MƏQALƏLƏR

Qəlblərin fatehi

25 Oktyabr 2021 1180

İlahiyyatçı Hacı Şahin Həsənlinin müxtəlif zamanlarda İslam peyğəmbəri Həzrət Məhəmməd (s) haqda qələmə aldıqlarını yazı şəklində oxuxularımıza təqdim edirik:

 

Bütün ilahi peyğəmbərlər qövmlərinə onun gəlişini vəd edirdilər. İnsalıq özünü saldığı zülmətdən qurtulmaq üçün onun intizarında idi. Hər bir elçi öz qövmünü onun səltənətinə hazırlaşdırır, hər bir qövm onun rəhbərliyini arzu edirdi. Nəhayət, Adəmin tövbə etdiyi və Həvvaya qovuşduğu bir yerdə, yəni tarixin başlanğıc nöqtəsi olan Məkkədə yeni tarix yazacaq bir peyğəmbər dünyaya gəldi. Səhralığı cənnətə çevirəcək, vəhşi adətləri ilahi qanunlarla əvəzləyəcək, kəbələri bütlərdən, insanları isə eqoizmdən azad edəcək fədakar bir sərvər dünyaya gəldi. Peyğəmbərin dünyaya gəlişi ilə insanlığın qışı bitdi və baharı başladı. Addım-addım onun təlim və idealları dünyanı fəth edir, zülmətə müqavimət göstərir və günəştək həyatı işıq və hərarətlə doldurur.

  

Əbədi seçim


Əziz peyğəmbərimizin (ə) mövludu bir sıra möcüzələrlə müşaiyət olundu və bu, təsadüfi deyil. Bu möcüzələr daha böyük bir möcüzənin - insanlığı zülmətdən nura aparan kamil insanın müjdəsi olmalı idi. Dünyanı xilas edəcək bir peyğəmbərin (s) mövludu sıradan bir hadisə ola bilməzdi.

 

Allah rəsulu (s) cahiliyyət adlandırdığımız mənəvi boşluq və ümidsizlik girdabından bəşəriyyəti xilas etməli idi. Cahiliyyət hansısa tarixi dönəmin adı deyil, bəşəriyyət qarşısında duran daimi bir seçimdir. İnsan hər zaman heyvani və ilahi təbiəti, ölü cismi və diri ruhu arasında seçim edir. Bu seçimdə ona yardım edəcək bir nümunəyə ehtiyac var. Ona görə həzrət peyğəmbər (s) tarixi deyil, tarixin fövqündə duran, hər daim Allahla rabitəmizi qoruyan fövqəlbəşərdir. O, öncəki peyğəmbərlərin irsini keçmişdən gələcəyə daşıdı, keşmişlə gələcək arasında körpü yaratdı, bununla da bütün bəşəriyyət üçün maddiyatın, zaman və məkanın mancanağından qurtulmağa fürsət yaratdı. Peyğəmbər mövludu gəlib-getmiş bir insanın ad günü deyil, insanlığın dirçəlişinə inam bayramıdır. Bu inam olmasa, həyat da ola bilməz.

 

 Öz haqqın deyil, haqqın özü!

 

On beş əsr öncə dünyanın ən ucqar yerində dünyaya göz açan Həzrət Məhəmməd (s) bu gün də dünyanın dörd bir yanında qəlbləri fəth etməyə davam edir. Çünki insanlıq sevdalısı idi, bu sevda da cavabsız qala bilməz. O, aləmlərə rəhmət olaraq, yəni dünyanın sevgi və mərhəmət üzərində qurulması üçün göndərildi. Onun bəşəriyyətə başlıca mesajı da bu idi: öz haqqınız üçün deyil, haqq üçün mücadilə aparın ki, haqq-ədalət bərqərar olsun.


XXI əsrdə ən mütərəqqi məktəblər belə hələ də eqoizm mancanağından qurtula bilmədiyi bir dönəmdə, insanlıq bu təlimə necə də ehtiyaclıdır! Elə bu səbəbdən eqosentrik dünyanın dayaqları sayılan ölkələrdə onun xatirəsinə belə qısqanclıqla yanaşılır, onun adını ləkələməyə çalışırlar. Amma bütün bu səylər yalnız o böyük insanın qarşısında acizliklərini, gücsüzlüklərini nümayiş etdirir.

 

Nümunə

 

Peyğəmbərimizin (s) göz açdığı dünya ziddiyyətli idi. Həmin dövrü "qaranlıq əsrlər" yaxud "cahiliyyət" adlandırmağımız onunla bağlıdır ki, həmin dövrü bu günümüzlə müqayisə edirik. Lakin elə həmin dövrdə yaşasaydıq, qarşımızda ehtişamlı şəhərləri, qüdrətli orduları, işlək idarəçilik sistemləri ilə dünyaya meydan oxuyan böyük sivilizasiyaları, imperiyaları görərdik. Amma bütün bu cah-cəlal və qüdrət arxasında gizlənmiş insan faciəsi Peyğəmbərimizin (s) zühuru ilə üzə çıxdı. Unudulmuş səhralıqdan çıxan bir peyğəmbər insanlığın düşdüyü mənəvi böhrandan çıxış yolu göstərdi. Sükuta qərq olmuş tarix canlandı. 

 

Bu gün də insanlıq faciəsi təm-təraqlı görüntü arxasında gizlənib. Bu gün də dünya Peyğəmbər (s) nümunəsinə ehtiyaclıdır. Peyğəmbərimizin (s) ilk addımı Mədinədə müxtəlif din və millət mənsublarını bir araya gətirməsi oldu. "Hansı qibləyə üz çevirməyinizdən asılı olmayaraq, xeyir işdə bir birinizlə yarışın", "hansı əqidəyə mənsub olsanız da, insani fitrətinizə söykənin", "nə qədər fikir ayrılığınız olsa da, ümumi dəyərlər axtarın" prinsipləri hakim idi onun rəhbərlik etdiyi cəmiyyətdə. Bütün bunlarla, əslində islam ümmətinin inkişaf strategiyasını təyin etdi peyğəmbərimiz (s). Həzrət Məhəmməd(s) bəşəriyyətə qənim kəsilən zülmə məhz bu yolla meydan oxudu. Günümüzdə də, bu prinsipləri ilk olaraq müsəlmanlar öz aralarında bərqərar etməli və dünyaya nümunə olmalıdırlar.

 

 

hacishahin.az