MƏQALƏLƏR

Şəhid gələcəyin müjdəçisidir

04 Dekabr 2020 1464

Bu gün Hacı Şahin Həsənli şəhidlərin anım günü ilə bağlı öz rəsmi səhifəsində yazıb:



Müqəddəs Quran şəhidləri "ölü" adlandırmağı qadağan edir, onların diriliyininin bizim dərkimizin fövqündə olduğunu bildirir. Şəhidlər diridir dedikdə, onların xatirələrdə yaşadıqları deyil, hər iki aləmdə var olduqları və hadisələrə dirilərdən daha çox təsir etdikləri nəzərdə tutulur. Bir şəhid dünyada edə biləcəyindən daha çoxunu şəhidliyindən sonra edə bilir. Bu, həyatın bizə bəlli olmayan uca və ləzzətli bir mərhələsidir.

 

 

Şəhid və şahid sözləri eyni kökdəndir. Şəhid öz qanı ilə mənəvi dəyərlərin, ali həqiqətlərin, eşqmərkəzli dünyanın zəruriliyə şəhadət verir (təsdiq edir). Şəhid bəşəriyyətə insanlığın zəruriliyini göstərir, həyat dərsi verir. Onlar ən dəyərli həyatı yaşayırlar deyə şəhid olurlar - sıradan bir həyatın sonu şəhadət ola bilməz. Bütün bunlatın sübutu şəhidin qanıdır. Şəhid arzuladığımız dünyanın mümkünlüyünə dəlalət edir. Bizi gələcəyimiz haqda düşünməyə, özümüz olmağa, yad və süni kimliklərdən təmizlənməyə vadar edir. Ona görə şəhid ailə və ya xalq çərçivələrini aşır, ümumbəşərilik əldə edir.

 

 

Vətən müharibəsi zamanı 2783 hərbçimiz şəhidlik zirvəsinə ucalıb. Onlar haqda bir çox xatirələr eşitdim, hər biri eqoizmin yaratdığı qaranlıq dünyamızda parlaq ulduz idi. Hər biri işıqlı gələcəyin bələdçisi və müjdəçisi oldu. Hər biri reallıqla barışmamağı, ən çıxılmaz durumda bir çıxışın olduğunu, yeni reallıq qurmağın mümkünlüyünü göstərdi. Bizi özümüzə inandırdı, gücləndirdi, birləşdirdi. Bütün bunlara görə onlara, onların ailələrinə borcluyuq.

 

 

Şəhid, vətənpərvərliyin həddini qanı ilə cızır, vətən sevgisini fədakarlığı ilə aşılayır.

 

 

Onlar rəhmət içindədir, rəhmətlə eyniləşiblər. Allahdan onlara daha geniş rəhmət , özlərindən isə, bizə duaçı olmalarını diləyirəm. Allah xalqımızı şəhidlərin yolundan ayırmasın!

 

 

hacishahin.az