XƏBƏRLƏR

Bakıda dinlər və mədəniyyətlərarası dialoq

21 Dekabr 2017 1701

Bu gün Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbir Heydər Əliyev Mərkəzində keçirilir.

 

APA-nın yaydığı məlumata əsasən, konfransda 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edirlər. Qeyd edək ki, ilahiyyatçı-alim hacı Şahin Həsənli də tədbirdə iştirak edib.

 

Trend-in məlumatına əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.


Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev nitq söyləyib. Tədbirdə İran prezidenti Həsən Ruhaninin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin, Vatikanın, Konstantinopol Patriarxı I Varfolomeyin, Moskva və bütün Rusiya Patriarxı Kirillin, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciət məktubları oxunub.



Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciəti ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tüveycri edib. Habelə, tədbirdə QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edib.

 

Beynəlxalq konfransda İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolu vurğulanıb.

 


hacishahin.az