Hacı Şahin Həsənlinin 22.02.2013 tarixində "Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə" kampaniyası çərçivəsində Ağdam rayonunda keçirilən tədbirdə çıxışının mətni:
Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində cəbhə xəttində 1993-cü ildən sonra ilk dəfədir ki, Qarabağ azanının sədası gəlir. Həmin azanın sədası ki, vaxtı ilə Peyğəmbərimiz (s) Həzrət Əli (ə) və Həzrət Xədicə (s) ilə qıldığı ilk namazında səsləndirdi. O zamnan “La ilahə illəllah” cəhalət, imansızlıq və düşmənçilik girdabında boğulan dünyada azadlığa çağıran bir pıçıltı idi. Çünki, azadlıq özün üçün tanrı qərar verdiyin hər bir şeyə yox deyib həqiqi Yaradana üz tutmaqdadır. Peyğəmbər (s) azanda “Həyyə əla xeyril əməl” - “Xeyir əməllərə tələsin” deməklə ilahi sevgiyə dayanan bəşəri sülh və mehribanlıq istəyini pıçıldayırdı. Heç kəs təsəvvür edə bilməzdi ki, səhranın ortasında bir birinə düşmən kəsilən çöl ərəbləri ilə bunu etmək mümkün olacaq. Odur ki, Həzrət Rəsuləllah (s) “Allahu Əkbər“ – “Allahdan böyüyü yoxdur” deyə Allahın haqq əhli tərəfində olduğunu pıçıldayırdı. Bu pıçıltnın xalis qəlbdən süzülməsinə görə, Allah Təala öz barmaq sayı bəndələrinə ürək-dirək verərək Peyğəmbərimizə (s) “Həqiqətən Allahın yardımı yaxındır” müjdəsi göndərdi. Hər şey bu pıçıltıdan başladı. İllər ötdü bu azanı Mədinədə Bilal Həbəşi uca səslə oxudu. Bu azan vaxtı ilə qaradərili kölə olan Bilalın və onun kimi şəraitin əsiri olan insanların azadlıq harayı idi. Məkkədəki pıçıldı Mədinədə bir azadlıq hayqırtısına çevirildi. Çox keçmədi ki, azanın çağırışına qulaq verən müsəlmanlar Məkkəyə döndü, Allahın evi olan Kəbəni bütlərdən təmizlədi və burada zəfər azanını ucaltdılar. Bu, Haqqın qələbə nəriltisi idi.
İndi bizim vəziyyətimiz əsrlər öncə əziz Peyğəmbərimizin (s) və onun yanındakı azsaylı qadın və kişi səhabələrin durumuna bənzəyir. Vaxtı ilə ürək yandırdığımız, öz himayəmizə götürdüyümüz, çörəyimizi bölüşdürdüyümüz insanlar bizə nankor olub torpağımızı işğal etdilər. Cavan əsgərlərimizin qanlarından doymayıb, illərcə qardaş münasibətindən başqa bir şey görmədikləri dinc əhaliyə divan tutdular. Gəlin-qızlarımıza, balalarımıza, ağsaqqal-ağbirçəklərimizə hansı vəhşilikləri rəva görmədilər! Bu hansı insaniyyətdir ki, günahsız insanların qanını axıtmağa bəraət qazandırır? Axı Azərbaycan xalqı, xüsusən də Qarabağ əhli həmişə müqəddəs İslam dininin əxlaqına, dəyərlərinə sahib çıxırdı. Əl tutmaq, can yandırmaq, himayə etmək, bağışlamaq, xeyirxahlıq və mehribanlıq bu xalqın mayasında idi. Allaha, Peyğəmbərə (s) və imamalara (ə) olan sonsuz sevgini biz ana südü ilə mənimsəyirdik.
Kommunistlərin dini qadağa etdiyi dönəmdə, bizlər, xüsusən də qarabağlılar Aşura günü İmam Hüseynə (ə) gizlində əzadarlıq edərdilər. Çünki, İmam Hüseyn (ə) haqqı bərqərar edən, zülmün sütunlarını sındıran bir qəhərman idi. Biz zülmə nifrət, haqqa məhəbbət göstərirdik deyə, İmam Hüseynin (ə) çağırışına hər il səs verirdik. Haq səsimizi zülmət dolu ateist dövründə “Ya Hüseyn!” şüarı ilə uca göylərə çatdırırdıq.
