Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icması tərəfindən təşkil edilən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib. Bu barədə AzərTac məlumat yayıb.
Konfransda DQİDK sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Himət Babaoğlu, QMİ sədr müavidi Qəmər Cavadlı, QMİ aparat rəhbəri Simran Həsənov və ilahiyyatçı hacı Şahin Həsənli çıxış ediblər. Daha sonra DQİDK ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyevanın “Din və media” mövzusunda təqdimatı olub.
“Məşədi Dadaş” məscidinin imamı hacı Şahin Həsənli dünyada baş verən hadisələr, məzhəb, din zəminində qanlı münaqişələrin olduğu dönəmdə Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki, Azərbaycanda tarixən mövcud olan dinlər və məzhəblərarası münasibətlər modeli bu gün də dünyanın diqqətini cəlb edir. Azərbaycanın bu sahədə təcrübəsi öyrənilir. Azərbaycanda dini sahədəki proseslər bir çox müsəlman ölkələrinin diqqət mərkəzindədir. Həmrəyliyin önəmi haqda danışan hacı Şahin Həsənli dinin əsas mehvərinin vəhdət və birlik olduğunu bildirib. Onun sözlərinə görə, dinin birləşdirici amil kimi və məhz həmrəylik müstəvisində tanıdılmasında medianın üzərinə böyük məsuliyyət düşür. “Tədbirin dövlət qurumları ilə dini icmaların əməkdaşlığı sayəsində ərsəyə gəlməsi din-dövlət münasibətlərinin inkişafının göstəricisidir”, - deyə ilahiyyatçı sözünü tamamlayıb.
Tədbirin sonunda KİV təmsilçiləri arasında "İslam həmrəyliyi və media" mövzusunda keçirilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
hacishahin.az
(Foto AZƏRTAC)