"Din cahilliyə qarşı amansız mövqedə dayanan dəyərdir".
İlahiyyatçı alim, "Məşədi Dadaş" məscidinin axundu hacı Şahin Həsənlinin "Din və cəmiyyət" qəzetinə müsahibəsini təqdim edirik.
- Şahin müəllim, necəsiniz? Cəmiyyətdə gedən dini-mənəvi proseslərin içində, fonunda özünüzü necə hiss edirsiniz?
- Çox sağ olun. Özümü çox yaxşı hiss edirəm, düşünürəm ki, çox pozitiv proseslər gedir. Yəni Azərbaycanda milli-mənəvi dəyərlərimizə qayıdışın şahidiyik və insanlar, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərimizə maraq günü-gündən artır. Bu prosesi də mən pozitiv proses kimi dəyərləndirirəm. Çünki bu, həm insanların mənəvi baxımdan saflaşmasına gətirib çıxarır, həm də Azərbaycan dövlətçiliyini möhkəmləndirir. Çünki dövlətçiliyin möhkəmlənməsi də sağlam insanların vasitəsilə həyata keçirilə bilər; din və mənəviyyat da insanı daxilən saflaşdırır. Ona görə bu prosesi müsbət dəyərləndirir və iştirakçısı olduğum üçün özümü xoşbəxt hiss edirəm.
- Dinlə bağlı məsələlərə həm də dövlətçilik prinsiplərindən yanaşaraq münasibət bildirməyiniz bəzən sizi zərbə altında qoymur ki?
- Bəli, bəzi hallarda müəyyən zərbələr də alırıq. Çünki bəzi insanlar din haqqında yanlış təsəvvürə malik olduqları üçün dini dövlətçiliyə zidd anlayış kimi qəbul edirlər. Amma həqiqətdə din dövlətçiliyə xidmət edən vasitədir. Yəni hər bir inanclı insanın əsas vəzifələrindən biri də vətəndaşı olduğu dövlətin möhkəmlənməsinə xidmət etməkdir. Bu, hər bir insanın üzərində ilahi vəzifədir. Yəni insanlar həm xalq, həm də Allah qarşısında buna görə məsuliyyət daşıyırlar. Hər xalqın dövləti yoxdur, dövləti olan xalq xoşbəxt xalqdır. Allah bu səadəti bizə bəxş edib. Bizim müstəqil dövlətimiz var və bu müstəqil dövlətə xidmət göstərmək, ilk növbədə, həm də bir inanc məsələsidir, dini vəzifədir. Dövlətə, dövlətçiliyə xəyanət etmək – Allaha inanca, dinin özünə xəyanət kimi dəyərləndirilməlidir. Təbii ki, bunu başa düşməyən insanlar hər yerdə olduğu kimi, məhdud sayda da olsa, burada da var. Dövlətçiliyə xidməti başqa şəkildə təqdim etmək istəyən insanlar da mövcuddur. Ona görə də ara-sıra tənqid hədəfinə də çevrilirik. Lakin ümumilikdə inanclı insanlar, xalq və dövlət qurumları tərəfindən fəaliyyətimiz tam şəkildə dəstəklənir.
Azərbaycan dünyəvi dövlətdir. Burada dini dəyərlərin inkişafına şərait yaradılır. Azərbaycan dövlətinin din siyasəti bundan ibarətdir ki, insanlar sərbəst şəkildə öz inanclarını yaşamalıdırlar və dövlət tərəfindən də buna şərait yaradılmalıdır. Bu dövlətin mövqeyidir və bu mövqenin də insanlara çatdırılması din xadimlərinin də üzərinə düşür. Bəzən dövlətçiliyə zərbə vuran, din adıyla hansısa xoşagəlməz hərəkətlərə yol verən müəyyən radikal cərəyanlara qarşı dövlət tərəfindən addımlar atılanda kimlərsə bunu bilərəkdən, ya da bilməyərəkdən dövlətin dinə qarşı tutduğu mövqe kimi dəyərləndirməyə çalışır. Yəni bunu dövlət tərəfindən dinin təqib edilməsi kimi qələmə verməyə cəhd göstərir. Lakin biz hesab edirik ki, dövlət üçün dövlətçilik məsələsi çox önəmlidir və buna qəsd edən, dövlətçiliyə zərbə vurmaq istəyən istənilən qüvvənin qarşısı qətiyyətlə alınmalıdır. Bu elə dinin də tələbidir. Həzrət Əlidən (ə) bir hədis var ki, nəsihətlə islah olunmayan insanları sərt cəzalar islah edər. Yəni dövlətin sərt cəza mexanizmi də olmalıdır. Bu da heç bir vəchlə dinə qarşı tədbir kimi dəyərləndirilməməlidir. Belə məsələlərin insanlara çatdırılmasında dövlət qurumları ilə yanaşı, din xadimləri də, ruhanilər də məsuliyyət daşıyırlar. Bu siyasətin hərtərəfli şəkildə təhlil edilib insanlara çatdırılması bizim önəmli vəzifələrimizdəndir.
