Oktyabrın 25-i Qobu kəndi cümə məscidində İmam Hüseyn (ə) əzadarlığı keçirilib. Məclis müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb, daha sonra ilahiyyatçı-alim hacı Şahin Həsənli çıxış edib. Məşhur Əhli-Beyt (ə) məddahı Seyid Tale Əsədov növhə və mərsiyələrlə məclisi tamamlayıb. Əzadarlıq zamanı oktyabrın 22-si Milli Ordumuzun şəhid olmuş əsgəri Cabbar Zeynalovun timsalında bütün şəhidlərimiz yad edilib.
Öz çıxışında hacı Şahin Həsənli, İmam Hüseynin (ə) Kərbəlası ilə həzrət İbrahimin (ə) Həccə dəvəti arasında parallel çəkdi. Beləki, Kəbə evi təmir edildikdən sonra Allah həzrət İbrahimə (ə) insanları Həcc ziyarətinə çağırmağı əmr edir. Yaşayışın olmadığı Kəbə ətrafında onu kim eşidəcək deyə düşünən İbrahim (ə) bir daşın üzərinə çıxıb çağırış edir. Məqami-İbrahim olan həmin daş üzərindən edilən çağırış zaman və məkanın sərhədlərini aşaraq insanların qəlbinə yetişir. Hətta hədislərdə qeyd olunur ki, Zərr aləmində (dünya həyatından öncə ruhların qərarlaşdığı yer) o səsi eşidib müsbət cavab verənlər, dünyaya gəldikdən sonra Həccə gedirlər.
İmam Hüseynin (ə) Kərbəlası da belə bir fövqəladə xüsusiyyətə malikdir. Hələ dünyaya gəlməmişdən öncə Allah imam Hüseynlə (ə) nəhayət fədakarlıq əhdi bağlayır. İmam dünyaya gəldikdə Allahın elçisi (s) onu göz yaşları ilə qarşılayır və Kərbəla müsibətindən xəbər verir. Həzrət Əli (ə) dönəmində Həbib ibni Məzahir və Meysəm Təmmar Kərbəla hadisəsindən danışırlar. Yəni, Kərbəla zaman və məkan sədlərini aşan öncədən təqdir edilmiş bir hadisədir. Bu tarixdə bir dəfə baş verən və hər il yada salınan hadisə deyil. Bu hər il yenidən baş verən hadisədir. İmam Hüseyn (ə) insanları ilahi fəzlə cavab vermək üçün hər il gəlir. İbadətlər ilahi fəzlə və rəhmətə cavab olmalıdır, lakin hər kəs bunu bacarmır. Bəndə olmaq, Allah aşiqi olmaq asanlaşsın deyə Allah öz övliyasını qurbangaha göndərir. Hər il əzadarlıq bizə mən dairəsindən çıxıb, mənəmçiliyi unudub aşiq olmağı dadızdırır. Bunu asanlıqla daddıqdan sonra insanda eqoizminə qalib gələrək Allah aşiqi olmağa stimul yaranır. Peyğəmbər (s) “Hüseynin şəhadəti ilə möminlərin qəlbində elə bir od alovlanar ki, Qiyamətə qədər sönməz” hədisi də buna işarədir.
hacishahin.az