XƏBƏRLƏR

Mehdiabadda əzadarlıq məclisi

10 Oktyabr 2017 2118

Oktyabrın 9-u Abşeron rayonu Mehdiabad qəsəbəsindəki məsciddə məhərrəm əzadarlığı keçirilib.

 

Məclisdə iştirak edən ilahiyyatçı hacı Şahin Həsənli əzadarlar qarşısında moizə ilə çıxış edib. İmam Hüseyn (ə) üçün saxlanılan matəmin əhəmiyyətindən danışan alim bildirib ki, Kərbəlada saxta dindarlıqla həqiqi dindarlıq arasında sərhəd çəkildi. Tarixi prosesin ana xətti həqiqət cilvəsinə girmiş batillə xalis həqiqət arasında gedən savaşdır.  Başqa cür desək, iman arxasında gizlənmiş imansızlıqla saf iman arasında gedən savaş. Qurani-Kərim də bəşəriyyətin ilk münaqişəsini – Habillə Qabilin əhvalatını məhz bu prizmadan aşılayır.

 

Hazırkı dönəmdə baş verən hadisələri izlədikdə anlaşılır ki, keçmişdə yalan etiqadlar haqq sözləri özünə qalxan edə bilirdilərsə, artıq bu imkanlar tükənməkdədir. Batil olduğu kimi görsənəndə isə, məhvə məhkumdur. Daha sonra hacı Şahin Həsənli Axirəzzamanda dindarların xüsusən diqqətli olmalarının əhəmiyyətini vurğuladı. Beləki, nahaqq yalnız qəlbinin dərinliklərində imansızlıq gizlənən möminlərin sayəsində mövcuddur.

 

Xətibin sözlərinə görə, məzlum imamı sevmək olduqca asandır, lakin imamı qüdrətdli görüb sevmək bir çoxları üçün narahatedicidir.  Bu gün bir çoxları həzrət Mehdinin intizarını çəkdiyi kimi, imam Hüseyn (ə) qatilləri onu səmimi olaraq “tələs, tələs!” deyə Kufəyə çağırırdılar. Əksinə, Kərbəlada imamın (ə) müdafiəsinə elə insanlar qalxdı ki, bir neçə gün öncə özlərini onun müxalifləri sayırdılar.

 

Bu təhlükəli imtahandan çıxmaq üçün insan dəyərin özünü dəyərləndirməyi, dəyəri daşıyan insanları sevməyi, özündən üstün insanların üstünlüklərini rahat qəbul etməyi bacarmalıdır. Bu təvazokarlıq insanın Allaha və onun vəlisinə məhəbbəti gücləndirir.

 

hacishain.az