- Ancaq məsələyə sizin kimi yanaşmayanlar hələ də var. Buna səbəb nədir?
- Buna səbəb dinin düzgün anlaşılmamasıdır. Tarix boyu dinin əsas düşmənlərindən biri də nadanlıq və cahillik olub. Cahil insanların dini dəyərlərə sahib çıxması, dini dəyərlərə yiyələnməsi təhlükələr yaradır hər zaman. Ümumiyyətlə, dini baxışlarımızı təftiş etməliyik, yenidən baxmalı və dini düzgün dəyərləndirməliyik. Din xurafat, mövhumat, cəhalət deyil, əksinə, din cahilliyə qarşı amansız mövqedə dayanan dəyərdir. Dinimiz doğulduğu ilk gündən “oxu” kəlməsi ilə dəvətini başladı və cahiliyyət adlandırılan həmin dövrdə yarımvəhşi halında yaşayan qəbilələri tərəqqiyə çatdırdı, inkişaf etmiş millətə çevirdi.
Amma təəssüf ki, bu gün dini xurafat kimi anlayan, başa düşən və dini elmi əsaslarla öyrənməyə cəhd göstərməyən bir qrup insan da var və onlar dini düzgün anlamadıqlarından, bu kimi hadisələrə obyektiv qiymət verə bilmirlər. Dövlətin siyasətini də bəzən düzgün dəyərləndirə bilmirlər və din xadimlərinin tutduğu düzgün mövqeyi də bəzən dəyərləndirmirlər. Məncə, bu halların qarşısının alınmasının əsas vasitələrindən biri də dini dəyərlərin düzgün şəkildə təbliğ olunması, dövrün tələblərinə uyğun şəkildə çatdırılmasıdır.
- Sözünüzün qüvvəti, yaşadığımız Bakı şəhərində onlarla məscid var. Namaz vaxtları onların bəzisi boş olduğu halda, bəzisində adam əlindən yer olmur. Paradoksal mənzərədir: bir məsciddə yer yoxdur, ondan 1-2 kilometr aralıdakı məsciddə cəmi 5-10 nəfər adam toplaşır. Sizcə, buna səbəb nədir?
- Mən hesab edirəm ki, ümumiyyətlə, din xadimlərinin elmi səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Yəni din Azərbaycanda və istənilən yerdə müasir dildə insanlara çatdırılmalıdır. Din xadimləri “dövrün dili”ndə danışmağı bacarmalıdır. İnsanların ehtiyac duyduğu mövzulardan bəhs etməli, zəruri məsələləri onlara çatdırmalı, bu gün aktual olan mövzulara toxunmalıdır. Bu sahədə Azərbaycanda problemlər var və son dövrlər bu problemlərin aradan qaldırılması istiqamətində də addımlar atılır. QMİ tərəfindən din xadimlərinin təkmilləşdirilməsi kursları təşkil olunub. Mən bunu çox müsbət dəyərləndirirəm. Həmin kurslarda din xadimlərinə dini elmlərlə yanaşı, dünyəvi elmlər, müxtəlif mövzularda mühazirələr oxunur. Bu da onların dünyagörüşünün genişlənməsinə müsbət təsir göstərir. Mühazirəçilər ziyalılar, alimlərdir.
Din xadimlərinin səviyyəsinin yüksək olması bu gün ciddi tələb olunan məsələlərdəndir. Çünki Azərbaycanda dinə marağı biz təmin edə bilmiriksə, istər-istəməz insanlar kənara üz tutur və başqa dövlətlər də din adı ilə ölkəmizdə həmin boşluğu doldurarkən çox zaman öz siyasi maraqlarını güdürlər. Savadlı, elmli, dünyagörüşlü din xadimlərimiz çox olarsa, bir çox təhlükədən sığortalanarıq. Bayaq qeyd etdiyiniz kimi, məscidlərin bəzilərinin boş olmasının səbəbi məhz din xadimlərinin insanların ehtiyac duyduğu mövzularda danışmamaları, onların ehtiyaclarını ödəməmələridir. Eyni mövzuları təkrarlamaq, bu gün aktual olmayan mövzulara toxunmaq, yaxud da insanlara xurafatla qarışıq bəzi məsələləri çatdırmaq – nəticədə insanların dindən, məscidlərdən uzaqlaşmasına gətirib çıxara bilər. Azərbaycanda təhsil ocaqları, İslam Universiteti var, BDU-nun İlahiyyat fakültəsi var. Yəni dini təhsilin səviyyəsi artırılarsa, bu sahədə savadlı kadrlar yetişdirilərsə, bu, gələcəkdə dediyimiz problemlərin aradan qaldırılmasına xidmət etmiş olar.
