Son günlər Bitkoin ətrafında yaranmış ajiotaj fonunda, şəriətin bu kriptovalyutaya münasibəti maraq doğurur. Məsələ ilə bağlı publika.az saytına müsahibə verən Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli bildirdi ki, Bitkoin, eləcə də digər kriptovalyutalardan istifadə fərdi və ictimai maraqlarla yanaşı, şəri və elmi yanaşma ilə də uzlaşdırılmalıdır:
“Ölkədə kriptovalyutaya maraq yeni-yeni kütləviləşib. Təbii ki, bu baxımdan məsələnin dini tərəflərinin də öyrənilməsinə tələbat yaranır. Şəriətin ümumi baxışı ondan ibarətdir ki, bu yeni məsələ şəriətin əsas prinsipləri ilə ziddiyyət təşkil etməsin. Belə ki, əgər kriptovalyutalar, əsassız riskə səbəb olmur və dövlətin qanunlarını pozmursa, burada elə bir qəbahət yoxdur. Bundan əlavə, məsələ ilə bağlı təbii ki, peşəkar maliyyəçilərin rəyləri də nəzərə alınmalıdır. Başqa sözlərlə, fərdi və ictimai maraqlarla şəri və elmi yanaşma ilə uzlaşdırılmalıdır. Lakin şəriət qaydalarına görə, halalıq məsələsi bir az sual altındadır. Bu baxımından valyutanın halallığı üçün əvvəlcə onun daxili dəyəri olmalıdır. Bu məsələdə iqtisadçıların yekdil rəyi isə hələ ki, mövcud deyil. Bu qeyri-müəyyənlik, eləcə də Bitkoinin valyuta bazarında davranışı, mərkəzi banklara vurduğu zərbə və digər məqamlar nəzərə alınarsa, müsəlmanların bu valyuta ilə müamilələrdən hələlik çəkinmələri məsləhətdir”.
hacishahin.az