MƏQALƏLƏR

Ağlın güzgüsü

01 İyun 2021 1399

Hacı Şahin Həsənlinin sual mövzusunda yazdığı yeni yazısını oxucularımıza təqdim edirik:

 

Sual - səviyyə göstəricisidir, ağıl və mənəviyyatın güzgüsüdür. Bəzi sualların yaranması şəxsiyyətin inkişafına xidmət edirsə, bəzi suallar xəstə təfəkkürün məhsuludur.

 

Zehnimizdə yaranan suallarla özümüzü müayinə edə bilərik. İnsan həm inkişaf etdikcə, həm tənəzzül etdikcə zehnində yeni suallar yaranır. Sual var tərəqqinin, sual da var süqutun başlanğıcıdır.

 

Mövqe və əqidə dəyişikliyi suallarla başlayır. Bəzi suallar var ki, normal insanın zehnində yaranmamalıdır, bəziləri isə, əksinə sağlam insanı düşündürməlidir. Dünənə qədər möhkəm dəlillərlə qəbul etdiyimiz həqiqətləri bu gün sual altına apara bilərik. Yalnız bunun səbəblərini araşdırdıqda, özümüz haqqında ciddi nəticələr əldə etməyimiz mümkün olar. Bu nəticələr ürəkaçan da ola bilər, məyusedici də.

 

Özünütəftiş prosesinə suallarımızı təftiş etməklə başlamalıyıq. Dəyərli ustadlardan birinin dediyi kimi: "Sən sualların boydasan".

 

Qurani-Kərimdə də sual mövzusuna çox önəm verilir. Quran bəzən bizim zehnimizdə yeni suallar yaradır, bəzən suallarımıza cavab verir, bəzən isə bizə suallar ünvanlayır. Bir sıra sualların isə, ümumiyyətlə cavablandırılmağa layiq olmadığını ifadə edir.

 

Məsələn Yasin sürəsi, 47-ci ayədə Qurani-kərim verilən sualı xəstə təfəkkürün məhsulu hesab edərək, onu cavablandırmağa layiq bilmir:

 

Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!" - deyildiyi zaman, kafirlər mö’minlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!" - deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.

 

Yəni sənin problemin dəlillərin yoxluğunda deyil, başqa yerdədir. Xəstəliyinə əlac axtar, əks təqdirdə ən tutarlı dəlillər belə səni qane etməyəcək.

 

“Mən kiməm?”-sualının cavabını, "həyatımın ən fundamental sualı nədir?” mövzusu ilə müəyyənləşdirək. Suallarımız bizə özümüzü tanıdacaq.

 

Bunu da qeyd edim ki, ümumiyyətlə konkret cavabı olan suallar səthi suallardır. İnsan dərin varlıq olduğundan zehnində yaranan sualların cavabını hissə hissə son nəfəsinə qədər alır.

 

Həyat suallarımızın cavabıdır və həyatı başa vurduqdan sonra bizə suallar ünvanlanacaq. Bu sualları ümumiləşdirsək, belə ifadə etmək olar:

 

“Həyat sənə nə öyrətdi?”

 

 

 

hacishahin.az