Hacı Şahin: “Bütün problemlərin kökündə həmrəyliyin olmaması durduğu kimi, bütün problemlərin çözümü də vəhdətə bağlıdır”; Hasan Oktay: “Azərbaycan cəmiyyətində milli faktorun önə çıxması ilə iki məzhəb tərəfdarları milli kimlik amilinə önəm verməklə bu qarşıdurmanı önlədilər”
2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan olunub. Məsələ ondadır ki, bu il Azərbaycanda islam Əməkdaşlıq Təşkilatının layihəsi olan İslam Oyunları keçiriləcək. Dünyadakı müsəlman ölkələrindən gələn müsəlman idmançılar “müsəlman olimpiadasında” iştirak edəcək.
Ancaq Azərbaycanda İslam Həmrəyliyi ilinin elan olunması Azərbaycandakı mədəniyyətlər və dinlər arasında sülh və barışa həsr olunub. Artıq neçə ildir ki, Azərbaycan hakimiyyəti ölkədəki tini tolerantlıq, etnik və dini müxtəlifliyin dünyada təbliğ edir. Bu məsələyə iki tərəfdən yanaşmaq olar.
Birincisi, Azərbaycan hakimiyyəti Yaxın Şərqdə və ümumilikdə müsəlman aləmində davam edən məzhəb gərginlikləri, müharibələrin fonunda ölkədəki sabitlik və sülh vəziyyətini daha da möhkəmlətmək, dini zəmində gərginliyin Azərbaycana sıçramaması üçün bu kampaniyanı dəstəkləyir.
İkinci mühüm amil isə müharibələr, böhranlardan əziyyət çəkən dünyada tolerantlıq, çoxmədəniyyətlilik kimi dəyərlərin tanıdılması, Azərbaycanın məhz bu dəyərlər üzərindən təbliğ etməkdir. Qeyd edək ki, dünyanın əksər ölkələrində hazırca dinlər arasında dialoq, məzhəblər arasında barış yoxdur. Əksinə, indi daha da bölünmə və nifrət yayan çağırışlar populyardır. Xüsusən də müsəlman ölkələrində son illərdə din və məzhəb amili düşmənçilik və müharibələrin əsas silahına çevrilib.
Amma Azərbaycanın necə deyərlər bu məsələdə təbii sərvətləri var. Tarix boyunca Azərbaycan xalqı fərqli mədəniyyətlərə, dinlərə və məzhəblərə ev sahibliyi edib. Qədim inanclar, şamanizm, məcusilik, xristianlıq, musəvilik, islam və bunların hər birinin fərqli qolları 2 min ildən çoxdur ki, Azərbaycanda birgə yaşayırlar. Fərqli etnik qrupların və fərqli inancların Azərbaycanda yer alması təbii olaraq dini və etnik qrupların birgə yaşayışını təmin edib. Bu mənada Avropada orta əsrlərdə böyük çətinliklə, başqa ölkələrdə dövlətin və gücün müdaxiləsi ilə əldə olunan tolerantlıq mühiti Azərbaycanda təbii şəkildə təmin olunub. Hətta Rusiya işğalından sonra da Çar hökuməti cənub sərhədlərində müsəlman əhalinin çoxluğuna təsir etmək üçün əvvəlcə İran və Osmanlıdan erməniləri, daha sonra isə Rusiyanın içərilərindən malakanları, daha sonra isə almanları bura köçürüb. Ancaq 19-cu əsrdə Azərbaycana köçürülən erməni, alman və malakanlar yerlərdə hər hansı dini zəmində gərginliyə səbəb olmayıblar. Yerli əhali 2 min əvvəl tanış olduğu xristianlığı rahat qarşılayıb. Və yaxud da Xəzərlər dönəmindən Azərbaycanda yaşayan dağ yəhudiləri yaşadıqları uzun bir zaman kəsiyində Avropada olduğu kimi diskriminasiya və ya təzyiqlə üzləşməyiblər.
