XƏBƏRLƏR

Biz niyə bu qədər naşükürük...

27 Oktyabr 2017 1643

Böyük yazıçı Lev Tolstoydan xoşbəxtliyin sirrini soruşduqda yalnız bir cümlə ilə cavab verib: “Mən əlimdə olanlar üçün şükür etdim, əlimdə olmayanlara görə isə üzülmədim”. 



Bu kəlam ömrünün sonlarını dini didaktikaya həsr edən yazıçının fəlsəfi dünyadərkini özündə əks etdirsə də, əsas məna yükü insan psixologiyası ilə bağlıdır. Psixologiya elmi də təsdiqləyir ki, XXI əsrin insanlarında yaranan psixoloji gərginliklərin, depressiyaların əsas səbəblərindən biri imkan xaricində olduqları, iddiasına düşdükləri əlçatmaz məqamlara çatmamaları, əldə etdikləri ilə qane olmamalarıdır. Yəni, özü ilə barışa bilməyən insan ətrafındakıları ümumiyyətlə, qəbul etmir. Bu zaman isə həm ətrafa qara enerji ötürür, həm də adekvat olaraq eyni enerjini insanlardan alır.

 

 

Daha çox dini mətnlərdə, səmavi kitablarda hallanan “şükür etmək” ifadəsi əslində, bu məqamlara işıq tutur. Şükür etmək mexaniki, kortəbii yerinə yetirilən bir proses deyil. O psixofizioloji aspektdən insanı tamamən yeniləyən bir mexanizmdir. Amma bunun elmi, yaxud, dini məxəzlərindən danışmaq fikrimiz yoxdu. 

 

Cəmiyyətə diqqət edək. Fikir vermisinizsə, cəmiyyətimizdə şükür etmək bacarığı getdikcə azalır. Bəzi insanların çox şeyləri, bəlkə də hər şeyləri olduğu halda, yenə də şükür etmirlər. Biz məsələyə təkcə dini aspektdən yanaşıb, şükür etməyən insanlarla bağlı səmavi kitabların dediklərini çatdırmaq fikrində deyilik. Mövzuya münasibət bildirən ilahiyyatçı ekspert onsuz da bunun dini yönünə diqqət edəcək və şükür etməyən insanla bağlı Qurani-Kərimin dediklərini qabardacaq. Amma bu çox geniş sosial-psixoloji bir problem olduğundan məsələyə təkcə dini aspektdən yanaşmayaq. İlahiyyatçı ilə yanaşı, sosioloq və psixoloq da cəmiyyətimizdə əksər  insanların nə üçün bu qədər naşükür olduqlarını izah etməyə çalışacaqlar.

 


Təbii ki, bu, bütün cəmiyyətə aid deyil. Amma bir qism insanları gördükdə, onların dünyagörüşləri, hər şeyə bədbin yanaşmaları ilə rastlaşdıqda, belə bir sual ortaya çıxır: Biz niyə bu qədər naşükürük? Heç nəyi olmayan yoxsuldan da, orta statistik maddi qazancı, hətta ondan da çox gəliri olan insanlardan da eyni şikayətləri eşidirik. Birincisi haqlı olduğu qədər, ikincisi niyə naşükürdür? 

 

Yaxud, bir barmağında müəyyən problem yaranan insan “fiziki naşükürlüyə” əl atır. Bütün vücudunun ağrıdan öləzidiyini qabartmaq istəyir. Biz onun timsalında sanki qəzaya uğrayan, döyüşdə yaralanan bir insanın səhhəti ilə bağlı şikayətini eşitmiş olarıq. 

