Mayın 2-si Məşədi Dadaş icması nəzdində fəaliyyət göstərən Darul Hikmət Elm və Tədris Mərkəzi həzrət Mehdinin (ə) mövludu ilə bağlı ziyafət təşkil edib. Mərkəzin tələbə və müəllim heyətinin qatıldığı tədbirdə ilahiyyatçı-alim hacı Şahin Həsənli və fəlsəfə doktoru Mail Yaqub çıxış ediblər. Məşhur ilahilər ifaçısı Rəşad Ataşov isə ilahi nəğmələri ilə qonaqların zövqünü oxşuyub. Mərkəz rəhbərliyi ilin ən yaxşı müəlliminə, ən yaxşı tələbəsinə və mərkəzin fəaliyyətində ən fəal əməkdaşa fəxri diplomlar təqdim edib.
Tədbirdə çıxış edən hacı Şahin Həsənli bildirib ki, insan ona ayrılan ömur payını xoşbəxt yaşamaq istəyir və bu istək təbiidir. İnsanın xoşbəxtliyi isə maddi və mənəvi rifahının vəhdətindədir. Fərdi xoşbəxtlik ictimai düzənlə şərtləndiyi üçün göylə yeri, maddiyyatla mənəviyyatı bir araya gətirən ictimai nizam olmalıdır. İnsan o qədər əzəmətlidir ki, onun firəvanlığı üçün bir sistem, böyük bir mexanizm işə düşməlidir.
"Zühurun gerçəkləşməsi üçün insan o dövrü amorf deyil, dərin şəkildə anlamalı, dəqiq təsəvvür etməlidir", - deyən ilahiyyatçı tələbələri və gənc təhqiqatçıları bu istiqamətdə araşdırma aparmağa çağırıb. Onun sözlərinə görə, məhdəviyyat etiqadı bor möcüzə gözləntisi deyil, vahid tarixi prosesin məntiqi sonluğudur.
hacishahin.az