XƏBƏRLƏR

"Quranın müqəddəsliyi onda Allah kəlamlarının olmasındadır"

24 Noyabr 2017 1050

Qurani-Kərimin müqəddəs olması onun bütün insanlara açıq olması ilə ziddiyyət təşkil etmir. Quranın müqəddəsliyi onda Allah kəlamlarının olmasındadır.

 

Bu sözləri Axar.az-a ilahiyyatçı Hacı Şahin Həsənli söyləyib. Onun sözlərinə görə, Qurandakı ayələrdə də qeyd olunur ki, hətta torpaq da müqəddəs hesab oluna bilər:

 

“Quranda Musa peyğəmbərə müraciətdə deyilir: “Çarıqlarını çıxar, sən müqəddəs bir vadiyə daxil olmusan”. Buradan o məlum olur ki, torpaq, müəyyən ərazi belə müqəddəs ola bilər.

 

O ərazi ona görə müqəddəsdir ki, o torpaqda Musa peyğəmbərə vəhy nazil olur. Quranın bəyan etdiyinə görə, o torpaq müqəddəsdir. Torpaq müqəddəs olursa, Allah kəlamı da müqəddəs sayılır. Çünki bu Allahın sözüdür, Allahın kəlamıdır”.

 

İlahiyyatçı bildirib ki, Quranın müqəddəs olması heç də o anlama gəlmir ki, kimlərsə Qurani-Kərimlə tanış olmasınlar:

 

“Quranın müqəddəsliyi onun mahiyyətindən xəbərdar olmaq üçün bir maneə deyil, ola da bilməz. Müqəddəslik sadəcə Allahla bağlı olan həqiqətlərə aid edilə bilər. Qurani-Kərim insanların hidayəti üçün göndərilmiş kitabdır. Bu səbəbdən də hər kəs Quran oxumalı, onunla tanış olmalı, öyrənməlidir. Quran xüsusilə hansısa peşə sahibləri üçün nəzərdə tutulmuş kitab deyil. Quran bütün insanlara, bütün bəşəriyyətə açıq kitabdır. Quran insan üçün həyat proqramıdır”.

 

Hacı Şahin bildirib ki, insan Quranı oxumadan, ayələri ilə tanış olmadan, ayələri haqqında düşünmədən islamla tanış ola bilməz.

 

hacishahin.az