- Hacı, dövlət məscidləri, ziyarətgahları təmir edir, QMİ-yə artıq 2,5 milyon vəsait ayrılıb. Dinə olan bu qədər qayğıya baxmayaraq, hələ də narazı təbəqə mövcuddur. Səbəb xarici təzyiqlər, təsirlərdirmi, yoxsa başqa səbəblər də var? Bir qədər bu haqda da sizi dinləmək maraqlı olardı...
- Azərbaycanda dini ocaqlar təmir edilir, məscidlərə dövlət yardımı ayrılır. Bu praktika nadir ölkələrdə var. Hətta İran İslam respublikası olmasına baxmayaraq, orada dövlət məscid təmiri, tikintisi ilə məşğul olmur. Bu işləri orada vətəndaşlar görür. Amma Azərbaycanda müsbət praktika var, məscidlər dövlət vəsaiti hesabına tikilir, təmir olunur. Bu, çox təqdirəlayiq haldır. Yəni nadir ölkələrdə olan praktikadır. Ona görə də bu dəyərləndirilməlidir.
Təbii ki, din sahəsində müəyyən problemlər mövcud ola bilər. O problemlər də tədricən həllini tapır. Problemlərin olması da faciə deyil, tədricən onların həlli üçün dini qurumlarla dövlət qurumları arasında tam əməkdaşlıq olmalıdır. Yəni kimlərsə hansısa problemlərin mövcudluğundan istifadə edib dövləti düşmən kimi təqdim edirsə, dindarlar bu məsələdə ayıq olmalıdır. Və biz həmişə buna çalışmışıq, bizim icmamızın prioritetlərindən biri də məhz dövlət qurumları ilə əməkdaşlıq mühitinin formalaşması, dövlət-din münasibətlərinin müsbət məcrada inkişaf etməsidir. Bu dövlətçiliyə xidmətlə bərabər, dini dəyərlərimizin inkişaf etdirilməsinə verilən töhfədir. Ona görə də mən düşünürəm ki, kənar təsirləri neytrallaşdırmaq üçün insanlara məsələləri aydınlaşdırmaq lazımdır. Həm də problemləri vaxtaşırı dövlət qurumları qarşısında da qaldırmaq və bunu əməkdaşlıq şəklində həll etmək olar. Amma bəzən kimlərsə əslində problemləri qabartmaqla, mən dəfələrlə bunun şahidi olmuşam, onun həllinə can atmır, əksinə, problemin qalmağında maraqlı olur. Guya dildə məsələnin həll olunmasında danışır, lakin maraqlı olur ki, problem qalsın və bundan istifadə edib, inanclı insanlarla dövlət arasında müəyyən bir inamsızlıq yaratsın. Bəli, mən düşünürəm ki, kənar təsirlər var, istənilən sahədə problem ola bilər, bunsuz mümkün deyil, sadəcə onların həllinə çalışmaq lazımdır. Daha yaxşı olar ki, dövlət qurumları ilə dini icmalar bu məsələlərdə əl-ələ verib əməkdaşlıq qursunlar, istənilən problemi də həll etsinlər.
- Xüms, zəkat yığılır və ölkədən çıxarılır. Olmazmı ki, yığılan xüms, zəkat ölkədə istifadə edilsin? Buna necə yanaşırsınız?
- Artıq Azərbaycanda belə bir praktika tətbiq olunur. Yəni xüms və zəkatın din xadimlərinin icazəsi ilə müəyyən məqsədlərə sərf olunması praktikası var. Əslində, insanlar din xadimləri ilə məsləhətləşib bunu edirlər, mərkəzləşmə məqsədilə həyata keçirilir. Yəni bəzi hallarda dini icmaların öz ehtiyaclarını təmin etmək üçün insanlar tərəfindən verilən könüllü ianələrə ehtiyacı olur. Eyni zamanda, xüms, zəkat da dini icmalara ianə kimi qəbul edilə bilər. Və onlar da dini icmaların ehtiyaclarını bu vasitə ilə ödəyə bilər, aztəminatlı ailələrə yardım göstərə bilər. Ümumiyyətlə, xeyriyyə fəaliyyəti dini icmalar tərəfindən genişləndirilməlidir. Dini icmalar yalnız dini ayinləri icra etməklə məşğul olmamalı, eyni zamanda xalqa, insanlara dayaq, dəstək olmalıdırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin belə bir təşəbbüsü də oldu ki, dini icmalar sosial layihələrə cəlb edilsin. Yəni dini icma təcrid olunmamalıdır, insanlara xeyir verməlidir. Din yalnız dini ayinləri, gündəlik ibadətləri icra etməkdən ibarət deyil. Peyğəmbərimizdən (s) gələn hədislərdə qeyd olunur ki, ən böyük ibadət xalqa, insanlara xidmətdir. Ona görə də bu vəsaitin məhz Azərbaycanda sərf olunması daha yaxşı olar və artıq bu istiqamətdə də addımlar atılır. Bizim icmada da konkret olaraq, xüms və zəkat daxili ehtiyaclara yönəlir.
