Son zamanlar İslam dünyasında baş verən hadisələr, İslamda imamların yeri və İslamın ərəblər üçünmü gəldiyi, cihad haqqında suallara şiələrin baxışı ilə, həm özümüzə, həm də oxucularımıza maraqlı olacaq cavablar aldıq.
Hacı Şahin Həsənlinin etatist.com-a müsahibəsinin II hissəsi (birinci hissə ilə burada tanış ola bilərsiz)
- Fiqhlə əqidəni bir-birindən ayırmırlar. Ancaq, əqidə fiqhdən üstündür. Mən İslam tarixini araşdıranda əqidəni fiqhdən üstün tutanların məhz imamlara tabe olanlarda gördüm. İmamlar fiqhə istinad etmirdilər, əqidəyə istinad edirdilər. Onların sözləri, addımları öz dövrünə görə müasir və dövrün tələbinə uyğun idi. Ancaq sonradan şiəliyin içərisində də , alim hökmü, bir şərilik hakim kəsilməyə başladı. Çoxları İsna-əşəriyyə ilə şiəliyi eyni sayır, bir çoxları heç İsna-əşəriyyə sözünü bilmir. Sualım da bununla bağlıdır. İsna-əşəriyyə ilə şiəliyin fərqi varmı?
- Əvvəla bunu qeyd edim ki, məzhəblərin varlığı reallıqdır. Biz bunu qəbul etməliyik. İnkar etməklə deyə bilməyəcəyik ki, "məhzəb yoxdur”. Məzhəblər insanların dinə fərqli yanaşmasının nəticəsidir. İnsanların istənilən məsələyə fərqli yanaşmaq hüququ var. Öz istədikləri kimi anlamaq hüququ Allah tərəfindən insanlara verilib. Quranda da qeyd olunub, "biz insana doğru yolu göstərdik. İstər şükür etsin, istər nankor olsun”. Yəni, doğru və səhv seçim etməkdə insan ixtiyar sahibidir.
- İradə azadlığı...
- Bəli, iradə azadlığı. İstənilən əqidə seçimində bu məsələ var və dinə yanaşmada müəyyən fərqlərin olması təbiidir. Təhlükəli olan bu fərqlərin qabardılması və düşmənçilik səviyyəsinə qaldırılmasıdır. Yəni, müsəlmanlarda fərqli fikirə dözümlülük nümayiş etdirmək mədəniyyəti olmalıdır. Bu mədəniyyət tarixin ilkin dönəmlərində olub. İmam Cəfər Sadiq (ə) tələbələri Mədinə məscidində müasir dil ilə desək ateist alimlərlə, Allahı inkar edən alimlərlə elmi mübahisələr aparırdılar. Görün, bu nə dərəcədə dözümlü bir mühitdir ki, Peyğəmbər (s) məscidi yanında dinsiz bir insan rahat şəkildə Allahı inkar edə bilirdi. İslamın ilkin dövrlərində bu hallar olub. Ümumiyyətlə xəlifələrin insanlar tərəfindən tənqid olunması, onlara irad tutulması, demokratik bir mühit olub. Sonradan isə bu fərqlər qızışdırılaraq artıq ixtilaflar səviyyəsinə gəlib çıxıb və təəssüflər olsun ki, bu gün də bu proses davam edir. Məzhəblər arasında olan fərqlər çox qabardılır və artıq "mənim kimi düşünməyən mənim düşmənimdir” prinsipi irəli sürülür, dinsiz hesab olunur. Təkfirçiliyin mahiyyəti budur. Təkfir küfr sözündəndir - kimisə kafir hesab etmək.
- Haqqında hökm vermək...
