Oktyabrın 29-u Bakı şəhəri Yasamal rayonunda yerləşən hüseyniyyədə ilahiyyatçı hacı Şahin Həsənlinin iştirakı ilə əzadarlıq məclisi keçirilib. Dindarlar qarşısında çıxış edən alim Kərbəla hadisəsini irfani yöndən təhlil edib:
“Aşura hər il qəlblərimizdə təkrarlanır. İmam Hüseyn (ə) karvanı qəlbimizə sarı gəlir və içimizdəki Yezidi yıxmaq istəyir. Nəfsani istəklərimiz Küfə camaatı kimidir, imamı (ə) mühasirəyə alır”.
İlahiyyatçının sözlərinə görə, insanın bütün istəkləri müsbətdir, sadəcə biz onları səhv istiqamətə yönəldirik. İstəklərimizi məhdudlaşdırdıqda günaha düşürük. Günahın da pisliyi məhz bundadır – bizi məhdudlaşdırır. Diplom arzusunda olan bir kəsdən soruşsaq ki, sənə o kağız parçası lazımdır? Təbii ki, cavab verəcək ki, xeyr, həmin kağızın təmin etdiyi nüfuz. Nüfuzun özü nə üçün lazımdır? Qüdrətli olmaq üçün? O nə üçün lazımdır? Əbədilik, məhdudiyyətsizlik üçün. Əslində insanın bütün istəkləri Allaha yönəlib, sadəcə bu barədə az təfəkkür edib dərk etmək gərəkdir. İnsan bütün istəklərinin nəhayətinə can atsa, Allaha tərəf hərəkət etmiş olacaq. Bütün istəklərin nəhayət qarşılığı Allahdadır. Necəki, hədislərdə “özünü tanıyan Rəbbini tanıyar buyurulub”, istəklərini tanıyan da özünü tanımış olur.
İstəklər qat-qat təzahür olur. Üst qatda olan istəklər və ya nəfsani meyillərin arxasında duran daha dərin istəkləri kəşf etmək gərəkdir. İmam Hüseyn (ə) əzadarlığı bu cəhətdən bizə yardımçı olur. Həm insan hansı zirvəyə çata bilər deyə bir nümunə göstərir, həm əlimizdən tutub bizi o zirvəyə aparır. Təsadüfi deyil ki, Peyğəmbərimiz (s) İmam Hüseyni (ə) nicat gəmisi adlandırıb. Nicat gəmisi yol göstərmir, batanları xilas edir. Hər il İmam Hüseyn (ə) öz karvanı ilə bizi xilas etməyə gəlir. Bizim isə vəzifəmiz nəfsani istəklərimizlə ona mane olmamaqdır. Qoy asanlıqla qəlbimizin dərinliklərinə varsın, ilahi eşqi kəşf etsin və bizi öz karvanına götürsün.
hacishahin.az