- Nümunəvi vətəndaş deyirik, kimdir nümunəvi vətəndaş?! – Vicdanlı, tərbiyəli, zəhmətkeş, gözütox, ailəsinə, insanlara qayğı göstərən və s. Elə dindar insan da dolayısı ilə nümunəvi insan deməkdir. Ölkədə onların çox olmasını hamı istəyir. Lakin İslamın yayılması prosesində – halbuki burada İslamın heç bir günahı yoxdur – dindarlaşma nəticəsində azərbaycanlı yadlaşır. Din necə təbliğ edilməlidir ki, dindarlığın fonunda Azərbaycan insanı özgələşməsin?
- Ümumiyyətlə, bizim milli-mənəvi dəyərlərimizin, milli kimliyimizin formalaşmasında dinimizin rolu müstəsnadır. Yəni bunu insanlara çatdırmaq lazımdır ki, milli mənsubiyyətlə dini mənsubiyyət qarşı-qarşıya qoyulmamalıdır. Bunlar bir-birini tamamlayan iki dəyərdir. Yəni kimlərsə bəzən qəsdən millətə bağlılıqla dinə bağlılığı qarşı-qarşıya qoymağa, onları iki zidd kateqoriya kimi təqdim etməyə çalışırlar. Azərbaycanlılar tarixən, yəni İslamı qəbul etdikləri ilk dönəmdən İslama bağlı olublar. Xalqımız İslam mədəniyyətinə əvəzsiz töhfələr verib. Biz heç də digər müsəlman xalqlarından əskik deyilik bu məsələlərdə. Bəzən dindarlarda bir natamamlıq kompleksi yaşanır. Kimsə özünə kənardan müəllim görmək istəyir. Sanki bizdə din olmayıb, onu bizə kimsə öyrətməlidir. Təbii ki, elmin sərhədi yoxdur, elmi mübadilə yaxşıdır. İstənilən elmi əsər istənilən müəllif tərəfindən yazılıbsa, bu gün Azərbaycanın dövlət maraqlarına zərbə vurmursa, o əsər mənimsənilə, öyrənilə bilər. Lakin bu da kiminsə təsirinə düşmək anlamında qəbul edilməməlidir. Azərbaycan dindarı, inanclı insanı başa düşməlidir ki, öz dininə sahib çıxmalıdır, həmişə kimisə dinləməməlidir. Eyni zamanda, dini dəyərlərini yaşatmalı, digərlərinə çatdırmalıdır. Bir daha bunu vurğulamaq istəyirəm ki, millət anlayışı ilə din anlayışı bir-birini tamamlamalıdır. Bayrağımızda da, dövlət siyasətimizdə də bu təbliğ edilir. Dövlət başçısının çıxışlarında da dəfələrlə qeyd olunub ki, gəncliyimiz müasir olmaqla yanaşı, milli köklərimizə, dini dəyərlərimizə bağlı olmalıdır. Yəni mən burada problem görmürəm, sadəcə olaraq, bir daha deyirəm ki, bəziləri Azərbaycanda dinə ehtiyacdan istifadə edib kənardan öz ideologiyalarını ölkəyə yeritmək istəyirlər. Bəzi insanlar da bunun təsirinə düşür. Anlamırlar ki, bu, kiminsə ideologiyasıdır, bizə yaddır. Radikal cərəyanları da buna misal çəkmək olar. Təəssüflər olsun ki, son dövrlər azərbaycanlıların başqa dövlətlərdə din adı ilə gedib vuruşması, cihada cəlb olunması dinin yanlış başa düşülməsinin nəticəsidir. Mən bu prosesin içində olan bir insan kimi deyirəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərəfindən vaxtında müəyyən addımlar atıldı. Müxtəlif səpkidə bu radikallığın mahiyyəti insanlara çatdırıldı, maarifləndirmə işi aparıldı və eyni zamanda, müəyyən tədbirlər də görüldü. Məncə, maksimum dərəcədə çalışmalıyıq ki, insanları agah edək. Onlara dinlə milli dəyərlərin bir-biri ilə ziddiyyət təşkil etmədiyini çatdırmalıyıq. Lakin kimsə məqsədli şəkildə bu iki dəyəri qarşı-qarşıya qoymağa çalışacaqsa, məncə, dövlət və dövlət qurumları özü bunun qarşısını bəzən də cəza tədbirləri vasitəsilə almalıdır. Mən cəzanın tərəfdarı deyiləm, lakin bəzən cəza labüd olur. Hansısa bir zərurətdən doğur və qaçılmaz olur.