- Hökm vermək. Ona görə də istənilən adam onunla eyni düşünməyəni kafir elan edib, sonra da qanını halal edə bilir. Təbii ki, ənənəvi məzhəblərdə biz bunun şahidi deyilik. Amma bu gün müasir dövrdə həmin o radikal təfəkkürün mahiyyətində bu dayanır. Ona görə də bu fərqlilikləri biz təbii qəbul etməliyik. Fiqhdə, siz dediyiniz kimi, fərqli yanaşmalar qoyula bilər və insanların alimlərə müraciət etməsi də təbiidir. Amma bunu da şişirdib şəxsiyyətlərin bir kultu səviyyəsinə gətirib çıxarmaq olmaz. Bu filan müctəhidi təqlid edir, digərləri başqasını. Bunların arasında bir mübahisə yaranır. Bunlar təbii ki, yalnış addımlardır. Ümumiyyətlə insan əqidə seçimində azaddır. Əqidədə kimisə təqlid etmək olmaz. Siz dediyiniz kimi, insan əqidəni dəlil və məntiq əsasında seçib və o yolu getməlidir.
- Quranda bu barədə açıq-aydın ayələr də var.
- Bəli. Amma fiqh mövzularında, şəriət mövzularında insanlar alimlərə müraciət edir. Çünki hər bir insan din alimi ola bilməz və olmaq məcburiyyətində deyil. Məsələn, şəriətlə bağlı namaz, dəstamaz, orucla bağlı hökmlərdə mütəxəssislər rəy verir və insanlar da onlara müraciət edir. Amma bunu bir daha deyirəm, həddindən artıq şişirtmək, fikirləri qarşı-qarşıya qoymaq yalnışdır.
- İsna-əşəriyyə və şiəliyin ilkin vaxtlarında olan əqidə varlığı ilə indiki şiəlikdə fərq görürsünüz?
- İsna-əşəriyyə 12 imamı qəbul edən bir əqidədir. Bundan əlavə ismaililər, ələvilər və yaxud zeyidilər var, fatimilər təriqəti olub şiəliyin tarixində. Hətta əhli-sünnət məzhəbləri içərisində də müəyyən qollar ayrılıb. Amma bu gün şiəlik dedikdə isna-əşəriyyə nəzərdə tutulur əsasən...
- Amma isna-əşəriyyədə fiqh yoxdur.
- Əvvəl sistemli şəkildə yox idi. Amma imam Cəfər Sadiqin (ə) təlimlərindən sonra fiqh elmi formalaşmağa başladı. 12-ci imamdan sonrakı dönəmdə artıq fiqh alimləri yetişməyə başladı. Siz dediyiniz kimi, əvvəlki dönəmlərdə imamlar bu missiyanı öz üzərinə götürdü. Sonra imam olmadığı zaman alimlər tədqiqatlara əsasən müəyyən fiqh məsələləri ortaya qoymağa başladı.
- Maraqlısı budur ki, məhz fiqh yanaşması yaranmağa başlayandan sonra İslam bir qədər çətinləşməyə başladı. Yəni, mahiyyətindən çox uzaqlaşmağa başladı. Məsələn, indi qılınan namazla Quranda göstərilən namaz eynidir?
- Bilirsiniz, ümumiyyətlə Quranın ayələrinə biz diqqət edəriksə, Quranın ümumi prinsiplər bəyan etdiyini görərik. Təfərrüatı isə peyğəmbərimizdən (s) və məsum şəxslərdən nəql olunmuş mötəbər hədislərə əsasən müəyyən qaydalarla əldə etmiş oluruq. Tutaq ki, Quran "namaz qılın” deyə buyurursa, namazın qaydalarını hədislər bizə izah edir. Peyğəmbərimizdən (s) nəql olunan hədislər.
- Bildiyim qədəri ilə Zəhəbi şiə məhzəbinin hədislərində ən çox səhih hesab olunan rəvayətçilərdən biridir.
- Müxtəlif rəvayətçilər var. Rical elmi var - hədisləri, onların mötəbər olub olmamasını araşdırır. Təbii ki, hədislərlə bağlı təkcə şiə məhzəbi ilə sünni məzhəbi arasında yox, bütün məhzəblər arasında fikir ayrılıqları var. Tutaq ki, sünniliyin içində 4 məzhəb var, onların arasında da fiqhi baxışlarda fərqlər var.
- Amma hədislər peyğəmbər dövründən sonra yasaq elan edilmişdi.
