XƏBƏRLƏR

Əmircanda Peyğəmbər (s) əzadarlığı keçirilib

16 Noyabr 2017 2567

Noyabrın 16-sı Bakının Əmircan qəsəbəsində əziz İslam peyğəmbəri həzrət Məhəmmədin (s) və nəvəsi imam Həsənin (ə) şəhadət günü qeyd olunub. Minarəli məsciddə kəçirilən bu əzadarlıq məclisi müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra ilahiyyatçı hacı Şahin Həsənli moizə ilə çıxış edib. Dəvət üçün qəsəbənin ruhanilərinə, xüsusən məscidin axundu hacı Rəhimə təşəkkür edən ilahiyyatçı bəndəlikdən danışıb.

 

Məhərrəmlikdə iki ay imam Hüseynə (ə) yas saxlamağın hikməti Peyğəmbərin (s) məzlumluğunu dərk olunması üçündür. Bütün Əhli-Beyt (ə) o uca şəxsiyyətin fədaisi olub, özlərini Peyğəmbər (s) nökəri hesab edib. Məhərrəmlikdə aşkar və anlaşılan məzlumiyyətə qəmlənirik ki, yaradılışın əşrəfi həzrət Məhəmmədin (s) gizlin, çətin dərk olunan məzlumiyyətini görə bilək.

 

İlahiyyatçının sözlərinə görə, hər bir şeyin quruluşu onun hədəfindən xəbər verdiyi kimi, insanın istəkləri də onun hədəfini göstərir. İnsan isə, sonsuzluq, nəhayətsizlik arzulayır. Allahın peyğəmbərləri bu dünyanın insan istəklərinə qarşılıq verə bilmədiyini göstərmək üçün gəlib. İstək sonsuzluq, nəhayətsizlikdirsə, o zaman hədəf Allahdır. Allaha qovuşmaq ləzzəti daim artır və heç zaman bitmir. Bu vüsal isə, Allaha bəndəliklə mümkündür. 

 

Bəndə və abid fərqli anlayışlardır. Bəndə (və ya "əbd") Allahın quludur, abid isə ibadət edən. Hər abid bəndə deyil. Şeytan da abid idi, lakin bəndəlik edə bilmədi. Imam Hüseynin (ə) qatilləri də abid idilər, lakin Allaha qul ola bilməmişdilər. İmam Hüseyn (ə) səhabələri isə bəndəlik nümunəsi yaratdılar. İnsanın abidliyi bəndəliyindən qaynaqlanmalıdır. Əks təqdirdə ibadət insanı yalnız və yalnız Allahdan uzaqlaşdıracaq, insanın eqoizmini gücləndirəcək. Belə insan dinə oz zövqü ilə əməl edəcək, hətta dini öz zövqünə uyğunlaşdıracaq. Ona görə də Allah Quranda kimisə tərifləyəndə gözəl bəndə, saleh bəndə ifadəsindən istifadə edir. Həzrət Məhəmmədi (ş) də sadəcə bəndə adlandırır. Çünki, bəndəliyin özüdür, bəndəliyin bütün cəhətlərini ehtiva edir.

 

Sonda məşhur Əhli-Beyt (ə) məddahı hacı Yaşar Cahid növhə və mərsiyələr oxudu.

 

hacishahin.az