MƏQALƏLƏR

Onu çox gözlətməyək

11 Aprel 2021 623
İlahiyyatçı Hacı Şahin Həsənlinin mübarək Ramazan ayı haqda moderator.az üçün qələmə aldığı yazısını oxucularımıza təqdim edirik:
 
 
 
 
 
Pandemiya fonunda qorxu, stress içində yaşayan insan artıq öz əlacsızlığından əziyyət çəkir. İnkişaf etmiş dövlətlərin öyündüyü tibbi naliyyətlər, idarəçilik, iqtisadiyyat, dəyərlər sistemi bir andaca öz yararsızlığını ortaya qoydu. Təbii ki, bu çətinlik yeni mərhələyə keçiddir. Onun öhdəsindən gəlmək üçün hər bir bəşər və ümumilikdə bəşəriyyət yeni mərhələyə yüksəlməlidir.
 
 
Dərindən nəfəs alıb dincimizi almaq üçün fasiləyə ehtiyaclıyıq. Gələcək addımlarımızı düzgün hesablaya, düzgün istiqamət seçə bilməyimiz üçün aram olmalıyıq. Müvəqqəti, ötəri həvəsləri davamlı, dəyişilməz tələbatlardan ayırd etmək, həyatımızın axarına yeni strateji xətt müəyyən etmək üçün. Həmin fasilə, həmin qızıl fürsət Ramazan ayıdır. "Sizdən öncəkilərə olduğu kimi, sizə də oruc tutmaq vacib edildi" ayəsindən bəlli olanı budur ki, insanlıq var olandan hər il bu fürsət ona verilir. Dünyamızın müasir mənzərəsi isə ondan xəbər verir ki, insan övladı bu fürsətdən layiqincə yararlanmayıb. Ayənin sonunda gələn, “umulur ki, təqvalılardan olasınız,” ifadəsi indiki şəraitdə sanki Tanrının gileyidir insandan. Bir çox Ramazan aylarını yola saldıq, amma Allahın gözləntisini doğrulda bilmədik. Ramazan dərslərini öyrənmədik ki, pandemiyadan dərs almalı olduq.
 
 
Bir ildən çoxdur ki, məlum pandemiya dünyanı öz caynaqlarında saxlayır və bu şəraitdə artıq ikinci dəfə Ramazan ayını qarşılayırıq. Vaksin icad olunsa da, karantin rejimləri yumşaldılsa da, hələ ki, bəşəriyyət bu bəladan tam qurtula bilməyib. Bu bir il ərzində, bəlkə də, çoxumuz özümüzü postakaliptik filmlərin qəhrəmanları kimi hiss edirdik. Demək olar ki, gözəgörünməz virus heç bir ailədən yan keçmədi, xalqları qorxu içində yaşamağa məcbur etdi. Amma artıq onun da sonu yetişir: bu fani dünyada hər şeyin sonu olduğu kimi, ağrı-acılar da müvəqqətidir. Dəyişilməz qalan yalnız mənəvi, insani qanunlardır. Hər hansı zirvəyə ucalsaq da, bəlaya düçar olsaq da, itirməyə haqqımızın olmadığı insanlığımız.
 
 
Bu il Ramazan ayını artıq Qarabağımızda qarşılayırıq. Uzun illərdir iftar süfrələri, azan sədalarına həsrət qalmış Qarabağımızda. Ötən il bizimlə eyni süfrədə iftar açan neçə-neçə igidlər, bu il Allah qatında şəhid olaraq bizim üçün dua edəcəklər. Bəli, ilahi ziyafətə gedən yolumuz onların qanı ilə suvarılıb, onların duaları ilə aydınlanıb. Şəhidlərimizin qəhrəmanlığı təkcə bizə qələbə yaşatdıqlarına görə deyil, həm də necə bir qələbə yaşatdıqlarındadır. Amansız, insani simasını itirmiş düşmən qarşısına məhz öz mənəviyyatı, öz insaniliyi ilə çıxan igidlərimiz bizə təkcə torpaqlarımızı yox, unutmaqda olduğumuz dəyərlərimizi qaytardılar. Onları qalib edən də, bizə sevdirən də, qəlblərimizdə əbədiləşdirən də məhz bu böyük mənəviyyatdır. Bu dünyada zülmün də, şiddətin də bütün maddi məfhumlar kimi bəlli bir müddəti var, amma mənəvi məfhum olan insanilik əbədidir.
 
 
Ramazan ayı maddiyyatın səddini uçurur, bizi məişətin dolanbaclarından qurtarır, insanlıq dərsi verir. Bu elə bir aydır ki, maddi dünyanın bütün təlatümləri içində qeyri-ixtiyari olaraq ruhumuzu dincəltməyi bacarır. Müxtəlif ideoloji cərəyanların məngənəsində sıxılan bəşəriyyət bu aramlığa ehtiyaclıdır. Ramazan ayı “mən kiməm” sualının ən möhtəşəm cavabıdır. Bu suala düzgün cavab tapmaqdan başqa bir çarə yolumuz qalıbmı?
 
 
Bir birimizi daha yaxşı başa düşmək, daha çox dəyərləndirmək üçün oruc, taleyimizə görə məsuliyyət aşılayan Qədr gecələri, bizi maddiyyatın fövqünə aparan Allah kəlamı, qəlblərimizdə ümidi alovlandıran və bizi hərəkətə gətirən dualar aləmidir Ramazan ayı. Vəd olunan cənnəti dünyada ikən yaşamağı mümkün edən, fani cismdə insanlıq toxumlarını cücərdən ilahi ziyafət ayını qarşılayırıq.
 
Qəlb evimizi təmizləmək zamanıdır. Axı onun kəndarında durub içəri daxil olmaq istəyən Allahın özüdür. Bundan artıq onu gözlətməyək...
 
 
hacishahin.az