"Mart soyqırımı milli yaddaşımızda özünəməxsus yer tutur. Məhz bu soyqırım milli birliyimiz, imperializmlə mübarizəmiz və nəhayət istiqlaliyyətə qovuşmağımız üçün bir oyanış oldu".
Bu sözləri ilahiyyatçı hacı Şahin Həsənli sosial şəbəkələrdəki rəsmi səhifəsində 31 mart soyqırımı ilə bağlı yazıb. Onun sözlərinə görə, bir toplumun millət kimi formalaşmasında tarixi yaddaş əsas yer tutur: "Odur ki, bütün zamanlarda təcavüzkar qüvvələr ilk növbədə zəbt etdiyi ərazilərdə yaşayan xalqların tarixini təhrif etməyə çalışır, kitabxanalarını yandırır, tarixi abidələrini sökür. Lakin, mart hadisələrini sovet dönəmində nə qədər unutdurmaq istəsələr də, xalqımız dostu düşməndən ayıran, bizi özümüzə qaytaran bu faciəni yaddaşından silmədi".
O qanlı hadisələrdən bir əsrin ötdüyünü yazan ilahiyytçı bildirib ki, bu bir əsrdə əldə etdiyimiz nəaliyyətlərə, bugünümüzə və sabahımıza görə canlarını xalq üçün sipər edən, milli kimliyimizi öz qanları ilə imzalayan şəhidlərimizə borcluyuq:
"Allahdan bütün şəhidlərimizə, xüsusilə də mart soyqırımı qurbanlarına rəhmət diləyirik!"
hacishahin.az