İlahiyyatçı Hacı Şahin Həsənlinin İlqar Kamilin şəhid general Polad Həşimov barədə qələmə aldığı "Polad necə bərkidi" əsərinə yazdığı ön sözü oxucularımıza təqdim edirik:
Bəzi qəhrəmanlar maddi çərçivələri elə aşırlar ki, artıq simvola çevirilirlər. Yəni yaşatdıqları dəyərlərlə eyniləşirlər, dəyərin mücəssəməsi olurlar. Şəhid generalımız Polad Həşimov kimi...
Şəhid general haqda çox yazılıb, çox danışılıb, lakin bir fərd kimi. Hərçənd onun şəhidliyi yüksək rütbəli bir hərbçinin döyüşdə həlak olmasından çox fərqlidir. Qələbənin şərtləndirən başlıca amil nə fiziki hazırlıqdır, nə texniki üstünlük. Bundan qat-qat mühüm olan mənəvi yüksəklikdir. Vətən müharibəsində zəfər çalmağımızın əsas səbəbi də, əsgərimizin mənəvi yüksəkliyi idi. Şəhid ailələri ilə görüşə gedərkən onların xatirələrini dinləməyi çox sevirəm. Özüm üçün nümunə seçdiyim bu insanların həyat yolu xırda detallarına kimi maraqlıdır mənə. Və nələr eşitmirəm, ilahi! Hər bir şəhidimiz insanlığa, bəşəriyyətə bir örnəkdir.
Bu mənəvi fəza boş yerdən yaranmır, bir ordu qəhrəman yetişdirmək üçün bəzən bir-iki nəfərin özünü atəşə atması gərəkdir. Seyid Mübariz şəhid olduqdan sonra onun inamının hərarəti bütün gəncliyimizi bürüdü. Tapdaq altında olan Qarabağ deyildi, özünəinamımız, ruhumuz idi. Şəhid Mübariz də bir ümid qığılclmı yandırdı ki, onun alovu büs-bütün xalqımızın qəlbinə düşdü. Eyni ilə şəhid general Polad da qəlblərdə bir atəş alovlandırdı ki, onun nəticəsi qəhrəmanlıq salnaməsi yazan əsgərimizin zəfəri olmalı idi. Bunu necə bacardı? Deyə bilərsiniz ki, o ilk yüksək rütbəli şəhidimizdir deyə, çox səs-səda sala bildi. Əsla! Bu zahiri görüntünün alt qatında mütləq elə nəhəng mənəviyyat dayanmalıdır ki, milyonların qəlbini səssizcə fəth edə bilsin.
Qarşınızda gördüyünüz bu kitabın özəlliyi də məhz bundadır: İlqar Kamil bir şəhid həyatının alt qatını üzə çıxarır, "poladın necə bərkidiyini" göstərir. Mühüm olanı da budur. Çünki nəhəng insanların əsl kimliyi onların məişətində gizlənir. Müasir dövrümüzün fədəkarlıq simvoluna çevirilmiş Polad Həşimovun həyatını belə incələmək, onu tanıdıqca daha çox sevmək, sevdikcə ona bənzəmək - budur xalqı müzəffər və qüdrətli edən edən.
Artıq ikinci dəfədir ki, İlqar bəyin əsərinə önsöz yazmaq nəsibim olur. Birinci dəfə olduğu kimi, ikinci dəfə də müəllifin bədii dilinə, metaforalarla oyununa, ifadə estetikasına diqqət çəkmək istərdim. Poladın hazırlanmasında əsas ünsür dəmirdir, dəmir isə Yer kürəsinə yad, Qurani-Kərimin təbiri ilə desək "göydən endirilmiş" bir metaldır. Deyərdim ki, İlqar bəy ustadcasına bu məlumatı bədiiləşdirir, kitabın leytmotivinə çevirir. Bəli, şəhidlər bu dünyaya yad, göydən endirilmiş varlıqlardır. Amma onları doğmalaşdırmaq, onlar kimi olmaq yeganə çıxış yolumuzdur. Əks təqdirdə "hamıya birdən söz danışmaq haqqı verən - alimə də, cahilə də, ədəbliyə də, ədəbsizə", "ən doğru danışanlar deyil, ən bərkdən danışanların eşidilən" dünyanın qurbanı olacayıq.
hacishahin.az