Ölkəmizdə, Allaha şükürlər olsun ki, əsrlər boyu formalaşmış tolerantlıq ənənələri var. Kimlərsə bunu zərbə altına almaq istəyir və Azərbaycanda hüquq-mühafizə orqanları və digər dövlət qurumları tərəfindən bu tip cərəyanların fəaliyyətlərinin qarşısı indiyədək vaxtında alınıb, yəni ciddi fəsad yarada bilməyiblər. Azərbaycanda radikallığın sosial bazası heç vaxt olmayıb. Ölkəmizdə dinlərin, ənənəvi məzhəblərin hamısı dəvətlərini ilahi eşq, irfan üzərində qurublar. İrfan da insanlara insanlığa məhəbbəti aşılayır. Yəni quru, sərt ehkamçılıqdan qaçmaq lazımdır. Dini insanlara sevgi, Yaradana sevgi kimi təqdim etmək lazımdır. Bu halda dindar həm nümunəvi vətəndaş, vətəninə xidmət edən insan olar, həm də dini ayinlərini sərbəst şəkildə icra edər. Bununla da, həm Allah yanında, həm də mənsub olduğu millət qarşısında üzüağ olar.
- Belə geniş, səlis, eyni zamanda demokratik açıqlamalarınız söhbətimizi bir az daha davam etdirmək üçün imkan yaradır. Buna görə sizə təşəkkür edirəm və daha bir sual: - 20 ildə islami, dini, mənəvi dəyərlərə qayıtmışıq. Amma necə?! – Nurçu, vəhhabi, şiə, sünni olmuşuq. Bu problemin həllini necə görürsünüz?
- Mən ümumiyyətlə məzhəblərin varlığını reallıq kimi qəbul edirəm. İnsan varsa, istənilən məsələyə fərqli yanaşma da var. Yəni insanların hamısını eyni cür düşünməyə məcbur etməyə heç kəs cəhd göstərmir, bu mümkün də deyil. Dinə də fərqli yanaşmalar, yozumlar ola bilər. Amma başlıca məqsəd bu olmalıdır ki, məzhəblər arasında qarşıdurma deyil, anlaşma mövcud olsun.
Azərbaycanda məzhəblər arasında dünyaya nümunə olacaq bir münasibətlər sistemi, həqiqətən də, mövcuddur. Bu, mübaliğə deyil. Bu mühiti, bu sistemi xalq özü formalaşdırıb. Quranın əsas ayələrindən biri budur ki, möminlər qardaşdır. İnanclı insanlar bir-birinə qardaş gözü ilə baxmalıdır, hətta müəyyən məsələlərə fərqli yanaşsalar, fikir ayrılıqları olsa belə.
Avropa dövlətlərində də fikir ayrılıqları, məzhəblər var. Amma orada məsələlər başqa şəkildə fərqini tapıb. Lakin təəssüf ki, müsəlmanlar məzhəb məsələlərini qabardıb, bir-birinin canına düşüblər bəzi ölkələrdə. Hətta məscidlərdə “Allahu-Əkbər” şüarı ilə partlayışlar törədilir. Anlamaq olmur, bunlar necə müsəlmandır ki, öz inanc qardaşını, dindarı qətlə yetirir və bu əməlini savab hesab edir. Şükür Allaha ki, Azərbaycanda belə hallar yoxdur.
Din xadimləri gərək məzhəblərin bir-birinə qardaş olmasını yalnız dildə deməsinlər, həm də əməli şəkildə nümayiş etdirsinlər. Yəni məscidlər məzhəblərə bölünməməlidir, müxtəlif məzhəblərin təmsilçiləri birgə tədbirlər keçirməlidirlər. Doğrudan da, indiyədək səmimi qardaşlıq olub, lakin indi kimlərsə qarşıdurma yaratmaq istəyir. Bu niyyətlərin qarşısını almaq üçün din xadimləri də, inanclı insanlar da məsuliyyət daşıyırlar.
