“Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli dünən Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən hadisə barədə Teleqraf.com-un suallarını cavablandırıb:
- Gəncədə bir qrup şəxsin “Allahu Əkbər” deyərək, polisləri qətlə yetirməsi faktına münasibətinizi bilmək istərdik...
- Azərbaycanda inanclı insanlar həmişə dövlətçiliyə sədaqəti ilə seçiliblər və müstəqilliyin əldə olunmasında böyük fədakarlıq göstəriblər. Gəncədəki hadisənin dinlə əsaslandırılması məqsədli xarakter daşıyır. Bir qrup insan xarici təsirlərin nəticəsində Azərbaycanda olan dinlər və məzhəblərarası birliyə xələl gətirmək, dövlətə zərbə vurmaq istəyir. Ancaq bu radikallığın Azərbaycanda ciddi sosial bazası yoxdur. Çox az sayda insan aksiyada iştirak edib. Gecədən Gəncədə yaşayan inanclı insanlarla əlaqə saxlamışdım. Onlar birmənalı bildirdilər ki, bu hadisənin bizə aidiyyatı yoxdur, evimizdəyik və bu kimi işlərdə iştirak etmirik. Bir sözlə, bütün inanclı insanların Gəncədəki hadisələrlə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, din adı ilə insanların sağlığına ziyan vurmaq, qətlə yetirmək yolverilməzdir və dinin mahiyyətinə ziddir. Dinimiz insanları qarşıdurmaya yox, birliyə, vəhdətə dəvət edir. Bir insan “Allahu Əkbər” deyərək öz vətəndaşına, hüquq-mühafizə orqanının əməkdaşına silah qaldırırsa, bu, faciədir. Bunun dinlə heç bir əlaqəsi ola bilməz. Dinimiz bu kimi əməlləri qətiyyətlə pisləyir. Cinayət hər bir halda cinayətdir, bunu din adı altında etdikcə, böyük faciəyə çevrilə bilər, bunun örnəklərini dünyada görürük. Yaxın Şərqdə din şüarı ilə ölkələr viran edilir, sabitlik pozulur, vətəndaş müharibələri alovlanır. Belə bir şəraitdə Azərbaycanda bu halların təkrarlanması yolverilməzdir.
- Şəhid olan polislərdən birinin din xadiminin qardaşı olduğu deyilir.
- Bəli, şəhid olan polis zabiti Səməd Abbasov Hacı Tahirin qardaşıdır. O, Gəncə axundudur, həm də Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvüdür. Səməd Abbasov onun doğma qardaşıdır.
- Gəncədəki aksiyada radikallar hansı məzhəbin nümayəndələridir? Onları müəyyənləşdirmək mümkündür?
- Bu dəqiqə onları dəqiq müəyyənləşdirmək mənim üçün çətindir. Aksiyada kimlərin iştirak etdiyini yaxından izləyə bilməmişəm. Yəqin hüquq-mühafizə orqanları araşdırma aparacaq. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda olan ənənəvi məzhəbin ardıclıları, istər şiə, istərsə də sünni müsəlmanları tarixən belə hərəkətlərdən uzaq olub. Azərbaycanlının təsəvvüründə inanc Allaha və yaranmışlara məhəbbətdir, dövlətçiliyə bağlılıqdır. Azərbaycan dövlətçiliyini təşkil edən əsas ünsürlərdən biri də dini dəyərlərimizdir. Gəncədəki bu hadisəni törədən insanları hər hansı məzhəbə aid edə bilmirəm. Çünki Azərbaycanda yaşayan ənənəvi məzhəb təmsilçiləri heç zaman bu əhval-ruhiyyədə olmayıblar.
telqraf.com