İyulun 24-ü Bakının Masazır qəsəbəsində imam Rzanın (ə) mövludu keçirilib. Qəsəbə məscidində təşkil olunan mövlud gecəsində ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edib.
Tədbir Müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra məscidin ruhanisi Seyid Naib qonaqları salamlayaraq sözü ilahiyyatçı Hacı Şahin Həsənliyə verib.
Öz çıxışına imam Rzanın (ə) digər imamlardan fərqinə və özəlliyi haqda danışmaqla başlayan ilahiyyatçı bildirib ki, səkkizinci imamımız sevilməsinə rəğmən çox tanınmayıb. Məsumlar vahid nurdan olsalar da, imam Rzanın (ə) bəzi xüsusiyyətləri daha çox təzahür edir onun həyatında.
"Silsilətüz-zəhəb" ("Qızıl silsilə") hədisini şərh edərək, xətib imam Rzanın (ə) əsas xüsusiyyətini açıqlayıb. Nə ondan öncə, nə ondan sonra heç bir imam böyük insan kütləsi qarşısında vilayət haqda çıxış etməyib. Bu izdiham Tusa gedən yolda imamın (ə) Nişapurda dayandığı zaman yığılır. Həmin insanların imamətə etiqadı yox idi - imamı qəsdən tərəfdarları yaşamayan məhəllədən keçirirdilər. Lakin, camaat peyğəmbər (s) hörmətinə onun övladını qarşılamağa gəldi. İmam peyğəmbərə qədər məsum ata-babaların bir-birindən, peyğəmbərin (s) Allahdan belə eşitdiyini buyurur: "La ilahə illəllah - Mənim qalamdır. Kim bu qalaya daxil olsa, əzabımdan amandadır". Daha sonra yola düşərkən bir daha xalqa baxıb: "Lakin bir şərtlə: mən də o şərtdənəm". Yəni vilayət tövhidin şərtidir. Bu sözü demək böyük şücaət və cəsarət idi. Lakin, mesajın əhəmiyyəti də elə bu hədisdən bəllidir. Dinlə düşmənçilik edənlər Allahla deyil, vəli ilə qarşılaşdıqda üsyan edirdilər. Vəliyə itaət və təzim həm də Quranın işarə etdiyi qəlb təqvasının göstəricisidir. Insan qəlbini ibadətin arxasında gizlədə bilər, amma vəliyə itaət qəlbin halını, səmimiyyətini dərhal büruzə verir. Necə ki, İblis Adəmlə üzləşməyənə qədər ibad və itaət edən bir bəndə kimi görsənirdi.
Azərbaycan xalqının da böyük nemətlərindən birinin məhz Allah övliyalarına bağlılığıdır deyən ilahiyyatçı xütbəsini dualarla tamamlayıb.
Sonda imam Rzanın (ə) şəninə mədhiyyələr oxunub, müsəlmanların birliyi, xalqımızın rifahı, torpaqlarımızın tezliklə qaytarılması və şəhidlərimizin ruhu üçün dualar edilib.
hacishahin.az