Azərbaycan üçün ənənəvi olmayan bəzi cərəyanların təbliğinin qarşısı alınır ölkəmizdə. Son dövrlər bunun şahidi oluruq. Eyni zamanda, Azərbaycanın ənənəvi məzhəbləri var. Bu inancları və dinc yanaşı yaşamaq mədəniyyətini qorumalıyıq. İnsanlar fərqli baxışlarını müzakirə, elmi şəkildə təhlil edə bilərlər. Lakin bunu düşmənçilik səviyyəsinə qaldırmaq, “mənim kimi düşünməyən mənim düşmənimdir” prinsipi ilə hərəkət etmək - dinin özünün ibtidai prinsiplərinə ziddir. Peyğəmbərimiz (s) hətta ona daş atan bütpərəstləri də xeyir-dua ilə yad edir, onlara bəddua etmirdi. Onların doğru yola yönəlməsini arzulayırdı. Bizim üçün Peyğəmbər (s) nümunədirsə, o zaman bu dözümsüzlüyün səbəbini mən anlamıram. Yəni bir daha məsələ dinin səhv başa düşülməsinə gəlib çıxır.
Azərbaycanda hər kəs istənilən inancı bölüşə bilər. Bu, qanunvericilikdə də təsbit olunub, burada faciəvi bir şey yoxdur. Ölkəmizdə müxtəlif dini konfessiyaların mənsubları yaşayır. Onların arasında hətta tolerantlıqdan, dözümlülükdən daha üstün münasibət – qardaşlıq münasibəti olub. Ona görə də bu münasibətlərə xələl gətirmək, zərbə vurmaq istəyən insanların niyyətlərinin puça çıxması üçün, ilk növbədə, dövlət qurumları ilə yanaşı həm də din xadimləri məsuliyyət daşıyır. Danışılan xütbələrdə, çıxışlarda ixtilaflar qabardılmamalıdır. Ortaq dəyərlər daha çox önə çəkilməlidir. Məncə, müsəlmanları birləşdirən dəyərlər onları ayıran dəyərlərdən, amillərdən daha çoxdur.
- Bu sadaladıqlarınızdan bir az da təfərrüata vara bilərikmi? Baxın, nəzər salanda görürük ki, qonşu ölkələrdə İslam birləşdirici faktor kimi çıxış edir. Lakin etiraf etməliyik ki, Azərbaycanda belə deyil. Nə edək ki, İslam bizi birləşdirsin? Amma qeyd etməliyik ki, burada da günah qətiyyən İslamda deyil.
- Din, ümumiyyətlə, siyasi görüşündən, fərqli baxışlarından asılı olmayaraq, Azərbaycan xalqı üçün ortaq dəyərdir. İstənilən xalqın birliyini təmin etmək üçün ortaq dəyərlərə ehtiyac var, müxtəlif anlayışlar insanları birləşdirə bilir. Məsələn, dövlətçilik anlayışı insanları birləşdirə bilir, müxtəlif ortaq adət-ənənələr, milli mənsubiyyət – bunlar birliyi təmin edən başlıca amillərdəndir. Eyni zamanda, dinimiz xalqımız üçün ortaq dəyərdir. Qurani-Kərim bütün xalq tərəfindən sayğı ilə yanaşılan dəyərdir. Bir daha təkrar edirəm ki, problem burada dinin çatdırılmasındadır. Dinə dəvəti kimisə tənqid üzərində qurmaq olmaz. Həqiqət insanlara olduğu kimi çatdırılmalıdır və anlamaq lazımdır ki, fərqli düşünmək insanın haqqıdır. Quranda da bu haqq Allah tərəfindən insana verilib, bildirilir ki, “Biz insana doğru yolu göstərdik, istər şükür etsin, istər nankor olsun”. Və yaxud “dində məcburiyyət yoxdur” – Quran tərəfindən bəyan edilmiş prinsipdir. Yəni kiməsə hansısa dini ayini icra etmədiyi üçün yuxarıdan-aşağı baxmaq, insanları qruplara bölmək, qütbləşmə yaratmaq tamamilə səhvdir. Yalnız namaz qılıb, oruc tutan, yaxud da hicab bağlayan insanları dindar sayıb, digərlərini dinsiz hesab etmək, aqressiv, acıqlı yanaşmaq kimi münasibətlər dindən qaynaqlanmayan davranış tərzidir.
