Bəzi din xadimləri və siyasətçilər Babəkin şəxsiyyəti, onun qəhrəmanlığı, inancı ilə bağlı fərqli fikir yürüdürlər.
Baku.ws-in dərc etdiyi müsahibədə bildirilir ki, bəziləri Babəkin qəhrəman olmadığını, sadəcə SSRİ ideologiyasının önə çıxardığı şəxs olduğunu, bəziləri isə Babəkin İslam dininə qarşı deyil, torpaqları uğrunda savaşan qəhrəman olduğunu bildirirlər.
İlahiyyatçı Hacı Şahin isə Babəkin əsl qəhrəman olduğunu deyir. Hacı Şahin deyir ki, Babək tarixi baxımdan müəmmalı şəxsiyyət olsa da onun İslama qarşı savaşmadığı, Abbasi xilafətinə qarşı döyüşdüyü açıq-aşkardır.
“Onun hansı düşüncədə, əqidədə olması bir qədər mübahisəli məsələdir. Hər bir halda Babəkin qəhrəman olması danılmaz faktdır. O, uzun müddət ərəb xilafətinə qarşı savaşıb, canından keçməyə hazır olub və bunu əməlində də göstərib. Bəzən deyirlər ki, Babək İslama döyüşüb. Mən belə düşünmürəm. Çünki Abbasilər xilafəti İslam dini ilə eyniləşdirilə bilməz. Bu xilafət dini mahiyyətə malik xilafət deyildi. Abbasilər xilafəti İslam dinindən siyasi vasitə kimi istifadə edirdi. Buna qarşı da vuruşan Babəki qəhrəman adlandırmaq olar. Babək xilafətə qarşı döyüşüb, islama qarşı savaşmayıb. Belə məlumatlar da var ki, Babək müsəlman olub, islam ayinlərini icra edən şəxs olub”, - deyə İlahiyyatçı qeyd edib.
Tarixçi Kərəm Məmmədov da tarixi mənbələrə istinadən qeyd edir ki, Babək İslama deyil, türkləri əksik tutan ərəb millətiçiliyinə qarşı çıxıb. Onun sözlərinə görə, Babək Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri olub.
“Əməvilər dönəminə qədər millətçilik prinsipi yox idi. Ərəbin ərəb olmayana üstünlüyü yox idi. Əməvilər dövründə İslamı qəbul etmiş, lakin ərəb olmaya qul deyilməyə başlandı. Abbasilər dönəmində isə bir müddət milli məsələyə yumşaq yanaşırdılar. Ərəb, fars, türklər arasında fərq qoyulmurdu. Lakin Harun ər-Rəşid dönəmindən başlayaraq milli məsələ yenidən gündəmə gəldi. Babək hərəkatı İslamda məhz ərəblərin üstün tutulmasına qarşı qalmış üsyan idi. Bundan başqa, Azərbaycana ərəblər köçürüləndən sonra yerli əhali nəinki torpaqdan məhrum olurdu, həm də asılı olurdu. Həm də ideoloji toqquşmaya görə Babək üsyan etdi. Yəni sən də müsəlmansan, mən də. Ona görə ərəb də türk də eyni hüquqa malik olmalıdır. Bütün narazılıqlar burdan başladı. Babəkin İslama qarşı döyüşdüyünü bəyan etmək kökündən yanlışdır", - deyə Kərəm Məmmədov qeyd edib.
hacishahin.az