MƏQALƏLƏR

Mentalitet toxunulmaz deyil

23 Fevral 2021 1398

Son günlər ailə şiddəti mövzusunda aparılan ictimai müzakirələr fonunda ilahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə öz fikirlərini paylaşıb:

 

 

Qadınlara qarşı zorakılıq və ayrıseçkilik mövzusunda ictimai müzakirələr səngimir. Sanki kimlərsə cəmiyyətimizdə süni şəkildə qütbləşmə yaratmağa çalışır, insanları radikal və kəskin seçim qarşısında qoyur. Adət-ənənə müasirliyə, milli mentalitet açıq düşüncəyə, əxlaq hüquqa, ailə azadlığa qarşı qoyulur. Nə üçün müzakirələr belə kəskin seçim müstəvisində aparılır? Sanki Azərbaycan qadını ona “ xoşbəxt” olmağa mane olan mentalitetdən imtina etmək istəyir, amma arzusunu dilə gətirməyə çəkinir. Ancaq bəzi “şücaətli” qadınlar feminizm şüarı ilə ayağa qalxıb digərlərinin dilə gətirməyə qorxduğu “ həqiqətləri” ifadə etməklə “məzlum” Azərbaycan qadınına nicat vermək missiyasını icra edirlər. Özü də ailə zorakılığı üzrə "dünya liderləri" bizə nümunə kimi göstərilir, statistik məlumatlar ətrafında spekulyasiya olunur, "bizdə hər şey pisdir, orada isə yaxşıdır" deyə, natamamlıq kompleksi aşılanır. Reallıq isə qətiyyən belə deyil. Reallıq budur ki, Azərbaycanda qadına qarşı zorakılıq mövzusu həddindən artıq şişirdilib. Süni şəkildə formalaşdırılan ictimai rəydən azad olub real vəziyyətə baxsaq, buna əmin ola bilərik.

  

Bəli, cəmiyyətimizdə bu sahədə problemlər var və onlar həll olunmalıdır. Amma problemin kökü məhz daim kəskin seçim qarşısında qoyulmağımızdır. Qadın ya azad olmalıdır ya ailəli, ya xoşbəxt olmalıdır ya namuslu, ya əxlaqlı olmalıdır ya hüququnu tələb edən. Bütün bunları, bir çox hüquqi və sosial rifah ölkələrindən fərqli olaraq, mənəvi dəyərlərimiz kifayət qədər uğurla uzlaşdırır. Çünki istənilən zorakılığın qarşısını almaq üçün ilk öncə özünü və hamını ilahi bir varlıq kimi görməyi bacarmalısan. Qadınları Allahın əmanəti hesab edən dinimiz də məsələyə məhz ilahi yaradılış prizmasından yanaşır.

 

Dəfələrlə qeyd etmişəm ki, mentalitetimizin inkişafımıza mane olan hansısa elementindən imtina etməyi nəinki normal, hətta vacib hesab edirəm. Mentalitet toxunulmaz deyil və təftiş oluna bilər. Amma düşünürəm ki, mövzunun bu dərəcədə mentalitetlə əlaqələndirilməsi qərəzdən başqa bir şey deyil. “Ya dəyərləri seçməliyik, ya da inkişaf və xoşbəxtliyi” kimi fikirlərin heç bir məntiqi əsası yoxdur. Dəyərlər əgər həqiqətən dəyərdirsə, mütərəqqi olan heç bir şeyə mane ola bilməzlər. Ailə dəyərləri real həyatla əlaqəsi olmayan mücərrəd anlayışlar deyil. İnkişafın unikal və alternativsiz yolu bu dəyərləri həyatda tətbiq etməkdədir.

 

Cəmiyyətin müxtəlif kəsimləri arasında ziddiyyət yaradan istənilən mövzunu müasirliklə mürtəcelik, yeniliklə köhnəliyin davası kimi qəbul etməklə bütövlükdə cəmiyyət olaraq öncədən uduzmuş olacağıq. Heç bir tərəf qarşı tərəfə nəyisə sübut edə bilməyəcək. Mentalitet heç bir halda tutarlı istinad nöqtəsi ola bilməz. Mövzular rasional (əqli) müstəvidə müzakirə olunmalıdır. Belə olduqda, yenə də fərqli fikirlər olacaq, amma həqiqətə daha yaxın nəticələr əldə etmək mümkündür.

  

İstənilən mövzu müzakirə olunarkən, “dinimiz və ya mentalitetimiz bunu qadağan edir” fikri qaneedici hesab oluna bilməz. Fikrin arxasında tutarlı dəlil və praktiki nəticə dayanmalıdır. Mentalitetimizdə müsbət xüsusiyyətlərlə yanaşı,  kifayət qədər yanlışlıqlar var. Məqsədim də odur ki, mentalitet də rasional müstəvidə dəyərləndirilməlidir. Faydalı, ziyanlı cəhətləri ağıl süzgəcindən keçirildikdə müəyyən edilə bilər. Yoxsa hansısa arqumentin qarşısında, “ata-babadan belə görmüşük” fikri ilə dayanmaq olmaz. Zənnimcə, kifayət qədər zehnimizdə oturuşmuş yanlışlıqlar var.

 

Unutmaq lazım deyil ki, peyğəmbərlərin qarşısında dayananlar da öz mentalitetlərinə istinad edirdilər, Quran isə onları ağıl yoluna dəvət edir. Bəli, razıyam ki, mentalitetimizdə olan bir çox məsələlər zamanın sınağından çıxıb, özünü təsdiq edib. Amma bütövlükdə mentalitet istinad mənbəyi sayıla bilməz. Bəzən təkcə yanlışlığına görə yox, zamanın çağırışlarının dəyişdiyinə görə. Amma istənilən halda cəmiyyətin mədəni-mənəvi immunitetini qoruyan dəyərlər sistemi mövcud olmalıdır.

 

 

hacishahin.az