Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı məhkumlar üçün dini maarifləndirmə tədbirlər davam etdirilir. Bu barədə DQİDK saytı məlumat yayıb.
Noyabrın 16-da növbəti maarifləndirici tədbir Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində keçirilib. “Azərbaycan tolerantlıq diyarıdır” mövzusunda keçirilən tədbirdə DQİDK Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, QMİ Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli və Penitensiar Xidmətin əməkdaşı İlkin Rəhimov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İlkin Rəhimov məhkumların ibadəti üçün müəssisədə yaradılmış şərait barədə məlumat verib. O bildirib ki, məhkumlara mənəvi tələbatlarının ödənilməsi üçün lazımı şərait yaradılıb və mütaliə məqsədilə müxtəlif dini ədəbiyyatların yer aldığı kitabxana istifadəyə verilib.
Nahid Məmmədov isə qeyd edib ki, Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır, Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır.
Sonda çıxış edən hacı Şahin Həsənli ölkəmizdə mövcud fərqli inanc sistemindən bəhs edərək bildirib ki, bu fərqliliklər inkişafa gətirib çıxarır. Fərqli düşünən insanlara hörmətlə yanaşmaq İslamın buyuruqlarındandır. İslam dininin məhəbbət üzərində qurulduğunu söyləyən natiq vurğulayıb ki, dünyada qısa müddətdə yaşayan insan imtahandadır və buna görə davranmalıdır.
Daha sonra məhkumları maraqlandıran suallar cavablandırılıb.
hacishahin.az