MƏQALƏLƏR

Ağıllılar və intellektuallar

18 İyun 2021 1646

İlahiyyatçı Hacı Şahin Həsənlinin ağıllı və intellektual insanların fərqi barədə qələmə aldığı yazını oxucularımıza təqdim edirik:

 

Ernest Heminquey deyirdi: “Ağıllı adamlar nadir hallarda xoşbəxt olurlar”.

 

Ağıllı insanların bədbəxtliyinin əsas səbəbi onların cəmiyyət tərəfindən başa düşülməməsidir. Ağıllılar öz zamanlarını qabaqladıqları üçün kütlə tərəfindən inkar edilir, insanların əksəriyyəti onların düşüncə və davranışlarını anlaya bilmir. Belə insanların addımlarına obyektiv qiyməti yalnız tarix verə bilir. Bu səbəbdən iddia edilir ki, ağıllı insanlar tənhalıqdan əziyyət çəkir, cəmiyyətdən küskün olurlar.

 

Ağıllı bir insanın xoşbəxt olmağı mümkündürmü? Ümumiyyətlə, tənhalığa məhkum olunmuş insanlar tənhalıqdan əziyyət çəkməli, yoxsa əksinə ondan zövq almalıdırlar?

 

Bu suallara cavab tapmaq üçün ağılla intellektin fərqini anlamağımız lazımdır. Hər bir intellektual ağıllı sayıla bilməz. Bir insanın intellektual səviyyəsinin yüksək olması heç də onun fundamental baxış və yanaşmalarının doğru olması anlamına gəlmir. Bəzən əksinə, intellektin yaratdığı təkəbbür obyektiv yanaşmaya mane olur. Ətrafımızda hamıya yuxarıdan aşağı baxan, deyingən ”intellektualları” çox görürük.

 

Tədqiqatlar da onu göstərir ki, yüksək intellekt xoşbəxt həyatı təmin edə bilmir. Həyatdan narazı insanların bir çoxu məhz intellektuallardır. Bu, onların digərlərindən fərqli olaraq problemləri daha dərindən görməkləri ilə bağlı deyil. Bir çox hallarda onlar öz əqli səviyyələrinə güvənib ətrafda baş verənləri düzgün qiymətləndirə bilmirlər.

 

Toronto universitetindən olan Kit Stanoviç on illər ərzində müxtəlif testlər vasitəsilə rasional təfəkkürü tədqiq edir. Onun tədqiqatları sübut edir ki, obyektiv qərar qəbul etmək İQ səviyyəsindən asılı deyil. Yüksək intellekti olan insanlar öz eyblərindən daha çox başqalarının eyblərini görürlər. Professor Stanoviç bu nəticəyə gəlib ki, insanların sosial statusu və ya təhsil səviyyəsi onların müdrik və ağıllı olmasına dəlalət etmir. Onun gəldiyi nəticəyə görə, “yüksək intellektual səviyyəsi olan insanların bir çoxu məntiqsiz davranır, xürafatın təsirinə məruz qalır, internetdə vaksinasiya əleyhinə ağlasığmaz fikirlər yayırlar”. Onlar savadlı olduqlarına görə öz yanlış baxışlarında savadsız insanlardan daha çox israrlı olurlar. Kanadalı professor İqor Qrossmanın gəldiyi nəticəyə görə, intellektual insanlar öz mövqelərini daha tutarlı arqumentlərlə müdafiə edə bilirlər, lakin məsələ burasındadır ki, onların mövqeyi bir sıra hallarda qeyri-obyektiv olur. Beləliklə, yanlış mövqe möhkəm arqumentlərlə müdafiə olunur, nəticədə intellektuallar cəmiyyətə savadsız insanlardan daha çox zərər vururlar.

 

Belə bir fikir irəli sürülür ki, gələcəkdə kadr seçimində İQ göstəricilərindən daha çox “intellektual təvazökarlığa” istinad olunacaq.

 

Artıq bir sıra alimlər iddia edir ki, müdrikliyi də öyrənmək olar. Misal üçün, özümüz haqqında üçüncü şəxs kimi mühakimə yürüdə bilərik. İstənilən davranışımıza qiymət verərkən “mən” yox, “o” əvəzliyindən istifadə etməliyik.

 

Beləliklə, yüksək intellekt təvazökarlıqla müşaiyət olunmazsa ağıl nurunu söndürəcək. Sokratın dediyi kimi, müdrik, "bir şeyi bilirəm ki, heç nə bilmirəm” deyən insandır.

 

Bütün deyilənləri dini təlimlərimiz ən gözəl şəkildə ifadə edir. Bu barədə fikirlərimi fürsət olduqda bölüşəcəm, inşallah. Ancaq bunu deyim ki, tarixdə cəmiyyət tərəfindən inkar edilən, dərdini quyuya deyən, cəmiyyət içində qərib və tənha olan, lakin insansevərliyindən əl çəkməyən, şam kimi insanlıq uğrunda alışıb yanan nümunələr də olub. Ağıllı olub, ağılları ilə öyünməyən bu insanlar tənha olsalar da, heç zaman cəmiyyətdən üz döndərməyib, qədirbilməz insanlara yorulmadan xidmət ediblər. Onlara daş atan insanların uğrunda fədakarlıq edən, gecələr onlar üçün dualar edib, səhərlər xidmət edən insanlıq örnəklərini bizim dinimiz dünyaya təqdim edə bilib. Allah bu yolun yolçularına səbr versin.

 

 

 

hacishahin.az