XƏBƏRLƏR

"Öz nəfsini qurban kəsə bilmiş insanlar başqaları üçün faydalı olur"

22 Avqust 2018 1048
“Bizim dini mənbələrimizdə, hər bir müsəlmanın ömründə bir dəfə imkan olduğu halda Ərəfə günü, Qurban bayramında Həcc ziyarətində olması vacib buyrulur.  Amma bununla yanaşı Ərəfə günü Kərbəla ziyarətinə getmək də bəyənilən əməllərdəndir. Çünki İmam Hüseyn (ə) Həccini yarımçıq qoyub məhz bu gün Kərbəlaya dğru hərəkət edib. Ona görə də bunu yad etmək üçün Həcc əməli kimi Kərbəlanı da ziyarət etmək tövsiyyə olunan əməllərdəndir. Artıq üçüncü ildir ki, zəvvar qrupu ilə birgə mən özüm də Kərbəla ziyarətində iştirak edirəm.”
 
Bu sözləri FaktXəbər-ə açıqlamasında QMİ-nin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib.
 
QMİ nümayəndəsi bildirib ki, bu il 700 nəfər zəvvar ziyarətə gəlib: “Azərbaycandan bura gələnə kimi müxtəlif ziyarətgahlarda olmuşuq. İranın Məşhəd şəhərində İmam Rzanın (ə) hərəmində də məclis təşkil etdik, şəhidlərimizi, Qarabağımızı andıq. Eyni zamanda burada, Kərbəlada da İmam Hüseynin (ə) müqəddəs hərəmində oxşar məclis təşkil etdik. Bu il gənclərin təşəbbüsü ilə orijinal bir təşəbbüs də həyata keçirildi. Belə ki, şəhidlərimizin fotoları böyük formatda köynəklərin üzərində vuruldu və bur formada ziyarət həyata keçirildi. Bu həm də Azərbaycan şəhidliyinin təbliği idi. Eyni zamanda müqəddəs ziyarətgahlara gələn insanlara Azərbaycan barədə, Qarabğımız barədə, şəhidlərimiz barədə məlumat vermək hər birimizin borcudur və biz bunu qismən də olsa icra etdik.”
 
Qurban bayramı barədə də danışan ilahiyyatçı bildirdi ki, Qurban bayramının mahiyyəti təkcə qoyun kəsməklə bitmir, o, daha dərin fəlsəfəsi köklərə söykənən bir bayramdır: “Bu bayram qoyunla simvolizə edilmir. Qurbanlıq heyvanı kəsib ətini paylaşmaq bu bayramın nişanələrindən, əməllərindən biridir, onun sosial tərəfinə aid olan hissəsidir. Amma o daha dərin fəlsəfi anlama malikdir. Quranda bir ayə var: "Özünü təmizləyən nicat tapdı". Yəni insanın özünü təmizləməsi onun nicat tapmasına səbəb olur. İslamda hər bir bayramın hikməti var. İslam dini hikmətsiz sevinməyi və kədərlənməyi qəbul etmir. Sevincin də,qəmin də fəlsəfi əsası olmalıdır. Bu gün şadlıq günüdür, amma şadlanmaq üçün səbəb insanın özündən azad olmasıdır. Bu gün azadlıq haqqında çox danışılır, amma insanı əsarətə çəkən ən təhlükəli qüvvə insanın özüdür. İnsan öz əsarətindən qurtulmazsa, başqalarına və cəmiyyətə azadlıq bəxş edə bilməz".  
 
Hacı Şahin Həsənli əlavə olaraq bildirib ki, Qurban bayramı insani bir bayramdır, onu bir ümumbəşəri bayram kimi qəbul etmək lazımdır: "Çünki bütün bəşəriyyətin, ümumiyyətlə, insanlığın qənimi onun nəfsani istəkləridir, maddi meylləridir. Dünyada baş verən bütün münaqişələr, ixtilaflar nəfsin cilovlanmamasındandırsa,Qurban bayramı ümumbəşəri dəyərdir. Bəşəriyyət üçün bu gün də aktual olan mövzudur. İnsan öz nəfsinin başını kəsmədikdə aqressiv olur, başqaları üçün təhlükəli olur, insanlarla həmdərd ola bilmir. Yalnız özünə qələbə çalmış, öz nəfsini qurban kəsə bilmiş insanlar başqaları üçün faydalı olur, həm də azad və həyatda zövq alaraq yaşaya bilir. Ona görə də bu bayramı hətta konkret bir dinə, məzhəbə aid etmək düzgün deyil. Bu, ümumbşəri bir bayramdır, lakin onu hələ ki, yalnız müsəlmanlar qeyd edir. Ona görə də, belə günlərdə bu bayramların fəlsəfəsinin dünyaya düzgün çatdırılması çox önəmlidir".

hacishahin.az