 

İlahiyyatçı, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli Modern.az-a şükür etməyin nə dərəcədə vacibliyini əsaslandırıb. O, naşükürlərlə bağlı Quran ayələrini sitat gətirməklə, məsələni dini müstəvidən analiz edir: 

 


“Qeyd olunan mövzu, dini baxımdan olduqca mühümdür. Bu həm fərdi, həm ictimai məsələlərdə belədir. Qurani-Kərimin Səba surəsində “bəndələrimin azı şükr edəndir”, Adiyət surəsində isə “həqiqətən insan Rəbbina qarşı nankordur və özü də buna şahiddir” deyə ayələr var. Şükr az insana nəsib olan nemət olmaqla yanaşı, ən asan əldə olunan və ən effektiv hallardandır. İnsan Allahın nemətlərinə görə şükr, öz günahlarına görə isə peşmançılıq halında olarsa, dünya və Axirət səadəti əldə edər. 
“Şükr edin ki, sizə verdiyim nemətləri artırım” ayəsi buna işarə edir. Əksinə, “naşükürlərdən başqa kimsə cəzalanacaqmı”, “inanacaq və şükr edəcəksizsə, Allah sizə nə üçün əzab verməlidir” deyə ayələr də insanı maddi və mənəvi problemlərinin kökündə naşükürlüyün dayandığını bildirir. Təbii ki, nemət və əzab dedikdə, yalnız Axirət nəzərdə tutulmur. Axirətin nemət və əzabı dünyadakı ruhi halımızın inikasıdır.

 

 

Hədislərin birində buyurulur ki, Allah bizimlə Ona olan gümanımız əsasında rəftar edir. Narazı, deyingən, bədbin insanın bədbəxt olması labüddür. Əksinə nikbin, ümidli, şükr edən insanın gözəl həyat sürməsi də qaçılmazdır. İnsan nə axtarsa, hansı fikirləri özünə cəlb etsə onu da qarşısında görəcək. Naşükürlüyün kökündə təkəbbür və paxıllıq kimi rəzil xüsusiyyətlər dayanır. Biri özünü hamıdan üstün bilərsə, hamını özünə borclu bilər, hətta Allahı da. Hamını özünə borclu bilən isə istənilən çətinliyi faciəyə çevirib, neqativlik püskürəcək. Bəziləri Allahı özlərinə borclu bildiklərini dilə gətirməkdən çəkinirlər deyə, həyatından gileylənirlər. Dinimiz cəmiyyətin şükr və səbr xüsusiyyətlərinə yiyələnməsini ictimai düzənin və rifahın şərti bilir.

 

Peyğəmbərlərin qətlə yetirilməsi, ilahi övliyaların bəşəriyyət naminə fədakarlıqlarının lazımi effekt verməməsi məhz onların yaşadıqları cəmiyyətlərin çətinliklərə qarşı səbrsiz, malik olduqlarına görə nankor olması idi. Belə ruhiyyədə olan cəmiyyətin islah və inkişaf şansı azalır, nəticədə daha ağır çətinliklərə dözməli və daha az nemətlərə göz tikməyə məhkum olur. Malik olduğumuzu dəyərləndirə bilməliyik ki, inkişaf etmək şansı əldə edək, necə inkişaf edə biləcəyimizi görə bilək. Müsbətləri görməklə və axtarmaqla, həyata baxış müsbətə dəyişir və hətta ən çıxılmaz durumdan xilas yolu tapmağa imkan verir”.

 

Sosioloq alim Əhməd Qəşəmoğlu məsələyə sırf sosioloji aspektdən yanaşıb. O, naşükürlüyün əslində, fərdi, cəmiyyəti daxilən çökdürən bir qüvvə olduğunu belə əsaslandırır:

 

“İnformasiya çoxaldıqca, insanlar daha çox fikirlərə düşür, daha çox xəyallar qururlar. Belə bir zamanda insan daha böyük nailiyyət qazanmaq istəyir.  Bunun isə əsas işlək mexanizmi üstünlük verilən dəyərlərdir.

Dəfələrlə demişəm, o cəmiyyət təhlükəli cəmiyyətdir ki, orada get-gedə maddi dəyərlər daha çox üstün mövqe qazanır. İndiki vaxtda insanlarımız maddi dəyərlərə daha çox üstünlük verdiyi halda, daha böyük xəyallar qurduğuna görə öz reallığı ilə, vardığı mövqe ilə qətiyyən razılaşmaq istəmirlər. İnsan  daha böyük mövqelərə sahiblənmək istəyir. Bu zaman da şükranlıq hiss arxa plana keçir. Bu da sonradan özünün əks nəticəsini verir. İnsanlarda şükranlıq hissi arxaya keçdiyinə görə, imkan daxilində qazandıqlarına qane olmadığına görə, daha böyük probemlərin içinə düşür. Aşıq Ələsgərin bu barədə çox möhtəşəm iki sətrini demək istəyirəm: “Əl atma qüvvətin çatmayan daşa, qaldıra bilməssən zora düşərsən”.

