XƏBƏRLƏR

Əmircanda həzrət Mehdi (ə) mövludu keçirilib

04 May 2018 2434

Mayın 4-ü Bakının Əmircan qəsəbəsində həzrət Mehdinin (ə) mövludu keçirilib. Cümə məscidində keçirilən tədbirə Əmircan və ətraf qəsəbələrin din xadimləri, o cümlədən Hacı Rəhim və Seyid Şəhadət də qatılmışdı. Tədbirdə ilahiyyatçı-alim hacı Şahin Həsənli xütbə ilə çıxış edib, daha sonra tanınmış məddah Mehdi Dərbəndi ilahilər ifa edib. Sonda xalqımızın rifahı, torpaqlarımız işğaldan azad edilməsi, şəhidlərimizin ruhu və həzrət Mehdinin (ə) tezliklə zühur etməsi üçün dualar oxunub.

 

Hacı Şahin Həsənli öz çıxışında bildirib ki, insanın kamilliyini şərtləndirən əsas məsələlərdən biri obyektiv baxışdır. Peyğəmbərimiz (s) dualarının birində deyir: "İlahi, hər bir şeyi olduğu kimi göstər mənə". Bizim problemlərimizin kökündə önəmsiz məsələyə önəm verməyimiz, önəmli məsələyə isə önəm verməməyimiz durur.

 

Allahın hüzurunda dünya kiçik və önəmsizdir. Quran məntiqi ilə dünya itkisinə acımağa, qazancına isə sevinməyə dəyməz. İnsan da ilahi baxışa yiyələndikdə dünyaya hədəf kimi əhəmiyyət vermir. Lakin, eyni zamanda dünya işlərini diqqət, şövq, ləzzət və məsuliyyətlə icra edir, çünki Allaha qovuşduran bir vasitə kimi görür. Həm də ucaldıqca dünyaya yüksəkdən baxır və daha yaxşı tanıyır. Əhəmiyyətli isə Allahın əhəmiyyət verdiyi Axirət olur belə insan üçün. Arif o kəsdir ki, ən uca hədəfə önəm verə və o hədəfə çatdıran vasitəyə dəyər verə, cavadehliyini anladığı üçün ömrünün hər anının qədrini bilə. Belə insan Allahın rəhmətinə də, qəzəbinə də ciddi yanaşır, Allahın ona nə qədər önəm verdiyini, sevdiyini bilir.

 

Həzrət Mehdinin (ə) zühuru üçün zühura önəm vermək gərəkdir. İmamsızlığın acısını hiss etmədən, imamətin mənasını dərk etmədən zühur baş verməz. İmama önəm verməliyik, intizarımız hiss olunacaq qədər görsənməlidir. Necə ki, Yaqub (ə) Yusifin (ə) eşqindən yusifsizliyə dözməyib ağlamaqdan kor olur. Bu eqoizmdən, problemlərimizin çözümü üçün çəkilən intizar deyil, ilahi övliyanın və haqqın zühurunun intizardır. 

 

Sonda ilahiyyatçı bildirib ki, Azərbaycan xalqının xoşbəxtliyindən biri də zamanın imamını (ə) tanıması, o həzrəti sevməsidir. 

  

hacishahin.az