Noyabrın 7-si Bakının Maştağa qəsəbəsində imam Hüseynə (ə) əzadarlıq məclisi təşkil olunub. Məclisə qatılan ilahiyyatçı hacı Şahin Həsənli dindarlar qarşısında çıxış edərək məclisin təşkilatçılarına və Maştağanın tanınmış din xadimi hacı Seyidağa Məmmədova təşəkkürünü bildirib.
Çıxışını qəlb təqvasına həsr edən ilahiyyatçının sözlərinə görə, Quran iki növ təqvadan danışır - əməl və qəlb təqvaları. Qəlb təqvası daha mühüm hesab olunur. Qəlb təqvasının əlaməti olaraq Qurani-Kərim ilahi övliyalar qarşısında təzim və ehtiram göstərir. Bunun səbəbi insan qəlbinin mühüm bir özəlliyidir – insanın zahiri ilə daxili arasında fərq ola bilər. İnsan zahiri gözəlliklər, xeyir əməllər arxasında qəlbinin rəzilliklərini gizlədə bilər. Namaz, oruc, sədəqə və s. əməllər insanın yaxşı olmasına dəlalət etmir, çünki onların arxasında qəlbi çirkinliklər gizlənə bilər. O zaman necə müəyyən etmək olar ki, əməllərimizlə qəlbimiz arasında uyğunluq var ya yox? Xeyir işlərin sağlam qəlbdən qaynaqlandığını göstərən bir meyar var – ilahi övliyalara ehtiramdır. İnsan özü kimi birisinin özündən üstün olmasını qəbul edə bilirsə, özündən üstününə baş əyə bilirsə, deməli qəlbən sağlam insandır. Bu qəlbi təqvanın göstəricisidir.
İnsanda qəlbi təqva varsa, əməli təqvaya da çata bilər və əksinə. Əməldə təqvalı, qəlbdə rəzil olanların əksi də var. Yəni, əməldə günahkar, qəlbdə təqvalı. Əməli təqva ilə qəlbi təqva gərək bir birini tamamlasın. Bu xüsusiyyəti ilahi övliya qarşısında təvazokarlıq yaradır.
İnsanlar dəyərlərdən, düzgünlükdən danışmağı xoşlayır. Bu sözlərin səmimi olub-olmamasını da ilahi övliyalara münasibət göstərir. “Fatihə” surəsində deyirik ki, ilahi, bizi düz yola yönəlt, nemət verdiklərinin yoluna, qəzəbləndiklərinin yoluna yox. Yəni, doğru yolu arzulayan gərək bu yolun yolçusunun arxasıca getsin.
Ş. Həsənli bildirdi ki, ilahi övliyalara məhəbbət və ehtiram yalançı dindarlıqla həqiqi dindarlığı bir birindən ayırır. Kərbəlada da məhz bunu müşahidə etdik. Kufəlilər Əlinin də, Müaviyənin də hakimiyyətini görmüşdülər. Yezidin onların dünyasını təmin etməyəcəyini bilirdilər. İmam Hüseynin (ə) də onların rifahı üçün əlindən gələni edəcəyini bilirdilər. Kufə qoşununa bütövlükdə bir maddi qarşılıqda vəd edilməmişdi. Onları qəzəbləndirən ilahi övliyanın üstünlüyü idi. Ona görə Aşura ərəfəsində və günündə Kufə qoşununa anlaşılmazlıq üzündən qatılanlar açıq ölümə gedərək İmam Hüseynə (ə) tərəf keçdilər. Çünki, qəlblərində təqva qalmışdı.
hacishahin.az