XƏBƏRLƏR

"Bu bayram fədakarlıq simvoludur"

22 Avqust 2018 860

"Qurban bayramı əslində mərhəmət hisslərinin ifadəsidir və ilk növbədə Allah yolunda fədakarlığı simvolizə edir. Qurban bayramında insan maddi hisslərindən mənəvi hədəflərinə doğru keçməyi öyrənir. Simvolik olaraq qurban kəsilməsi ilə insan öz aşağı səviyyəli istəklərini daha üstün səviyyəli istəklərinə fəda edir. Bu da bizə Həzrəti İbrahim peyğəmbərdən yadigar qalıb."

 

Bu fikirləri SalamNews-a açıqlamasında "Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib.

 

O bildirib ki, Qurban bayramı insani bir bayramdır, onu bir ümumbəşəri bayram kimi qəbul etmək olar. Çünki bütün bəşəriyyətin, ümumiyyətlə, insanlığın qənimi onun nəfsani istəkləridir, maddi meylləridir. Dünyada baş verən bütün münaqişələr, ixtilaflar nəfsin cilovlanmamasındandırsa,Qurban bayramı ümumbəşəri dəyərdir. Bəşəriyyət üçün bu gün də aktual olan mövzudur. İnsan öz nəfsinin başını kəsmədikdə aqressiv olur, başqaları üçün təhlükəli olur, insanlarla həmdərd ola bilmir. Yalnız özünə qələbə çalmış, öz nəfsini qurban kəsə bilmiş insanlar başqaları üçün faydalı olur, həm də azad və həyatda zövq alaraq yaşaya bilir. Ona görə də bu bayramı hətta konkret bir dinə, məzhəbə aid etmək düzgün deyil. Bu, ümumbşəri bir bayramdır, lakin onu hələ ki, yalnız müsəlmanlar qeyd edir. Ümumiyyətlə, bu bayramların fəlsəfəsinin dünyaya çatdırılması belə günlərdə çox önəmlidir.

 

Hacı Şahin Həsənli həmçinin Azərbaycan xalqını həmçinin bütün dünya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.

 

hacishahin.az