Bu mənada zənginlik Azərbaycanın bir növ milli-tarixi ənənəsidir. Bu ənənəni davam etdirmək və əsrin probleminin Azərbaycana sirayət etməsinin qarşısını almaq və Azərbaycanın müsbət təcrübəsini dünyaya tanıtmaq üçün rəsmi Bakı ciddi bir kampaniya aparır. Bu mövzuda Azərbaycanın potensialı nə qədərdir? Azərbaycan islam həmrəyliyi nümunəsi yarada biləcəkmi?
Nüfuzlu ruhani, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli deyir ki, indi İslam dünyasında həmrəylik qədər ikinci aktual mövzu yoxdur: “Bütün problemlərin kökündə həmrəyliyin olmaması durduğu kimi, bütün problemlərin çözümü də vəhdətə bağlıdır. Kimlərsə müsəlmanları geosiyasi oyunların qurbanı sayır, kimlərsə gedən prosesləri qlobal mədəniyyətin yan təsiri kimi görür. Lakin müsəlman dövlətləri, xalqları, məzhəb və təriqətləri bir olarsa, güclərini səfərbər edib müasir çağırışlara cavab vermək üçün birləşərsə, problemlərin əksəriyyəti öz çözümünü tapar. Dövlət başçısının bu ili ”İslam həmrəyliyi" ili elan etməsi ciddi bir addımdır. Hansı tədbirlərin keçiriləcəyindən asılı olmayaraq, bu məsələnin gündəmə gətirilməsi artıq ciddi və mühüm bir məsələdir".
Onun fikrincə, Azərbaycanın bu şüarı əsas alması həm ölkədə, həm də dünyada müsbət bir addım olaraq nəticə verəcək: “Sevindirici haldır ki, məhz Azərbaycan islam ümmətinin ən çox ehtiyac duyduğu bu məsələni gündəmə gətirir, bu istiqamətdə fəaliyyət göstərməyi özünə borc bilir. Azərbaycan ənənəsi və təcrübəsi ilə islam həmrəyliyinin öncüllərindən, bayraqdarlarından olmaq haqqını qazanıb. Bu istiqamətdə atılan hətta kiçik bir addım böyük nəticələr verəcək. Eyni zamanda prezidentin də dəfələrlə dediyi kimi, İslam həmrəyliyi Azərbaycanın xarici siyasətinin də prioritet istiqamətidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və bu təşkilat ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən mötəbər bir qurumdur. İslam həmrəyliyi mövzusu Qarabağ probleminin İslam ümmətinin problemi kimi qəbul edilməsinə yardımçı ola bilər”.
Bölgə üzrə mütəxəssis, Ankarada yerləşən “Kafkassam” Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyir ki, son illərdə regionda davam edən məzhəb və dini şüarlı savaşın Azərbaycana sirayət etməsi təhlükəsi olsa da, indi bu mərhələ müəyyən qədər arxada qalıb: “Yaxın keçmişdə İslam dünyasının məzhəb savaşına sürüklənməsi ilə bağlı xəbərlər mediaya tez-tez yol tapırdı. Bu təhdid hər bir müsəlman ölkəsi, o cümlədən sünni və şiə əhalinin yaşadığı Azərbaycanı da təhdid edən bir amil idi. Bu mənada bütünlükdə coğrafiyamız dini provokasiyalara açıqdır. Azərbaycan cəmiyyətində milli faktorun önə çıxması ilə iki məzhəb tərəfdarları milli kimlik amilinə öncüllük verməklə bu qarşıdurmanı önlədilər. Ancaq eyni zamanda məhz bu amil İslam həmrəyliyi faktorunu da önə çıxararaq yeni müsbət təcrübə ortaya qoya bilər. Bu mənada Azərbaycan həm böyük bir risk, həm də böyük potensiala daşıyır. Bu potensialı yaxşı şəkildə dəyərləndirib həm ölkədə dini zəmində gərginliyin qarşısını almaq olar, həm də bu təcrübəni yaşamış bir ölkə kimi model ölkəyə çevrilə bilər”.
KƏNAN
Musavat.com
14.01.2017