Bəzi hallarda qeyri-səmimi dindarlara da rast gəlirik. Dini dəyərlərin arxasında gizlənmiş, üzr istəyirəm, bəzən öz çirkin mahiyyətini dini dəyərlərin arxasında da gizlədən insanlarla qarşılaşırıq. Çox vaxt insanların inancından sui-istifadə edir və nəticədə də dinə zərbə vururlar. Eyni zamanda, dini ayinləri hələ icra etməyən, din haqqında dolğun məlumatı olmayan, lakin təmiz yaşayan insanlar da kifayət qədərdir Azərbaycan cəmiyyətində. Mən bir çox müsəlman ölkəsində olmuşam. Azərbaycan xalqı, bəlkə də, bir çox müsəlman xalqından daha artıq inanclıdır. Burada dinə hörmət daha çoxdur. Bu sayğı da birləşdirici amil olmalıdır.
- Siz bir sıra problemləri dinin düzgün şəkildə çatdırılmamasında görürsünüz. Götürək ki, 1991-ci ildən bugünədək müstəqilik. Lakin bir qisim Azərbaycan ziyalısı hələ də İslama ürək isitmir. Bunun səbəbini nədə görürsünüz?
- Bunun səbəbi dinin düzgün təqdim olunmamasındadır. Və buna görə də dindarlar məsuliyyət daşıyır. Hesab etmirəm ki, biz ziyalıları bu məsələdə birmənalı olaraq qınamalıyıq. Dini müsbət yöndə təbliğ, təqdim edən insanlar çox olarsa, ziyalılar da dindən ehtiyatlanmaz. Kimsə dindən ehtiyatlanırsa, dindarlar məsuliyyət hiss etməli, günahı özlərində axtarmalıdırlar. Yəni mən bunu bir inanclı insan olaraq deyirəm. Biz özümüzü məsuliyyətdən kənara çəkib başqalarını günahlandırmağa meyilli oluruq.
Hesab etmirəm ki, Azərbaycan ziyalısı dinsizdir. Ümumiyyətlə, Azərbaycan xalqının mütləq əksəriyyəti inanclıdır, hətta ibadət etməsələr belə. Yəni inanc Allaha inamı ifadə edir. İnsan Allaha inanırsa, dininə bağlıdırsa, bu, inanclı olmaq deməkdir. Dini ayinləri hansı dərəcədə icra etməsi isə növbəti mərhələdir. Ona görə də bəzilərindən fərqli olaraq, mən Azərbaycan ziyalısını dinsiz hesab etmirəm. Bəzi hallarda dinimiz səhv şəkildə təqdim olunur və insanlar da, ziyalılar da bu təqdimatdan ehtiyatlanır. Ziyalılar ağıl sahibidir - yəni Quranda da buyurulur ki, ağıllı insanlar üçün Allahın ayələrində nişanələr var –mümkün deyil ki, düzgün təqdim edilən dinə müsbət yanaşmasın. Ortada dini səhv şəkildə təqdim edən, qorxunc simada göstərən bəzi dindarlar var. Məncə, günahı bu insanlarda axtarmalıyıq, amma təbii ki, ziyalılar xalqın taleyinə görə həmişə məsuliyyət daşıyır. Onlar milli-mənəviyyatımıza, milli-mənəvi dəyərlərimizə, milli köklərimizə nə qədər çox bağlı olarlarsa, xalqın doğru yolda irəliləməsinə kömək edərlər.
- Söhbətimizin əvvəlində qeyd etdiniz ki, Azərbaycan dünyəvi dövlətdir. Sizcə, dünyəvilik ilə İslamı necə uzlaşdırmaq mümkündür?
- Dünyəvilik Azərbaycan xalqının seçimidir. Bu, Konstitusiyamızda təsbit olunub və xalqımız da ona səs verib. Azərbaycan dünyəvi dövlətdir, eyni zamanda ölkədə bütün dinlərin qanun qarşısında bərabər olması da Konstitusiyada təsbit edilib. Dünyəvilik heç də dinsizlik demək deyil, onu dinsizlik kimi təqdim etməyin qəti əleyhinəyəm. Dünyəvi dövlətdə inanc, dini-etiqad azadlığı təmin olunur. Bəzən süni ziddiyyət yaratmaq, onu başqa rəngdə təqdim etmək istəyən insanlar olur, lakin mən düşünürəm ki, Azərbaycanın bugünkü inkişafı onun dünyəviliyindədir. Yəni xalqımız bu seçimi edibsə, istənilən inanclı insan da həmin seçimə hörmətlə yanaşmalıdır. Hər bir insan öz inancını, dini etiqadını sərbəst şəkildə yaşayırsa, onu digər insanlarla bölüşə bilirsə, dünyəviliklə din arasında ziddiyyət görmürəm.
- Qurani-Kərimin “Hücurat” surəsinin 13-cü ayəsində buyurulur ki, “...Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. Dini kimliyimizin güclənməsi ilə milli kimliyimizin təhlükə altında qalmaması üçün nə edək?
