XƏBƏRLƏR

Xanım Rüqəyyə (ə) üçün təziyə keçirildi

26 Oktyabr 2017 2652

Oktyabrın 25-i Binəqədi rayonunun dindarları imam Hüseynin (ə) əsirlikdə şəhid olan üç yaşlı qızının xatirəsinə əzadarlıq məclisi təşkil ediblər. Məclisdə tanınmış din xadimləri, o cümlədən hacı Şahin Həsənli, hacı Zaur Məmmədov, hacı Bəxtiyar Hüseynov, Quran qarisi hacı Ruslan Qasımov və Əhli-Beyt (ə) məddahı Hikmət Cəfəri iştirak ediblər.

 

Əzadarlar qarşısında çıxış edən ilahiyyatçı hacı Şahin Həsənli bəsirət haqda danışıb. Allah Təala Qurana tərif verərkən “sizə bəsirət verən kitab göndərildi” buyurur. Yəni, bu kitab baxış bucağını düzəldir, baxışa düzgün istiqamət verir. Bəsirəti də məhz düzgün baxış bucağı kimi tərcümə etmək gərəkdir. Bu olduqca mühüm mövzudur, çünki həyatın qəmi və sevinci, uğuru və uğursuzluğu, ümidvarlığı və məyusluğu məhz baxış bucağımızdan asılıdır. 

 

Peyğəmbər (s) Allaha dua edərkən “İlahi, mənə hər şeyi olduğu kimi göstər” deyir. Çünki, insan bir həqiqəti görənə kimi o informasiya müxtəlif süzgəclərdən keçir. Baxışlarımıza daxili xislətlərimiz də təsir edir. Hamı eyni həqiqəti görür, lakin öz daxili aləminə uyğun olaraq fərqli anlayır. Elmdən daha mühümü məhz düzgün baxışdır. Yeni baxış bucaqlarının axtarışı incəsənətin mühərrikidir. Qurani-Kərim Allahın müxtəlif mövzulara baxış bucağını təqdim edir. Qeyd olunan misalların hamısı məsələnin nə qədər mühüm olduğu göstərir. Şeytanın hiyləsi də yalnız səhv baxış təqdim etməkdən ibarətdir. Təsadüfi deyil ki, həzrət Əbəlfəzli (ə) tərif edən hədislər onun iti baxışlı, bəsirətli, düzgün təhlil edən kimi tanıdırlar.

 

Eyni reallığa fərqli yöndən baxsaq fərqli nəticə əldə edərik. Məsələn, bu gün müsəlman ölkələrində radikallığın tüğyan etdiyini hamı görür. Bu bir reallıqdır, lakin onun mahiyyəti nədir? Bir dəstə müsəlman “axırımız nə olacaq!” deyə məyusluğa qapanır. Digər dəstə, Ş. Həsənli özünün də onlara aid olduğunu bildirir, buna bir çalxalanma kimi baxır. Yəni, hər bir sivilizasiyanın tarixində bir çalxalanma dönəmi olmalıdır ki, onun sayəsində baxışlar təftiş olunsun. Yaxud Kərbəla hadisəsinə yalnız müsibət prizmasından baxılarsa, əzadarlıq üzücü olar. Bu hadisəni müxtəlif cəhətlərdən, o cümlədən mənəvi həzz, ilahi məhəbbət, qəhrəmanlıq bucaqlarından da görmək gərəkdir. Təsadüfi deyil ki, Ərbəin hadisəsi dünya mətbuatında ya işıqlandırılmır, ya da bir qısqanclıqla, yanlış baxış bucağından verilir. Bu hadisəyə müasir dünyaya hakim olan və mənfəətpərəstlik üzərində qurulmuş dəyərlər sisteminə alternativ nümunəsi kimi baxmaq da olar. Belə demək olarsa, dünyada gedən savaşlar baxış bucaqları arasındadır.  

 

hacishahin.az