Biz övladlarımıza bəşəriyyətin ən şərafətli insanlarının – Əhli-Beytin (ə) adını verərdik. Çünki biz fəzilətsevər, fəzilətə dəyər verən xalq idik. Övladlarımızın Məhəmməd, Əli, Hüseyn, Həsən, Fatimə, Zeynəb adlarını doğruldacaqlarına ümid edirdik. Biz fəzilətli insanların adı ilə birlikdə onların amallarını yaşatmaq istəyən xalq idik. Təsadüfi deyil ki, İslam dünyasının bir çox alimləri Qarabaği nisbəsi daşıyırdılar. Qarabağ dünyaya neçə-neçə Peyğəmbər (s) yolunun davamçısı olan alimlər bəxş elədi.
Qarabağlılar Həzrət Abbasa (ə) and içməyi çox xoşlayırdılar. Həzrət Abbas haqq uğrunda canını vermişdi deyə biz onun başına and içirdik. Haqqı sevmək bizim xəmirimizlə yoğurulmuşdu. Haqqa görə canını belə vermək bizim özəlliyimiz idi. Odur ki, heç vaxt başqasının torpağında, başqasının haqqında gözümüz olmayıb.
Biz Peyğəmbərimizin (s) əziz soyundan olan seyyidlərə ehtiram göstərərdik. Qədim zamanlarda Peyğəmbər (s) nəslini öz vətənlərində təqib edib öldürərdilər, onlar da lütf edib bizim torpaqlara pənah aparardılar. Bizim xalq zalımların zülmündən qorxmayıb canı bahasına Peyğəmbər (s) soyuna sahib çıxdı. O nəslin davamçıları olan seyyidlər əsrlər boyu Qarabağda əziz tutular, xalq onlara, onlar da xalqa xidmət edərdilər.
Biz bu gözəllikləri azandan eşidib azandan qəbul edirdik. Odur ki, rəzil düşmən bizə və dinimizə nifrət edirdi. Bilirsiz Yezidin qoşunu İmam Hüseyni (ə) və onun yavərlərini nə üçün amansızlıqla öldürür, sonra isə mübarək cəsədlərinə hörmətsizlik edirdi? Çünki, öz rəzilliklərini görəndə, fəzilət sahiblərinə daha çox nifrət edirdilər. Heç şübhəniz, düşmən bu xalqa etdikləri zülmü eyni məntiqlə edirdi. Düşmən ilahi eşqlə bəslənmiş bir xalqı görə bilmirdi, çünki qəlbində şeytanı bəsləyirdi. Yoxsa onları narahat edcək başqa nə ola bilərdi? Məgər bizdən bir pislikmi gördülər? Yoxsa bizim haqqımızı yeməklə xoş günəmi çıxdılar?
Aşura günü Kərbəlada İmam Hüseyn (ə) tək qaldı. Üzünü hər dörd yana tutub “Yoxdurmu Haqqın yardımçısı” deyə çağırdı. Həmin an onun çağırışını eşidən olmasa da, Hüseynin (ə) səsi batmadı. Bu səs Kərbəlanın hüdudlarını aşdı, bütün məmləkətlərə, bütün dövrlərə yayıldı və eşidildi. Bu gün biz dünya ilə üzbəüz durub haqq səsimizi ucaldırıq: “Yoxdurmu bu zülmü görənlər?” Və imamımız kimi özümüzü meydanda tək görürük. Və şübhə etmirəm ki, imamımız kimi bu tənhalıqdan heç də qorxmuruq. Çünki, bilirik - Allah bizimlədir.
Bu qədər müsibətin içində Aşura günü İmam Hüseynin (ə) ordusundan azan səsi ucaldı. İmam (ə) öz yaxın adamları ilə döyüşü saxlayıb Allahın çağırışına cavab verdi, namaz qıldı. İmam Hüseynin (ə) bu günə kimi yaşaması onun qələbəsidir. Yezidlər öldülər getdilər, lakin İmam Hüseyn (s) əbədi yaşadı. Bu qələbə idi. Qanın qılınc üzərində qələbəsi! Az saylı ordunun bir dünya qədər yırtıcı üzərində qələbəsi! Və bu qələbənin həm mənbəyi, həm də şüarı azan idi. İmam Hüseyn (ə) aşiqi olan millətimiz hər zaman gücünü azandan alıb qələbəsini azanla elan edirdi. Hər zaman bu məmləkətdən azan səsi gələrdisə, hamı bilərdi bu xalq müzəffər xalqdır.
Əsrlər öncə Peyğəmbərimiz (s) düşmən əlində olan Məkkədə azanın pıçıltısı ilə öz haqq işinə başladı. Bu pıçıltı o qədər xalis idi ki, Allah ayə nazil etdi “İlahi kömək yaxındadır”. Bu pıçıltı Allahın yardımı ilə illər sonra Məkkədə zəfər hayqırtısı oldu. İnşallah, bu günlərdə düşmənin burnu altında, balaca bir kənddə səslənən Qarabağ azanı çox yaxınlarda zəfər harayı kimi ucalacaq.
hacishahin.az