- Quranda dediyiniz kimi, bu məsələyə işarə olunur ki, insanlar bir-birini tanıyıb zənginləşmək üçün millətlərə bölünüb. Milli mənsubiyyət ayrılıq vasitəsi deyil, tarixi inkişafın təbii nəticəsidir. Quranda ardınca da buyurulur ki, Allah yanında daha üstün olanınız təqvalılarınızdır. Yəni üstünlüyün meyarı insani, mənəvi dəyərlərdir. Ona görə də bu ayədə həm millət, həm də din məsələsi haqqında danışılır. Yəni mənəvi dəyərlərə bağlı olan insan əslində öz millətinə qarşı sayğısızlıq nümayiş etdirməz. Yəni milli mənsubiyyət də bir mənəvi dəyərdir. İnsanın mənsub olduğu millətə sadiqliyi onun dini vəzifəsidir. Mən tam məsuliyyətlə deyirəm ki, din doğru şəkildə təbliğ olunarsa, insanların inanca yönəlməsini zəiflətməz, əksinə gücləndirər. Çünki insan Allahdan, mənəviyyatdan qopursa, hər şeydən qopur. Artıq yalnız özünü düşünən mənfəətpərəst varlığa çevrilir və belə bir varlıq üçün millət anlayışı da olmur. Yəni onun üçün ümumi mənafe adlı bir təəssübkeşlik duyğusu olmur. Amma din birləşdirici faktordur və bir millət olaraq bütövləşə bilməsək, bir ümmət olaraq da bütövləşə bilmərik. Bəzi insanlar ümmət anlayışını millət anlayışına qarşı qoyur, yəni müsəlmanların birliyindən danışır, amma eyni dəyərləri bölüşdüyü eyni milli mənsubiyyətə aid olan insanlarla yola getmir, lakin müsəlmanların, ümmətin vəhdətindən, birliyindən danışır. Ona görə də hesab edirəm ki, dini hisslər gücləndikcə milli hisslər zəifləməz. Bir şərtlə ki, din düzgün təqdim olunsun. Dinlə milli dəyərlər qarşı-qarşıya qoyulmasın. Bunların bir-biri ilə heç bir ziddiyyəti yoxdur. Yəni bu dəyərlər bir-birini tamamlamalı, zənginləşdirməlidir.
Bu gün elə cərəyanlar var ki, millətə xas olan hər şeyi inkar edirlər, bidət adlandırırlar. Müxtəlif adət-ənənələrimizi, tutaq ki, Novruz kimi müsbət dəyərimizi din adı ilə inkar edirlər. Bu, əslində, xalqı milli köklərindən ayırmaq deməkdir. Halbuki heç də hər adət-ənənənin Qurandan qaynaqlanmasına ehtiyac yoxdur. Hər hansı adət-ənənə Quranla ziddiyyət təşkil etmirsə, ümumiyyətlə, insanlıqla ziddiyyətdə deyilsə, din onun legitimliyini təsdiq edir. İslam yayıldığı coğrafiyada bu dini qəbul etmiş hər bir xalqın milli-mədəniyyətini təsdiq edib, onu assimilyasiyaya uğratmayıb, aradan aparmayıb. Yəni İslam milli-mədəniyyəti tanıyıb, zənginləşdirib. Biz xalq olaraq həm İslam mədəniyyətinə töhfə vermişik, həm də İslam mədəniyyəti Azərbaycan mədəniyyətindən bəhrələnib. Bu xidmət qarşılıqlıdır. Ona görə də bu anlayışları qarşı-qarşıya qoymaq ciddi təhlükələrə gətirib çıxarır. Azərbaycana xas olmayan cərəyanlar bunu etməyə cəhd göstərir, məhz bir çox adət-ənənəmizi bidət adıyla, yəni dinə gətirilmiş yenilik adıyla inkar etməyə cəhd göstərirlər. Halbuki onların dinlə heç bir ziddiyyəti yoxdur. Ümumiyyətlə, müsbət nə varsa, din onu təsdiqləyir, onu imzalayır. Bizim adət-ənənələrimizin böyük hissəsi dinlə ziddiyyət təşkil etmir. İnkişafımıza mane olacaq hər hansı adətimiz varsa, bundan imtina etməyə haqqımız var. Amma bunu din adı ilə etmək, dinlə ziddiyyətdə olduğunu söyləmək yolverilməzdir.
- Müsəlmanın məzhəbi olmalıdır və bu, təbii haldır. Lakin o, məzhəbçilik də etməməlidir.
- Tamamilə doğrudur.
hacishahin.az