Bu ilin dekabr ayında dünyada ilk dəfə baş nəqli əməliyyatının həyata keçiriləcəyi gözlənilir. Əməliyyatı italyan beyin cərrahı Serxio Kanavero reallaşdıracaq. İlk baş nəqli üçün könüllü isə Verdinq-Hoffman xəstəliyindən əziyyət çəkən Valeri Spiridanovdur. Valeri qeyd edib ki, bu əməliyyata qalan ömrünü normal insan kimi yaşamaq üçün razılıq verib.
Əməliyyat haqda fikirlər birmənalı deyil. Məsələ ilə bağlı Kult.az-a danışan ilahiyyatçı Hacı Şahin bildirib ki, sözügedən əməliyyat günah hesab olunmamalıdır:
“Təbii ki, tibb tarixində ilk dəfə belə bir mühüm addımın atılması bizi yalnız sevindirə bilər. Dini baxımdan buna bir maneə yoxdur, kiminsə ölümü ilə nəticələnməsə, günah deyil. Məsələ ölüyə can verməkdən ibarət deyil, ölümcül xəstənin yeni bədənlə təmin edilməsindədir”.
Hacı Şahin qeyd edib ki, bu, təqdirəlayiq əməliyyatdır:
“Düzdür, nəticənin necə olacağı barədə hələ ki, heç kəs bir söz deyə bilməz, lakin ümid edirik ki, hər şey uğurla başa çatacaq. Mahiyyət etibarı ilə məsələnin əhəmiyyəti tibbi aspektədir. Yəni orqan transplantasiyası bu gün dünyada adi hala çevirilib, sadəcə, bu miqyasda köçürülmə baş verməyib”.
O, donorun ruhu haqda qeyd edib ki, ruh məkanın fövqündədir, onun üçün məkan anlayışı yoxdur:
“Ruh maddi deyil ki, bədəndə qərar tapsın. Ruh bədəni idarə edir, lakin onun içində və ya kənarında deyil. O, mücərrəd olduğundan onun üçün məkan amili yoxdur. Onu nəzərə alsaq ki, ruhun bədəni idarə etməsində yeganə vasitə beyindir, eyni zamanda elmi cəhətdən də insanın psixikası və fiziologiyası beynin nəzarətindədir, o zaman bədənin sahibi ölmüş hesab olunacaq. Yəni sağ qalan beyin sahibi olacaq, onun ruhu da cismini idarə edəcək”.
hacishahin.az