq nisbəti vermək arasında heç bir fərq yoxdur. Həyatında hədəflər arasında parçalanan insanla hədəfsiz yaşayan insan arasında heç bir fərqin olmadığı kimi. Peyğəmbər ölümdən diriliyə bir körpü salmaq, insanlığa əsl həyatı daddırmaq üçün gəlmişdi. O zamandan bu günə on beş əsr keçib. Lakin dünyaya hakim kəsilən mədəniyyət və dünyagörüşü hələ də yerində sayır. Hələ də "Yoxdur tanrı!" deyir.

 

"Bu, qətiyyən şübhə doğurmayan, təqvalılara doğru yol göstərən bir Kitabdır", - bu Qurani-Kərimin insanlığa ilk müraciətidir. Maraqlı müraciətdir: Allahın kəlamı təqva (pəhrizkarlıq) yaratmaq üçün deyil, təqvalılara yol göstərmək üçündür. Anlaşılan budur ki, təqva stereotiplərdə möhkəmlənmiş və dindarlığın nəticəsi kimi qavranılan kateqoriya deyil.

 

Təqva - etiqaddan asılı olmayaraq insanın hansısa mənəvi, insani prinsiplərə və ya yüksək hədəfə sadiq olması anlamına gəlir. Təqvalı olmaq şəxsiyyətli olmaq deməkdir. Yalnız bu halda "tanrı yoxdur!"dan "Allahdan başqa!"-ya, yəni inkardan təsdiqə, ölümdən həyata keçid etmək mümkündür. Peyğəmbər fərdə, bioloji varlığa deyil, şəxsiyyətə müraciət edirdi və etməkdədir.

 

Burada sual yaranır: "şəxsiyyət nədir?" Psixoloji baxımdan bir fərd özünü dərk edirsə, özünü hansısa məna və hədəf daşıyıcısı kimi anlayırsa, bu məna və hədəfə uyğun davranış qaydalarına riayət edirsə - şəxsiyyətdir. Fəlsəfi baxımdan isə, şəxsiyyət həyatın mənası haqda düşünən, iradə və məsuliyyət vasitəsilə özünü ifadə edən, şəxsi inkişafa meyillənən bir şəxsdir. Fərd sadəcə yaşayır, şəxsiyyət isə insan idealına yönəlir, var oluşundan tam dolğun yararlanmağa can atır. Fərd statistik rəqəmdir, mövcud reallığın davamlılığını təmin edən mexanizmin cansız hissəciyidir. Şəxsiyyət daxili ideallarını maddi dünyada reallaşdırmağa, reallığı daha da gözəlləşdirməyə çalışır.

 

Elə buna görə son əsr Avropa filosofları hesab edirlər ki, şəxsiyyətlilik elə Allaha yönəlməkdədir. Allahı inkar edən bir düzəndə, şəxsiyyət anlamsız və lazımsız məfhumdur. Bu da "tanrı yoxdur!" iddiasının insan həyatı ilə birbaşa əlaqəsinin bariz nümunəsidir. Nitsşe Ştrausun “Köhnə və yeni inam”əsərinin tənqidində olduqca mühüm bir məqama toxunur. O, müasirləri olan bir sıra alman mütəfəkkirlərini “savadlı filister” olmaqda, yəni olduğu kimi görünməməkdə, savadı ilə ruhsuzluğunu ört-basdır etməkdə, mədəniyyəti imitasiya edən barbarlıqda ittiham edir. Doğrudan da incə və dəqiq bir təsbitdir. Filister öz natamamlığını hər vasitə ilə səviyyəli görünmək, yüksək dəyərlər və ali ideyalar haqda pafoslu danışmaq və başqalarını yamsılamaqla kompensasiya etməyə çalışır. Bir çoxlarının dindarlığı da, dinsizliyi də, ümumiyyətlə əqidə seçimi onların filisterliyindən qaynaqlanır.

 

Peyğəmbər filisterlik mərəzinə tutulmuş bəşəriyyəti müalicə etmək istəyirdi. Onun missiyası şəxsiyyət yetişdirmək və şəxsiyyəti inkişaf etdirmək idi, sırf ibadət edən toplum formalaşdırmaq yox. Müasir ideoloji istiqamətlərin əksəriyyəti sırf siyasi xarakter daşıdığı üçün son məqsəd olaraq hüquqi dövlət və ya sosial rifah dövləti qurmağı hədəf kimi seçib. Amma dinin ən nəhayət məqsədi oğurluq etməyən, heç kəsi incitməyən, kiminsə namusuna sataşmayan, qanunlara hörmət edən, fəqirlərə əl tutan, bir sözlə hamımızın təsəvvüründə olan “yaxşı adam” yetişdirmək deyil. Təbii ki, bütün bunlar mühümdür, lakin son hədəf deyil.

 

Bütün bunlar daha yüksək hədəfə çatmaq üçün zəmindir. Axı insan yırtıcı deyil ki, onun qarşısında ən böyük məqsəd kimi başqalarına ziyan vurmamaq hədəfi qoyulsun. Ədalətli ictimai düzən yalnız və yalnız insanın şəxsiyyət olaraq özünü ifadə və inkişaf etdirmək üçün imkan yaradan sağlam ortam formalaşdırmalıdır. Müasir Qərb ideologiyaları ilə Peyğəmbər təlimi arasında yollar da məhz bu incə, lakin həlledici məqamda ayırılır. İnsan şəxsiyyəti dəyərsiz olan bir cəmiyyətdə insana nə qədər azadlıq və hüquq verilirsə verilsin, onun rifahı necə təmin olunursa olunsun, nəticə həyat deyil, həyatın imitasiyası olacaq.

 

Bu gün belə cəmiyyətlərin birində İslam Peyğəmbərinə qarşı həqarət olunur. Çünki bu böyük insana olan sevginin onların "tanrı yoxdur!" üzərində qurulmuş dünyasını "Allahdan başqa!" kəlməsi ilə sabun köpüyütək partlatmaq gücündə olduğunu anlayırlar. Vaxtı ilə Məkkə əyan-əşrəfi də eyni səbəbdən Peyğəmbərə qarşı silah qaldırırdılar. Məkkəlilərin aqibəti bəllidir, onların sələflərinin də...

 

Bu il Azərbaycan xalqı peyğəmbərin mövludunu döyüş meydanında qarşılayır. Amma bu döyüş sıradan bir savaş deyil. Qarabağ hər bir azərbaycanlı üçün şəxsiyyət məsələsidir. Qarabağda şovinizmin son qalıntılarından biri olan erməni ideyası ilə mübarizə gedir. Yalanla həqiqətin, ölümlə həyatın savaşı. "Yoxdur tanrı!" bataqlığında boğulan dünyaya "Allahdan başqa!" mesajı. Qələbə haqqla olduğu üçün, biz bu müharibədə artıq qalibik. Peyğəmbərimizin mövluduna da ən böyük hədiyyəmiz Şuşada üçrəngli bayrağımızın dalğalanması olacaq. Addım-addım qələbəyə doğru!

 

 

hacishahin.az