Bu gün Məşədi Dadaş məscidində 20 yanvar hadisələri ilə bağlı tədbir keçirildi. Tədbir məşhur qari hacı Ruslan Qasımovun müqəddəs Qurani-Kərimin tilavəti ilə başladı. Daha sonra xütbə ilə çıxış edən məscidin axundu hacı Şahin Həsənli qanlı yanvarın ildönümü ilə əlaqədar xalqımıza başsağlığı verdi.
Şəhidin yad olunmasının önəmindən danışan ilahiyyatçı bildirdi ki, şəhidlik dinimizdə ən uca rütbə sayılır. “Şəhidlik isarın – fədakarlığın ən uca zirvəsidir”, - deyən hacı Şahin Həsənlinin sözlərinə görə, məhz fədakarlıq vasitəsilə insan Allahla öz arasında ən böyük maneə olan mənəmçiliyini aradan apara bilər. Quranda Allah-Təala həzrət Məhəmmədi (s) tərif edərkən “onlar üçün o qədər yandın ki, az qala özünü həlak edəsən” deyir. Peyğəmbərimizin (ə) özəlliklərindən biri məhz insanlığa aşiqliyi və fədakarlığı idi. Tarix mənfəətpərəstlik və eqoizm ilə eşq və fədakarlıq arasında gedən savaşla yazılıb. Şəhidlər də insanlara eşqlə yaşayıb insanlıq naminə canlarını fəda edən qəhrəmanlardır. Eqoizm və mənfəətpərəstliyin ali dəyər kimi təbliğ olunan bir dünyada şəhidlər öz qanları ilə insanlığı yaşadır.
20 yanvar şəhidləri Azərbaycan xalqının düşmənlərinin iç üzünü açaraq yalan üzərində qurulmuş imperiyanın mahiyyətini ortaya qoydu. Şəhidlərimiz bizi öz kimliyimizə və azadlığımıza qovuşdurdu. Şəhidlik bir dəyər kimi Qurandan qaynaqlanır və İmam Hüseynin (ə) Kərbəlası ilə yaşadılır. Bu səbəbdəndir ki, Azərbayacan müstəqilliyinin ən böyük qarantlarından biri inanclı vətəndaşlardır. Xətibin sözlərinə görə, bayrağı, torpağı və milləti qorumaq dini qorumaq anlamına gəlir. Sonda torpaqlarımızn işğaldan azad olması üçün dualar edildi, şəhidlərin ruhuna ehsan paylandı.
hacishahin.az