Bu gün qanlı yanvar hadisələrinin ildönümü ilə bağlı hacı Şahin Həsənli “Məşədi Dadaş” məscidində çıxış edib. Cümə xütbəsini istiqlaliyyət şəhidlərinə həsr edən ilahiyyatçı bildirib ki, 20 yanvar bütün şəhidlərimizin xatirə günüdür.
Şəhidlərin diri olması ilə bağlı ayəni şərh edən Ş. Həsənli deyib: “Şəhid digər insanların diriliyindən keyfiyyətcə yeni həyat qazanır”. Onun sözlərinə görə, bütün insanların ruhları əbədidir, lakin şəhidlərin ruhu bütün aləmlərdə təsirə malikdir. Onlar cismən bu dünyanı tərk etsələr də, bu dünyanın, bərzəx və qeyb aləminin hadisələrinə təsir etmək əzmindədirlər.
Şəhidlik fəlsəfəsinə toxunan məscidin imamı bildirib ki, Qiyamət günü peyğəmbərlərin şəhid ayağına durması sıradan bir ehtiram deyil. Peyğəmbərlər amallarının yaşaması ilə şəhidlərə borclu bilirlər özlərini. Onların oxşar cəhəti budur ki, haqq və insanlıq aşiqləridirlər. Şəhid insanlıq uğrunda nəyi varsa qurban verir, sonda qane olmayaraq canını da fəda edir. Hətta Axirətdə belə cənnəti başqaları ilə bölüşmək arzusunda olur.
20 yanvar hadisələrinə müxtəlif şərhlərin verilməsi ilə bağlı ilahiyyatçı deyib: “20 yanvar xalqın istiqlal mücadiləsidir. Kimlərsə bu hadisədən yararlanmaq istəyiblərsə də, bütün bunlar xalqın mübarizəsinə kölgə sala bilməz”. Şəhidlərimiz böyük imperiyanın əsl simasını üzə çıxartdı və həmin imperiyanın dağılmasına təkan verdi. Hacı Şahin Həsənlinin sözlərinə görə, 20 yanvar hadisəsi tariximizin şanlı səhifələrindəndir.
Qeyd edək ki, bu gün Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər.
hacishahin.az