XƏBƏRLƏR

Şurabadda əzadarlıq məclisi

17 Oktyabr 2017 2475

Oktyabrın 17-si Xızı rayonu Şurabad kənd məscidində məhərrəm ayı ilə əlaqədar əzadarlıq məclisi keçirilib. Tədbir müqəddəs Qurani-Kərimin qiraəti ilə başlayıb. Daha sonra ilahiyyatçı-alim hacı Şahin Həsənli əzadarlar qarşısında moizə ilə çıxış edib.

 

Hacı Şahin Həsənli əzadarlıq məclisinin əhəmiyyətinə toxunaraq bildirib ki, hər il bu hadisənin yeni qatları açılır. Eyni zamanda ildən ilə təziyələrin daha geniş vüsət tapmasını müşahidə edirik. İslamın məhz Aşura bucağından tanınması ilahi mesajların bəşəriyyətə çatmasında müstəsna rola malikdir.

 

Ilahiyyatçının sözlərinə görə, xeyirə çağırış və pislikdən çəkindirmə dinin ana sütunlarındandır. Bu dəyər Kərbəlanı yaradan amillərdən biridir. Müasir dünyada nəsihət şəxsi işə müdaxilə, azadlığın məhdudlaşması kimi qəbul olunur. Bu da Qərb mədəniyyətinin təsiri sayəsində belə olub. Dinimiz insanların şəxsi işlərinə müdaxiləsini yasaqlayır. Dini mənbərələrdə kiminsə səhvini güdmək, eyb axtarmaq günah sayılır. Hətta kiminsə pis işini gördükdə onu xeyrə yozmaq və ya həmin şəxsin peşman olub bağışlandığını düşünmək gərəkdir. Lakin, bütün bunlar xeyrə çağırış və pislikdən çəkindirmə ilə ziddiyət təşkil etmir. İlk öncə nəsihət məhəbbətdən doğmalıdır. Bundan başqa pis iş ictimai təhlükəyə, yoluxucu xəstəliyə çəvirilirsə onun qarşısı alınmalıdır. Buna yalnız biganə insanlar göz yuma bilər və göz yummaqla həmin fəsadı törədənlərə dəstək vermiş olur. 

 

İctimailəşən, yayılan günah ictimai bəlaya da səbəb olur. Yardımlaşma tərk olunan cəmiyyətdə fəqirlik hamını ağuşuna alar.  Əxlaqsızlıq yayılan cəmiyyətdə hamı ölümcül xəstəliyə tutulmaq təhlükəsi ilə üzləşər. İnsanların günahı təbiətə də mənfi təsir edir, harmoniyada mövcud olan varlıq aləmində nizamı pozur. Günah həm günah edənə, həm cəmiyyətə təsir edir. Ona görə də insanlıq sevdası ilə yaşayan insanlar kənara çəkilib müşahidəçi qismində qala bilməzlər. Belə insanlar xeyrə çağırış və pislikdən çəkindirməni də xüsusi məhəbbət və ədəblə, qarşıdakına hörmətlə edirlər. Yalnız nadir hallarda, münasib olarsa sərt davaranış mümkündür. Lakin bu sərtlik də sevgidən qaynaqlanmalıdır, qəzəbdən yox.

 

İmam Hüseyn (ə) özü də buyurur ki, Kərbəlaya məhz insanların islahı üçün getdi. İnsanlığa olan sevgi onu hər şeyini qurban verməyə vadar etdi.

 

hacishahin.az