“Tədricilik maddi varlığın ayrılmaz bir parçası, təkamülün önəmli şərtlərindən biridir. Biz həyatda hər şeyi tədricən əldə edirik. Bu maddi dünyanın qanunauyğunluğudur. İlahi həqiqətlər də Yer üzünə tədricən nazil olub, elmə tədricən yiyələnirik. İnsan kamillik yolunda pillə-pillə irəliləyir. Dini hökmlər də bu tədricilik prinsipinə əsaslanır. Şəriət qanunları insanlara bütövlükdə deyil, mərhələ-mərhələ çatdırılıb”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Şahin Həsənli “Yaşıl orta” verilişində deyib. O bildirib ki, Məhəmməd peyğəmbərin dəvətini Məkkə və Mədinə dövrü olmaqla 2 yerə bölmək olar: “ Allah rəsulu Məkkədə daha çox islam əqidəsini ideoloji baxımdan insanlara çatdırıb. Mədinə dövründə isə şəriət qaydalarını izah etməyə başlayıb. Örtünmə haqda ayələrin enməsi, içkinin qadağan olması,qənimətin bölünməsi, irslə bağlı məsələlər tədriciliyə əsaslanır. Məkkə fəth olunduqdan sonra faiz, sələmçilik ilə bağlı ayələr nazil oldu. Peyğəmbərin özü şəriəti mükəmməl bilib əməl etməsinə baxmayaraq, hökmlər cəmiyyətə mərhələli şəkildə çatdırılıb”.
Ş.Həsənlinin sözlərinə görə dindəki tədricilik insanları Allahın əmrlərinə hazırlamaq məqsədi daşıyır: “O zamankı ərəb toplumunda da içkidən istifadə edilirdi. İçkinin yasaq edilməsi bir neçə ayə ilə buyruldu. Birinci mərhələyə “Nəhl” surəsinin 67-ci ayəsini qeyd edə bilərik: “Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır”. Bu ayədə içki xeyirli ruzidən ayrılır. İkinci “Nisa” surəsinin 43-cü ayəsi: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın”. Yəni heç olmasa namaz müddətində sərxoş olmayın. “Bəqərə” surəsinin 219-cu ayəsində belə buyrulur: “ (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! Xeyir deyildiyində burada mənfəət nəzərdə tutulur. Məsələn, qumar vasitəsi ilə, içkinin ticarətindən də insanlar qazanc əldə edə bilir. Ayədə qeyd olunur ki, bunların ziyanı xeyrindən daha çoxdur. Sən məfəət əldə edirsən, amma içki insanların mənəvi tənəzzülünə səbəb olur. Son ayədə isə içkinin haram olması qətiyyətlə bildirilir. Buyrulur ki, içki şeytan əməllərindəndir, ondan çəkinin ki, bəlkə nicat tapasınız. Gördüyünüz kimi dini hökmlər mərhələ-mərhələ insanlara çatdırılıb”.
İlahiyyatçı qeyd edib ki, içkinin haram olması Allah əmri olduğu kimi namaz qılmaq da Rəbbin vacib hökmlərindəndir: “ İnsan haramlardan uzaq olmağa çalışmalıdır. Dinimizə görə içki içənin 40 gün ibadəti qəbul olmaz. Həmçinin namaz insanları pis əməllərdən uzaqlaşdırır. Birisi günah etdiyi halda yenə də ibadətə yönəlirsə, namaz onu tədricən günahdan uzaqlaşıra bilər. İçki qəbul edən insana ibadəti qadağan etmək olmaz”.
APA