Ilahiyyatçı-alim hacı Şahin Həsənli oktyabrın 11-i Bakının Yasamal rayonunda yerləşən hüseyniyyədə keçirilən əzadarlıq məclisinə qatılıb. Dindarların qarşısında çıxış edən Ş. Həsənli ilahi vilayətə düşmən kəsilməyin səbəblərindən danışıb.
İlahiyyatçı bildirib ki, hər bir ibadətin, davranışın ehkamı və ədəbi olduğu kimi, ilahi vilayətin də özünəməxsus ədəbi var. Bizim ilahi övliyalar müqabilində ədəb göstərməyimiz mühümdür. Övliyaya qarşı kiçik ədəb insanı xoşbəxt, kiçik ədəbsizlik isə bədbəxt edə bilər. Kərbəla şəhidlərindən olan Hürr bunun bariz nümunəsidir.
İlahi vəlinin göndərilməsindən məqsəd onların cəmiyyətə rəhbərlik etməsidir. Bu rəhbərlik imamın zora tətbiq etməsindən deyil, cəmiyyətin imama ehtiramından qaynaqlanmalıdır. Cəmiyyətin izzəti də bu ədəbdə, bu ehtiramdadır. Yalnız ilahi övliyaya qarşı ədəbli olan cəmiyyətdə imam rəhbər ola bilər.
Bu məsələnin Kərbəla ilə birbaşa əlaqələndirən hacı Şahin Həsənli bildirib ki, kufəlilərin imam Hüseynlə (ə) düşməniliklərinin səbəbi yox idi. Niyə onlar imam qatili oldular və qətldən sonra dərhal peşman oldular? Onların Əhli-Beytlə (ə) ədavəti üçün heç bir əsası yox idi, əksinə yalnız ehtiram və qayğı görmüşdülər. Məhz heçkəsdən görmədikləri məhəbbət onları Əhli-Beytə (ə) qarşı cürətləndirdi. Yezidin adından qorxurdular. Amma imam Hüseyndən (ə) çəkinmirdilər, bilirdilər ki, onların satqınlığını da əfv edər. Bu nanəcib xislət, bu ədəbsizlik onları imam qatilinə çəvirdi.
Sonda ilahiyyatçı vurğuladı ki, kufəlilər Müslim ibni Əqilin timsalında imamın naibinə dəstək versəydilər, Kərbala müsibəti baş verməyə bilərdi.
hacishahin.az