XƏBƏRLƏR

Hacı Şahin Həsənli qeyri-adi mövlud tədbirindən danışdı

03 Aprel 2018 1352

Azərbaycanda imam Əlinin (ə) mövlud günü münasibəti ilə keçirilən mərasim sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Mövlud tədbiri üçün həzrət Əlinin (ə) şəkli olan tort hazırlanıb. Daha sonra şam yandırılaraq “Happy Birthday” mahnısı səsləndirilib.


Məsələylə bağlı “Qafqazinfo” ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlidən münasibət öyrənib. İlahiyyatçı bildirib ki, mövludların bu tərzdə keçirilməsini düzgün hesab etmir:

 

“Dini tədbirlərin öz xarakteri var və özünəuyğun formada keçirilməlidir. Bu sahədə xalqımızın adət-ənənələri də var. Əlbəttə ki, zaman keçdikcə müəyyən dəyişikliklər etmək olar. Ancaq bu dəyişikliklər edildiyi zaman ifrata varmaq qətiyyən yolverilməzdir. Dini mövzu həssas olduğu üçün bu kimi tədbirlər keçirilən zaman tədbirin xarakteri nəzərə alınmalıdır. 

 

Bu kimi hallarında yaşanmasında insanların dini savadının o qədər də yüksək olmamasının da müəyyən qədər rolu var. Ancaq bir sıra məsələlər var ki, ona elə bir ciddi dini savad tələb olunmur. Bunları kitabdan öyrənmək məcbur deyil.  Mən kimisə qınamaq istəmirəm. Bəlkə də onlar sevgilərini ifadə etməyə çalışıb. Bunun məqsədli şəkildə, pis niyyətlə edilməsinə inanmıram. Dini tədbirlər bir qədər ağır keçirilməlidir. Şənlənməyin əleyhinə deyilik, ancaq kənardan gülünc görünən, insanlarda aşağılayıcı gülüş yaradacaq hərəkətlərə yol vermək olmaz”.

 

 

İlahiyatçının fikirlərini Publika.az da öyrənib. Hacı Şahin Həsənli bu sayta açıqlamasında dini mərasimlər, bayram günlərinin şən əhval-ruhiyyədə keçirilməsinin dinin tələblərindən olduğunu deyib: “Hədislərimizdə “bayramlarda şadlıq edin” , deyə buyrulur. Din bir həyat tərzidir və yalnız matəm günlərindən ibarət deyil. Dinimizdə buyrulur ki, şadlıq imanlı insanın əsas əlamətidir. Amma bu mərasimlər keçirilərkən müqəddəs şəxsiyətlərin şəninə uyğun şəkildə qeyd edilməli, onları aşağılayacaq şəkildə keçirilməməlidir. Burada konkret qaydadan söhbət getmir, lakin elə tərzdə qeyd edilməlidir ki, dəyərlər gözdən düşməsin. Bu dəyərləri ucuzlaşdırmaq yolverilməzdir. Bəzən bu cür tədbirlər dini dəyərlərin gülüş hədəfinə çevrilməsinə, məsxərə edilməsinə səbəb olur. Əlbəttə, tədbirin mahiyyətinə uyğun keçirilməsi daha yaxşı olardı. Azərbaycanda bu cür tədbirlərin keçirilmə ənənəsi var. Həmin tədbirlərdə dahi şairlərimizin dini şəxsiyyətləri vəsf edən şeirləri oxunub, qəsidələr deyilib. Tədbirlər bu şəkildə keçirilsə, daha yaxşıdır. Düzdür, zaman keçdikcə, dini ayinlər, mərasimlərin keçirilmə qaydalarında dəyişikliklər ola bilər. Lakin bunlar tədbirin mahiyyətinə kölgə salan həddə olmamalıdır. Müqəddəs şəxsiyyətlərin adı ilə bağlı tədbirləri gülüş hədəfinə çevirmək yolverilməzdir”.

 

Hacı Şahin Həsənli həmçinin vurğulayıb ki, tədbiri keçirənləri pis niyyətli olmaqda da ittiham etmək olmaz:

 

“İnsanları qınamaq məqsədim yoxdur. Ola bilər ki, insanlar məhəbbətlərini bu cür ifadə etmək istəyiblər, məqsədləri heç də mərasimə kölgə salmaq olmayıb. Hər bir halda bu mərasim tədbirin mahiyyətinə uyğun deyil. Bu mərasimlərdə şirniyyat da verilə, ilahiyyat da oxuna bilər. Lakin hər hansı ad günündə oxunan, Azərbaycan xalqına da məxsus olmayan mahnıların oxunması doğru deyil. Düşünürəm ki, həmin görüntüdəki tədbirlər dinin mahiyyətinə uyğun deyil. İnsanlar bu cür tədbirləri keçirərkən, məhəbbətlərini ifadə edərkən ifrata varmamalıdırlar. Dini dəyərləri “yüngülləşdirmək”, yazılmamış, lakin qəbul olunmuş qaydalardan kənara çıxmaq doğru deyil. İnsanları qınamaq istəmirəm, amma şadlıq etmək müqəddəs şəxsiyyətin adına ləkə gətirməməlidir. Bu məsələ tək bir şəxsə aid deyil, həm də dini məsələdir. Dini məsələ də həssas olduğuna görə bunda daha diqqətli olmaq lazımdır”.

 

 

hacishahin.az