Bu gün Azərbaycan İlahiyyat İnstitutunda "Çoxmilli və çoxkonfessional Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların rolu" mövzusunda elmi seminar keçirilib.
Tələbələr qarşısında çıxış edən ilahiyyatçı-alim Hacı Şahin Həsənli ənənəvi inanclarımızın milli vəhdət ideyalarının formalaşmasında rolu haqda bəhs edib. Seminarda Aİİ-nin rektoru Ceyhun Məmmədov, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub da iştirak ediblər.
Azərbaycanda dinlər tarixinə qısa ekskurs edən ilahiyyatçı, əsrlərlə formapaşan dəyərlər sisteminin günümüzdə tətbiqi mövzusuna da toxunub. Azərbaycanda tarixən müxrəlif dini və etnik qruplar sülh və birlik içində yaşayıblar. Bunun əsas səbəbi xalqımızın dominant inancının ilahi və insani eşqə söykənməsidir. Onun sözlərinə görə, mənəvi, mədəni və tarixi irsimiz müasir dövrün təhlükəli tendensiyalarına qarşı immunitet rolu oynaya bilər.
Tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycanın tolerantlıq ənənələri və bu ənənələrin qorunmasının zəruriliyindən söz açıb. Rektorun sözlərinə görə, vaxtı ilə ən güclü təhlükəsizlik və müdafiə xidmətlərinə malik ölkələr dini dözümsüzlük və radikallıq sayəsində ən dağıdıcı savaş meydanlarına çeviriliblər. Öz növbəsində digər qonaqlar da ölkəmizdə din adından sui-istifadələr cəhdi, xalqımıza yad olan radikal baxışların təhlükəsi haqda da danışıblar.
Sonda mövzu ilə bağlı sual-cavab keçirilib.
hacishahin.az