- Bəli. Peyğəmbərdən (s) sonra xəlifələr dövründə də yasaq elan edildi, amma hədisləri biz tam inkar edə bilmərik. Düzdür, bəzi hallarda zəif, sənədi mötəbər olmayan, etibarsız hədislərə də istinadların şahidi oluruq. Yəni, mən belə düşünürəm ki, araşdırılıb səhih hədislər insanlara çatdırılmalıdır. Məsələn, bir çox hallarda minbərlərdə, məscidlərdə heç bir sənədi-sübutu olmayan, dəlili olmayan hədislər, reallıqla uzlaşmayan, xurafat, mövhümat xarakterli hədislər nəql olunur.
- Çoxdur...
- Düşünürəm ki, bu gün hədis kitablarını araşdırıb, səhih hədisləri ortaya qoyacaq insanlara ehtiyac var. Din təbliğ edən insanlar istər fiqh, istər əxlaq, istər əqidə ilə bağlı məsələlərdə alimlər tərəfindən mötəbərliyi şübhə doğurmayan hədislərə istinad etməlidir. Bəzən, siz dediyiniz kimi, fərqlər məhz zəif və tarixi baxımdan etibarsız sayılan hədislərin nəql olunması nəticəsində meydana gəlir. Təbii ki, bir daha deyirəm, elmdə fikir ayrılığı ola bilər və olmalıdır. Bunu inkar edə bilmərik. İstənilən elmdə bu var. Din elmlərində də bu ola bilər. Amma bunu hansısa bir düşmənçiliyə səbəb kimi qabartmağın qəti əleyhinəyəm və buna yol vermək olmaz.
- Vəhy dinini necə elmi hesab etmək olar? Vəhyi elmlə izah etmək mümkündürmü? Amma buna qalxışanlar insanlar arasında nifaq salır, düşmənçiliyə səbəb olurlar alimlərin dediklərinə görə. Oysa İslamın ilkin dövründə alim anlayışı olmayıb. Bizim dövrümüzdə radikallaşmağın, insanların bir-birinə qarşı dözümsüz yanaşmağı hamısı sətir arasında, cümlələrin arasında qaldığı o "elmi” fikirlərlə olduğu qənaətindəyəm. Biz o cahillərin böyütdüyü nöqtədən imtina edib, elə o əvvəlki nöqtəyə qayıtmaq yolunu tuta bilərik?
- Bütün fərqləri aradan qaldırmaq mümkün deyil. Biz, Azərbaycanda bu təcrübəni yaşamışıq. Azərbaycanda doğurdan da tez-tez vurğulanır ki, tolerantlıq var. Tarix boyunca məzhəb və dini zəmində ciddi bir münaqişənin şahidi olmamışıq. Avropa tarixinində də məzhəblər arası münaqişələr olub. Amma orda artıq məsələ həll olunub. Bu gün müsəlmanların da hamısının eyni məzhəbə gəlməsi ilə bütün məsələlər həll olunmur. Bunu reallaşdırmaq bir qədər çətindir. Amma fərqli düşüncələrə hörmətlə yanaşma mexanizmlərini işləyib hazırlamalıyıq. Vəhy elm və ağılla izah olunmasa da elmlə ziddiyət təşkil etmir. Vəhy heç bir zaman ağla və elmə zidd ola bilməz. Elm vəhyi izah etmək iqtidarında olmaya bilər. Amma elmə zidd heç bir şey tapa bilmərik. Elmin aciz olduğu məsələləri vəhy bizə aydınlaşdırır. Amma ilahi vəhydən qaynaqlanan bəzi hökmlər ağıl və elmlə izah olunur.
