Kərbəlada ziyarətdə olan ilahiyyatçı-alim Hacı Şahin Həsənli öz Facebook səhifəsində bayram təbriki paylaşıb.
"Bu il də Allah Qurban bayramını Kərbəlada - qurbanlıq fəlsəfəsinin təcəlli etdiyi müqəddəs məkanda keçirməyi bizə nəsib etdi. İnsanlığa olan sonsuz məhəbbət və bu məhəbbətdən qaynaqlanan misilsiz fədakarlıq məktəbi Allah övliyalarının bizə qoyduğu əzəmətli bir mirasdır".
İlahiyyatçının yazdığına görə, möcüzələr yaradan bu miras bəşəri xoşbəxtliyin yeganə yoldur: "Hər kəsin öz haqqı üçün mücadilə etdiyi bir dönəmdə, Qurban bayramı Haqq üçün öz haqqından keçməyi öyrədir bizə. Çünki xoşbəxtliyimizin yolu eqoizmin kəsildiyi qurbangahdan keçir. Allah-Təala bu dünyagörüşü həyat fəlsəfəmizə çevirsin!"
Sonda Hacı Şahin Həsənli hər kəsi Qurban bayramı münasibətilə təbrik edirək, qurbanların qəbul olunmasını arzu edib.
hacishahin.az