XƏBƏRLƏR

Kanal On4 rəhbərliyi ilə görüş

19 Yanvar 2017 3066

Yanvarın 18-i “Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri, ilahiyyatçı hacı Şahin Həsənli Türkiyənin ON4 TV telekanalının rəhbərliyi ilə görüşüb. Kanalın idarə heyətinin üzvləri Kadir Akaras, Hürriyyət Varol və Qlobal TV-nin təsisçi-direktoru Emin Səmədovun iştirak etdiyi görüşdə bir sıra mövzular ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Kadir Akaras eyni zamanda Türkiyədə fəaliyyət göstərən Əhli Beyt (ə) alimləri dərnəyinin sədri, Hürriyyət Varol isə Səqəleyn TV-nin idarə heyətinin üzvüdür.

 

Görüş əsnasında qonaqları salamlayan hacı Şahin Həsənli kanal ON4-ün geniş spektrli proqramlar hazırladığını və İslam həmrəyliyinə xidmət etdiyini önə çəkdi. Onun sözlərinə görə, məhz bu xüsusiyyət qeyd olunan kanalı izləyicilər üçün maraqlı və faydalı edir. Öz növbəsində Kadir Arakas azərbaycanlı ilahiyyatçının Türkiyədə maraqla izləndiyini vurğuladı. Onun sözlərinə görə, hacı Şahin Həsənlinin fəaliyyəti, xütbələrində toxunduğu mövzuların əhəməiyyəti, habelə gündəmdə olan məsələlərə yanaşması kanalın redaksiya siyasəti ilə üst-üstə düşür: “Biz Sizi televiziya vasitəsilə izləyirik və xütbələrinizi həm mövzu, həm də forma cəhətindən bəyənir, söhbətlərinizdən çox istifadə edirik”.

 

Azərbaycanı özləri üçün doğma saydıqlarını, Türkiyə qədər vətən bildiklərini deyən qonaqlar, Türkiyə tamaşaçısı üçün Azərbaycan mədəniyyətinin olduqca maraqlı olduğunu qeyd etdilər. Beləki, kanal bu istiqamətdə yeni layihələr hazırlamaqdadır. Görüş zamanı Azərbaycan mədəniyyətinin yaşatdığı İslam dəyərləri, xüsusilə Əhli-Beyt (ə) məhəbbəti, ölkədəki dini dözümlük barədədə söz açıldı. Müsəlman birliyinin, məzhəblərarası qardaşlığın qorunması, müsəlman mədəniyyətinin inkişaf etdirilməsinin zəruriliyi xüsusi vurğulandı.

 

Sonda, qonaqlara fəaliyyətlərinə görə təşəkkür edən hacı Şahin Həsənli hər zaman əməkdaşlığa hazır olduğunu bildirdi.

 

 

hacishahin.az