Quran-i Kərimdə müəyyən əxlaqi göstərişləri var. Yalan danışmamaq, qeybət etməmək, zülm etməmək, oğurluq etməmək və s. Bunların hamısı vəhydir. Eyni zamanda ağıl və elm də bunları təsdiqləyir. Sadəcə qeyblə bağlı məsələləri insan ağlıyla, tutaq ki, cənnətin və cəhənnəmin necəliyini təsvir edə bilmərik. Bu, elmin təhqiqat obyekti deyil. Elm maddi aləmi araşdırır. Elmin təhqiqat obyekti maddi aləm ilə məhdudlaşırsa, vəhy bizə qeyri-maddi və pərdəarxası aləm haqqında məlumat gətirir. Eyni zamanda dinə yanaşma məntiq və ağla söykənməlidir. Quran-i Kərimdə də belə deyilir ki, "insanları hikmətlə Rəbbinə doğru çağır”. İnsanlar da sözləri kor-koranə qəbul etməməlidir. Danışan insanlardan dəlil və sübut tələb etməlidilər. Hz. Əli (ə) deyirdi ki, "haqq insanlarla deyil, insanlar haqq ilə tanınar”. Yəni haqqı tanıdıqdan sonra, haqqın tərəfdarlarını da tanıya bilərik. Rasionallıq bu gün qələbə çalmalıdır. Din müasir zaman üçün təbliğ olunmalıdır. Dövrün tələblərini nəzərə alənmalıdır.
Bu ehtiyaclar ödənmədiyi təqdirdə insan xurafata və radikallığa üz tutur. Azərbaycanda radikallığın sosial bazası o qədər ciddi deyil. İndi ciddi sosial dayaqları yoxdursa da, gələcəkdə bu təhlükə ola bilər. Azərbaycanda bu qruplaşmalar müxtəlif cinayət törətməyə cəhd göstəriblər. Şükürlər olun ki, hüquq mühafizə orqanları tərəfindən qarşısı alınıb. Amma bu yalnız qanun müstəvisində həll olunmamalıdır. Orta məktəblərdə belə din haqqında bilgilərin verilməsinə ehtiyac var. Bilgilər olarsa o zaman radikallıqda olmaz. Çünki, radikal düşüncələr primitivdir mahiyyət etibarı ilə. Primitiv düşüncənin təsirinə isə ancaq savadsız insanlar düşə bilir. Düzdü istisna hallarda ali təhsilli bir insanın da hansısa radikal cərəyana qoşulduğunun şahidi ola bilirik, lakin əsasən savadsızlıq burada böyük rol oynayır.
- Şiəliyin özündə mənim anlamadığım bir şey var. İmam Həsən ilə İmam Hüseynin ikisinin də qardaş olmasına baxmayaraq İmamlar Hüseynin nəslindən gəlirlər. Bəziləri bunu onun həyat yoldaşının fars olduğu üçün, sonradan təbliğata çevrildiyini deyirlər. Bu haqda nə deyə bilərsiniz?
- Tarixi baxımından İmam Hüseynin (ə) nəslinin Şəhrəbanı adında fars əslilli həyat yoldaşından davam etməsi ilə bağlı əlimizdə bir dəlil yoxdur.
- Sizin fikrinizcə niyə İmam Həsənin heç bir övladı Əhli-Beyt xətti ilə gəlmir. Amma İmam Hüseyndə belə olur?
- Bu barədə dəqiq fikir söyləmək çətindir. Çünki, Cəfəri məzhəbinə əsasən, imamlar Allah tərəfindən təyin olunur.
- Amma Cəfərilik məzhəb olaraq XVII əsrdə formalaşıb.
- Bəli, aparıcı məzhəblərdən biri kimi. Amma məzhəb kimi öncədən də var idi. Onun müraciət etdiyi mənbələr ilkin mənbələrdir. Məsələn, Peyğəmbərimizdən (s) nəql olunan hədislər, imamların sayının 12 olacağını qeyd edir. Maraqlısı da budur ki, bütün məzhəblər bunu qəbul edir. Yəni, burda seçimin İmam Hüseynin (ə) övladları üzərində edilməsi ilahi bir hikmət əsasındadır. Bunun heç bir İran şahı ilə əlaqəsi yoxdur. Çünki, şiəlik İrana gəlib çıxmazdan əvvəl əsasən İraq ərazisində geniş yayılır. Ondan sonrada başqa ərazilərə yayılmağa başladı.
hacishahin.az