 

İndiki insanların çoxu ona-buna, qonum-qonşuya baxıb, maddi, güc yarışmasına üstünlük verərək, gücləri çatmayan daşa əl atıb zora düşürlər.

 


Dəfərlərlə eşitmişəm ki, bir çox adam hər hansı borcun altından çıxa bilmədiyi üçün özünü öldürür. Bir başqası verdiyi sözü yerinə yetirə bilmədiyi üçün başına oyun açılır. Kimsə kreditin altına girir və oradan çıxa bilmədiyi üçün ev-eşiyini itirir.

İnsanlar çalışmalıdılar ki, öz imkanlarına, planlarına görə  hərəkət etsinlər. İmkanlarına qarşı naşükür olmaq onları bu hala gətirib çıxarır.  Təəssüf ki, bu yöndə xeyli boşluqlar var. Mən məsələyə sosioloji aspektdən yanaşaraq, onu deyə bilərəm ki, bu sahədə insanların həyat haqqında təsəvvürləri, imkanları, gələcəklə bağlı planları haqqında çox iş görməyə ehtiyac var. Mövzu çox aktualdı. Din əlbəttə ki, şükür etməyi mox önəmsəyir və  Allahın da şükür edən insanı sevdiyi deyilir. Amma bunun bir sosioloji tərəfi də var: naşükürlük fərdin əlindəkilərlə, özü ilə razılaşmaması və bunun gələcəkdə əzmin, zəhmətin artırılmasın yox, paxıllığın, həsədin çoxalmasına gətirib çıxaran bir mənfi haldır”.

 

 

Psixoloq Elnur Rüstəmov isə məsələni insanların sırf dünyagörüşü ilə əlaqələndirir. Onun fikrincə, dünyagörüşü zəif olan insanlar naşükürlük edə bilər:

 

 

“Əsl zənginlik maddi yox, daxili zənginlikdir. Hər zaman qeyd olunur ki, psixi sağlamlıq fiziki sağlamlıqdan öndədir. Bu gün “müsbət düşünün, müsbət həyatınız olsun”, “gözəl düşünən gözəl görəcək”, “həyatdan məmnun olmaq üçün gözəl düşünmək önəmlidir” fikirləri ortaya qoyulanda bu məqamlar nəzərdə tutulur. Bu da insanın həyata baxış tərzi, dünyagörüşü ilə bağlı bir məsələdir. Bu gün Qərb cəmiyyəti məhz bu cəhətlərinə görə bizdən öndədir. O demək deyil ki, orada bütün insanlar zəngindir, xeyr! Orada insan sadəcə, mənən rahatdı. Biz isə bu prosesdə müəyyən çətinliklər görürük. Bunun bir səbəbi də qeyd etdiyimiz kimi, dünyagörüşümüzün nisbətən aşağı olmasıdır.

 

 

Məsələyə kompleks yanaşmaq lazımdır. Bu prosesə, sizin dediyiniz məsələyə fərdi yanaşılmalıdı. Qoyduğunuz mövzu birbaşa insanla bağlıdı. İnsanlar maddi cəhətən bir-birindən fərqlənə bilərlər, amma burada əsas məsələ insanın dünyagörüşüdü. Bizim insanlar çox istərdik ki, yatırımı dünyagörüşünə etsinlər. Həyata daim pozitiv baxsınlar. Pisdə də yaxşını görməyi bacarsınlar. İnsanlar var ki, işi-gücü ancaq onu-bunu pisləmək, olmayan pis şeyləri qabartmaqdır. Bir özlərinə də dönüb baxsınlar. Hamı pis, bunlarmı yaxşıdırlar?! Bu cür insanlarda sonradan müəyyən psixoloji sarsıntılar, ciddi aqressiyalar yaranır.

Buügünkü psixoloji gərginliklərin müəyyən yaranma səbəbi də siz dediyiniz məsələ ilə bağlıdır”.

 

 

E.Nihad 

modern.az