Yanvarın 30-u Bakının Maştağa qəsəbəsində xanım Fatimeyi-Zəhranın (s) şəhadəti ilə bağlı əzadarlıq məclisi keçirilib. Qəsəbənin Cümə məscidində təşkil olunan tədbirə qatılan ilahiyyatçı hacı Şahin Həsənli inanclılar qarşısında çıxış edib.
İlahiyyatçı xanım Fatimənin (s) şəxsiyyətinə olan münasibətdə iki cəhətin qabardığını bildirib: məzlumiyyət və məhbubiyyət. Beləki, xanım vilayət yolunun ilk şəhidi, Əhlibeytin (ə) zülmə məruz qaldığı ilk üzvüdür. Digər tərəfdən İslam aləmində ən sevilən şəxslərdən biridir. Ona qarşı olan məhəbbət təbii olsa da, eyni zamanda bu sevgiyə əmr olunub. Hədis və rəvayətlərdə bu sevginin insan üçün xilasverici olması qeyd olunur.
İslamı Kərbəladan öncə Fatimiyyə hadisəsi qorudu, hətta Kərbəlanın qaynağı Fatimiyyə idi. Lakin Fatimiyyə həmişə Kərbəlanın kölgəsində sirli bir hadisə kimi qaldı. Xanım Fatimə (s) ilahi vilayətə uzanan əlləri qadına xas tərzdə, gözlənilməz şəkildə kəsdi və meydandan çıxdı. Ona görə planları alt-üst olanlar bütün kinlərini onun üzərinə tökdü. Bu məzlumiyyət olmasa idi belə, xanım Fatimə (s) sevilməli bir insandır. Lakin, sərt qəlbli insanların da ürəklərinə məhəbbət salmaq üçün xanım əziyyətlərə razılaşdı.
Fikirlərini davam edən hacı Şahin Həsənli deyib: "Müsəlman ümmətinin sevən və sevilən bir anası var. Ümmətin anasına olan bu sevgisi əsrlərə davam edir və sönmür". Zəhmətsiz əldə etdiyimiz bu mənəvi sərmayədən bir çox xalqlar məhrumdur. Həzrət Fatimə (s) məhəbbət təcəllasıdır. İnsanlığın ehtiyac duyduğu və çatışmazlığından əziyyət çəkdiyi bir məhəbbətin təcəllası. Məhəbbət universal, hamının anlayacağı bir dildir. Bu dillə danışılarsa insanlıq çiçəklənər. Məhəbbətsizlik isə, bəşər övladının bütün problemlərinin köküdür. Müharibələr, zülmlər, intiharlar, ailələrin dağılması, həyatın sönüklüyü məhəbbətsizliyin nəticəsidir. Bəşəriyyətin elmi cəhətdən bu qədər inkişaf etdiyinə rəğmən qeyd olunan problemlərdən əziyyət çəkməsi sübut edir ki, məhəbbət elmdən də mühümdür. Maariflənmə zəruridir, lakin eşq olmasa maariflənmə də səmərəsiz olacaq. Məhəbbəti ehtiras və həvəslə əvəz etməyə çalışsalar da problem həll olunmadı. Bəşəriyyətin eqoizmdən azad, ilahi bir məhəbbətə ehtiyacı var. Həmin məhəbbətin təcəssümü xanım Fatimədir (s). Bu elə bir məhəbbətdir ki, İslamı xilas etdi və insanlığı xilas edəcək.
hacishahin.az